İsinmək üçün müqavilə bağla! -“Kaspi”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azəristiliktəchizat” ASC əhali istehlakçı qrupu ilə müqavilələrin
bağlanılmasına başlayıb. Belə ki, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il
tarixli qərarı ilə təsdiq olunmuş “İstilik enerjisindən istifadə qaydaları”nın
1.4-cü bəndinə əsasən istilik və isti su təchizatı xidmətləri enerji təchizatı
müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata
keçirilməlidir. İstehlakçılar zəruri sənədləri – mənzil mülkiyyətçisinin
şəxsiyyət vəsiqəsi və çıxarışın surətini “Azəristiliktəchizat”ın əməkdaşlarına
təqdim etməklə müqavilə bağlaya bilərlər.
“Kaspi”
qəzeti mövzu ilə bağlı araşdırma aparıb.
Açıq qalan suallar
“Azəristiliktəchizat”ın məlumatında qeyd edilən bir məqam xüsusilə diqqət
çəkir: Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə
qeyri-qanuni hesab olunacaq. O zaman sual yaranır – bəs abonent müqavilə
bağlamaq istəmirsə? Ümumiyyətlə, abonentlə müqavilə bağlanılmasında məqsəd
nədir? Bu yenilik sözügedən sahəyə hansı dividendlər verəcək?
Əsas məqam odur ki, “Azəristiliktəchizat” müqaviləni bağlamaq istəməyənlərlə
bağlı hansı alternativ tədbir görüləcəyinə dair heç bir məqama toxunmayıb.
Sirr deyil ki, hazırda Bakı şəhərində istilik təchizatı ilə bağlı əksər
binalarda sistem ümumidir. Yəni bir mənzildə istiliyi kəsmək üçün ən azından
bütöv bir blokun istiliyi kəsilməlidir. Borcu olan, müqavilə imzalamayan
abonentin fərdi qaydada istiliyini kəsmək praktiki olaraq mümkün deyil.
Sakin müqaviləni imzalamasa…
Qaranlıq qalan suallarla bağlı sorğumuzu cavablandıran “Azəristiliktəchizat”
ASC-nin mətbuat xidmətinin rəhbəri Elvin Basqallı bildirdi ki, öz maraqları
daxilində olan müqaviləni imzalamaqdan sonadək imtina edən sakinlərlə bağlı
aidiyyəti üzrə addım atılacaq: “Biz sakinlərin bu müqavilədən imtina edəcəyini
gözləmirik. Amma kimsə hansısa fərdi səbəbdən imzalamaq istəməsə, onun istilik
enerjisindən istifadəsi qeyri-qanuni hesab ediləcək. Bu halda binanın
layihələndirilməsindən asılı olaraq fərdi qaydada həmin abonentin istilik
təchizatını dayandırmaq mümkün olsa, dayandırılacaq. Yox, mümkün olmasa, ən son
halda qurum həmin abonenti məhkəməyə verəcək”.
Bir nəfərə görə hamı cəzalandırılacaq?
E.Basqallı qeyd edib ki, bir nəfər abonentə görə başqa abonentlərin istilik
sisteminin kəsilməsi olmayacaq: “Amma yenə qeyd edirəm ki, bu hallar gözlənilən
deyil. Müqavilədə sakinlərin ziyanına olacaq bir durum yoxdur ki, imzalamaq
istəməsinlər. Ümumilikdə biz 180 mindən çox mənzilə istilik veririk. Müqavilə
bağlanılması prosesinə artıq başlanılıb. Bu proses bir qədər zaman alacaq”.
Bəs ekspert necə düşünür? Bu müqavilədə sakinlərin ziyanına və xeyrinə olacaq
məqamlar hansılardır?
Məqsəd abonent sayını dəqiqləşdirməkdir
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, “Azəristiliktəchizat”
ASC sovet dövründən qalan binalara xidmət göstərir, çox az sayda
yenitikililərdə mərkəzləşmiş istilik sistemindən istifadə edilir: “Əksər
hallarda yeni tikilən binalarda kombi sistemindən istifadə olunur. Köhnə
binalarda istilik təchizatını “Azəristiliktəchizat” ASC həyata keçirir. Keçid
dövründə istilik qurğuları, radiatorlar və hətta boru xətləri sökülüb
atılmışdı. Sonra “Azəristiliktəchizat” ASC yenidən həmin binalara istilik
təchizatını vermək üçün bu problemi aradan qaldırdı. Amma bəzi binalarda bu
istilik boru sistemləri bərpa edilmədi. Buna görə də fərdi qaydada hər bir
mənzil sahibi ilə ayrılıqda müqavilə bağlanılması nəzərdə tutulub.
Müqavilənin məzmunu isə Nazirlər Kabineti tərəfindən müəyyən edilib. Bu
müqavilənin bağlanmasında məqsəd abonentlərin dəqiq siyahısının müəyyən
edilməsidir. Artıq texniki siyahıyaalma prosesi başa çatacaq”.
Müqavilədən imtina müəyyən məsuliyyət yarada bilər
R.Osmanlı qurumla abonentlər arasında bağlanacaq müqavilənin xidmət
keyfiyyətinə təsiri barədə də danışıb: “Bəzən qurumlar bu kimi hallarda
göstərilən xidmət səviyyəsinin, keyfiyyətinin artırılmasından çox, digər
istiqamətlərə diqqət yönəldirlər. Keyfiyyəti artırmaq dedikdə sənədləşmə
keyfiyyətinin deyil, göstərilən xidmətin əsas götürüləcəyinə ümid edirəm.
Müqavilə bağlamaq istəməyən abonentin məcburi qaydada cərimə olunmasından
söhbət gedə bilməz. Xidmət abonentə təklif olunur, vətəndaş da bu xidməti
istəsə alır, istəməsə almır. Yox, əgər vətəndaş göstərilən xidməti alır, lakin
müqavilə bağlamaqdan imtina edirsə, bu halda cərimə nəzərdə tutulur”.