9b9c9371-8fce-4c37-b807-3e4620a0b47e..jpg

İslam Rzayevin səsi Tanrının hədiyyəsi idi: Çatmadığı bir arzusu vardı, onu da…

Baxış sayı: 701 dəfə baxılıb.

İslam Rzayevin səsi Tanrının hədiyyəsi idi: Çatmadığı bir arzusu vardı, onu
da…
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir bulağın iki gözü – biri sənsən, biri mən, yar. Bir almanın iki üzü – biri
sənsən, biri mən, yar. Qoşa simin titrəməsi – biri sənsən, biri mən, yar…

Bu ifadan sonra bəstəkar Əhsən Dadaşov və kamança ifaçısı Şəfiqə Eyvazova o
vaxtlar göz yaşlarını saxlaya bilmirlər…

Onun səsi sanki Tanrının Azərbaycan xalqına bir hədiyyəsi idi. Şadyanalıq da,
vətənpərvərlik də, sevgi də, kədər də bu səsdə olduğu kimi özünü büruzə
verirdi. “Səslə sözün mükəmməl vəhdəti” deyəndə İslam Rzayevin bulaq kimi
çağlayan səsi yada düşür. Sənətdə hər cəhətdən bütövləşmiş, püxtələşmiş
sənətkar obrazı yaratmaq hər məşhur xanəndəyə qismət olmayıb. İslam Rzayev bu
cəhətdən hamıdan fərqlənirdi. Sənətkara şöhrət qazandıran əsas məqam isə
özünəməxsus ifa tərzi idi.

Bax bu idi İslam Rzayev fərqi, istedadı, peşəkarlığı…

Publika.az xəbər verir ki, ifa etdiyi xalq və bəstəkar mahnıları, təsnifləri
ilə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutan Xalq artisti, məşhur
xanəndə İslam Rzayevin bu gün anım günüdür.

İslam Rzayev 1934-cü il noyabrın 11-də Füzuli rayonunun Sərdarlı kəndində
dünyaya gəlib. Ailədə iki bacı, bir qardaş olublar. Atası ikinci dünya
müharibəsinə yollanır və bir daha geri qayıtmır. Anası Nabat xanım övladlarına
elə o vaxtdan həm atalıq edir, həm də analıq. Bəlkə də elə bu səbəbdəndir ki,
İslam Rzayevin ana sevgisi bir başqa olub. Özü müsahiblərində həmişə deyərdi
ki, qastrol səfərinə getdiyi bütün ölkələrdə gözü həmişə atasını axtarıb…

Balaca İslamın musiqiyə marağı elə uşaqlıqdan olub. O vaxtlar İslam Əbülfət
Əliyevin ifasında “Tel nazik” mahnısını çox sevirmiş və həmişə də onu zümzümə
edərmiş. Onun səsini, istedadını isə ilk dəfə kəşf edən bibisi Nisə xanım olub.
Bir gün bibisi onun əlindən tutub hər yay Qoçəhmədli kəndinə istirahətə gələn
dövrünün məşhur xanəndəsi Seyid Şuşinskinin yanına aparır.

İslam Rzayev çox sevdiyi “Tel nazik” mahnısından bir ağız oxuyan kimi Seyid
deyir ki, bu uşaq mütləq Bakıya gəlməlidir. Elə həmin ilin payızı Bakıya
yollanan İslam Rzayev 1951-1956-cı illərdə Asəf Zeynallı adına musiqi
texnikumunda təhsil alır. Seyid Şuşinski, Həqiqət Rzayeva, Zülfi Adıgözəlovdan
muğamın sirlərini öyrənir. 1976-cı ildə Dövlət İncəsənət İnstitutunu bitirən
İslam Rzayev elə gənc vaxtlarından öz üzərində işləyərək o böyük sevgini,
hörməti qazana bilir.

