326e122f-ceab-46da-a7c8-422f56f3be7c..jpg

İslam İnqilabından sonra İranda ən qanlı terror: İzlər hara aparır? – TƏHLİL

Baxış sayı: 532 dəfə baxılıb.

İslam İnqilabından sonra İranda ən qanlı terror: İzlər hara aparır? – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SEPAH-ın ən elit qanadı olan Qüds Qüvvələrinin sabiq komandanı Qasım
Süleymaninin ölümünün ildönümündə törədilən iki partlayış terror aktı kimi
tövsif edilir.

Deməli, partlayışlar Süleymaninin ABŞ tərəfindən öldürülməsinin ildönümü ilə
bağlı keçirilən aksiyaya hədəflənib.

Bu hadisə İranda İslam İnqilabından (1979-cu il – red.) sonra ən qanlı terror
aktıdır.

Terrorun hadisənin təşkilatçıları üçün simvolik əhəmiyyəti iki kontekstdə
diqqət çəkə bilər.

Birincisi, düz 4 il əvvəl Süleymani İraqda ABŞ-nin həyata keçirdiyi
aviazərbələr nəticəsində həlak olmuşdu. Süleymaninin anım günündə onun
məzarının yaxınlığında törədilən partlayışlar İrana dörd il əvvəli xatırladaraq
aşağıdakı məqsədləri ifadə edir:

– İranda bu il keçiriləcək parlament və Ekspert Assambleyası seçkiləri fonunda
ölkənin təhlükəsizlik mühitində neqativ tendensiyalar məqsədyönlü şəkildə davam
etdiriləcək;

– İranın beynəlxalq və regional aktorluq sistemindəki qəzəbləndirici
ritorikaları və eskalasiyaları gücləndirəcək hərəkət trayektoriyalarına
zərbələr endiriləcək.

İkincisi, terror hadisəsi İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri
ərəfəsində törədildi ki, bunun da Ankara-Tehran strateji yaxınlaşmasını təmin
edən ideyalarına qarşı qiymətləndirmə yükü ola bilər.

Gələk terrorun ideya müəlliflərinə və onun sonrakı prosesləri hesablayan
dəyərləndirmələrinə.

İran hadisəni terror aktı kimi qiymətləndirir, onun rəqibi ABŞ isə məsuliyyəti
İŞİD-in üzərinə atır. İranın düşmən elan etdiyi İsrail partlayışlara görə
məsuliyyət daşıması üçün heç bir səbəb görmür və ABŞ də Təl-Əvivdən anonim
mənbələrlə mediaya ötürdüyü bu mövqeni dəstəkləyir.

Lakin indiyədək İran rəsmi şəkildə İsraili günahlandırmayıb. Bununla belə,
yüksəksəviyyəli rəsmilər qanlı hadisəyə görə “sərt cavab” vəd ediblər.

Göründüyü kimi məsuliyyət bölgüsündə informasiya fonu yaradılır, lakin
həqiqətən də İranın mürəkkəb siyasi quruluşu, təhlükəsizlik boşluqları və
rəqiblərinin çoxluğu mənzərəsində terrorun əsl səbəbkarlarını müəyyən etmək
çətindir.

Çünki hadisə:

– İranda yaxınlaşan seçkilər səbəbi ilə daxili siyasi-ruhani sistemdə artan
rəqabətin,

– İranın İsrail-HƏMAS müharibəsindəki ikinciyə dəstək üçün aktiv
fəaliyyətlərinin,

– Tehranın Qırmızı dənizdə proksi qüvvəsi olan husilər vasitəsilə ABŞ-yə qarşı
hücumların arxasında dayanmasının kənarında saxlanıla bilməz.

Deməli qanlı hadisə İranın hərbi-siyasi və ruhani elitasındakı seçkiöncəsi
“didişmələrlə” yanaşı, həm də Tehranın xarici siyasət izləri ilə əlaqəli
şəkildə baş vermə ehtimalını gücləndirir.

Hər halda İran son sui-qəsdlərə və terror hücumuna adekvat cavab verməsə, bu,
Tehrana qarşı növbəti zərbələrə səbəb ola bilər.

Terrorun ardından ölkədə tüğyan edən sosial-iqtisadi problemlər də yenidən
gündəmdə ağırlıq təşkil edə və növbəti genişmiqyaslı etiraz dalğası başlana
bilər.

Amma bir versiya da diqqət mərkəzinə gəlir ki, İran regionda İŞİD-in varlığını
əlində əsas tutaraq bölgədəki hərbi-siyasi aktivliyinin çərçivələrini
genişləndirmək şanslarını əlindən buraxan deyil.

Amma bunun İran-İŞİD savaşında terror təşkilatına qarşı çəkindiricilik aktı
yaradıb-yaratmayacağı da tamam başqa bir müzakirə mövzusu olaraq qalır.

Aqşin Kərimov

Source link