İslam Rzayevi digər sənətkarlardan fərqləndirən ən ümdə xüsusiyyət o idi ki,
o, həm xalq mahnılarını, həm muğam dəsgahlarını, həm də bəstəkar mahnılarını
xüsusi məharətlə ifa edirdi. Hətta dövrünün çox məşhur bəstəkarları simfonik
əsərlərin də solo hissəsini ifa etmək üçün İslam Rzayev ifasını uyğun
görürdülər. İslam Rzayevin yaradıcılığında heç bir istiqamət digərinin üzərinə
kölgə salmayıb. “Rast”, “Mahur”, “Zabul-Segah”, “Bayatı-Kürd” muğamlarını lentə
yazdıran sənətkar ən çox “Çahargah”ı sevib və buna görə də, 3 dəfə bu muğamı
dəsgah şəklində lentə yazdırıb.

Səhnə mədəniyyəti çox yüksək səviyyədə olan İslam Rzayev söz seçiminə də
xüsusi diqqət yetirib. Əliağa Vahidlə dostluq əlaqələri olan İslam Rzayev
xatirələrində qeyd edir ki, “Vahidin elə qəzəlləri var ki, heç yerdə çap
olunmayıb, şəxsən özü mənə təqdim edib, oxumuşam və bu gün də mənim
arxivimdədir”. İslam Rzayev həmişə fəxrlə qeyd edirdi ki, Hacı Mailin ilk dəfə
qəzəlini mən ifa eləmişəm. İslam Rzayevin ifalarında eşidilən qəzəllərin,
şeirlərin əksəriyyətinə digər xanəndələrin ifasında rast gəlinmir. Müasirlərlə
yanaşı, klassiklərin də qəzəllərinə müraciət edən xanəndə ifa zamanı sözləri
olduqca aydın tələffüz edirdi. Elə ifa idi ki, oxunanları asanlıqla vərəqə
köçürmək mümkün olurdu.

İslam Rzayevin püxtələşməyində fəaliyyət göstərdiyi ansamblların rolu çox
böyükdür. Əhməd Bakıxanovun ansamblı ilə bir neçə mahnını lentə yazdırsa da,
əsasən, Əliağa Quliyevin və Əhsən Dadaşovun ansamblı ilə şöhrət qazanıb. İslam
Rzayevin səs yazılarının çoxu bu iki ansamblla tarixin yaddaşına köçüb. Bir
həqiqət də var ki, İslam Rzayevlə Əhsən Dadaşovun işbirliyi elə bir qeyri-adi
möhtəşəmlik yaradıb ki, bunu sözlə ifadə etmək mümkünsüzdür. Əhsən Dadaşovun
rəhbərlik etdiyi “Xatirə” ansamblı tək İslam Rzayevi yox, dövrünün əksər məşhur
xanəndələrini yüksək səviyyədə püxtələşdirmişdi. Əhsən müəllimin müstəsna
xidməti ilə “Məhəbbət nəğmələri”, “Biri sənsən, biri mən” adlı mahnılar öz
dövründə yaxşı mənada çox böyük səs-küyə səbəb olub və bu gün də o mahnılara
maraq, sevgi və müraciət elə ilk gündə olduğu kimidir.

Dünyanın yarıdan çoxunu sənəti, ansamblı ilə gəzib, Azərbaycan musiqisini
layiqincə təbliğ edib ustad xanəndə. Türkiyə, Rusiya, Hindistan, Əlcəzair,
İran, İraq, Fransa, İngiltərə, Kolumbiya, İsrail, Kuba, Peru, Yaponiya və digər
ölkələrdə Azərbaycan dilini bilməyən əcnəbilər də bu səsin qarşısında
dəqiqələrlə alqışlarını davam etdirib. Hətta Bakıda Muğam Teatrının yaranması
da xarici səfərlərin biri ilə bağlıdır. İslam Rzayev Bağdadda olarkən onu
Bağdad Muğam Teatrına aparırlar. Orada “Şur” oxuyan xanəndə yarıya qədər oxuyub
dayanır. İslam Rzayev tez iradını bildirərək hələ 5 guşənin oxunmadığını deyir.
Bağdad xanəndələri təəccüblənərək bu 5 guşəni İslam Rzayevin ifasında
dinləyirlər və xahiş edirlər ki, Bağdadda qalıb onlara bütün muğamları
öyrətsin. İslam Rzayev bunun mümkün olmadığını deyib vətənə qayıdır. Gələn kimi
Ramiz Mirişli və Arif Qazıyevlə görüşərək bu təşəbbüsü irəli sürür, 1989-cu
ildə Bakıda Muğam Teatrı yaradılır və İslam Rzayev ömrünün sonuna qədər Muğam
Teatrının bədii rəhbəri vəzifəsində çalışır.

O, Fikrət Əmirov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Ramiz Mirişli,
Ramiz Mustafayev, Tofiq Quliyev, Adil Bəbirov, Ələkbər Tağıyev, Elza
İbrahimova, Ağabacı Rzayeva və digər görkəmli bəstəkarların bir çox
mahnılarının ilk ifaçısıdır. Bəstəkarların İslam Rzayev sənətinə rəğbəti də
əbəs yerə deyildi. Çünki İslam Rzayev bəstəkarın mahnıda qoyduğu bütün
tələblərə cavab verməyə qadir sənətkar idi. Həm geniş səs diapazonu, həm səsdə
olan zəngin xırdalıqlar, həm də çox yüksək qavrama qabiliyyəti imkan verirdi
ki, İslam Rzayev mahnını möhtəşəm əsər kimi ifa edə bilsin.

İslam Rzayev həm də çox böyük pedaqoq idi. Onun yetişdirdiyi tələbələr bu gün
Azərbaycan incəsənətinin ən məşhur, sayılıb-seçilən nümayəndələridirlər. İstər
Bülbül adına orta ixtisas musiqi məktəbində, istərsə də, Dövlət Mədəniyyət və
İncəsənət Universitetində fəaliyyəti zamanı İslam Rzayev gənclərə düzgün
şəkildə muğamın sirlərini öyrətməklə yanaşı, hamısını öz ansamblına dəvət edir,
təhsildən sonrakı illərdə də püxtələşmələrinə hər zaman şərait yaradıb.

Əhatəli və çoxşaxəli yaradıcılığı ilə seçilən İslam Rzayev geniş diapazonlu,
məlahətli və zəngin çalarlı ecazkar səs tembrinə malik sənətkar idi. Onun böyük
məharətlə ifa etdiyi muğamlar milli muğam sənətinin qızıl fondunda bu günə kimi
qorunub saxlanılır, özünəməxsus yer tutur. İslam Rzayev Azərbaycan musiqi
sənətində öz yeri olan sənətkardır. Və bu həqiqət zaman keçdikcə daha aydın
hiss olunmağa başlayır…

Azərbaycan musiqi sənəti sahəsindəki nailiyyətlərinə görə İslam Rzayev bir
sıra mükafatlara layiq görülüb O, müstəqil Azərbaycan Respublikasının ali
mükafatı olan “Şöhrət” ordeni ilə elə sağlığında təltif edilib.

İslam Rzayev 2008-ci il yanvarın 26-da vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Çatmadığı bir arzusu var idi… Ömrünün son günlərində tez-tez deyirmiş ki,
mənim Füzulidəki evimi bərpa edərsiniz…

Müzəffər Ordumuz onun evini azad etdi. İndi Qarabağımız da, Şuşamız da
azaddır. Füzuli işğaldan azad olunanda istedadlı xanəndə Eldəniz Məmmədov gedib
İslam Rzayevin evinin düz yanında “Yenilməz batalyon” mahnısını da ifa etdi.
Ruhu o səsi eşidib rahatlıq tapdı, güman ki… Axı azad torpaqlar onun ən böyük
arzusu idi… Evi də bərpa olunar, inşallah.

Source link