İsmayıllı ilə Fransanın bir şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq
Xartiyası qüvvədən düşüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan
Şura İsmayıllı şəhəri ilə Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və
Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“2015-ci ilin may ayında İsmayıllıda Azərbaycan Respublikasının İsmayıllı
şəhəri və Fransa Respublikasının Evian-Le Ba şəhəri arasında Dostluq və
Əməkdaşlıq Xartiyası imzalanıb.
Həmin dövrdə xartiyanın imzalanmasının məqsədi iki şəhər arasında dostluq
əlaqələrini inkişaf etdirmək, mədəniyyət, turizm və iqtisadiyyat sahələrində
ikitərəfli əlaqələrə töhfələr verməkdən ibarət olub. Hətta bu istiqamətdə
praktiki addımlar atılmış, tərəflər arasında qarşılıqlı səfərlər baş tutmuşdur.
Əməkdaşlığın davamı kimi 2017-ci ildə Evian şəhərdə “Azərbaycan bağı”nın və
parkda “Dostluq” bulağının, eləcə də görkəmli Azərbaycan şairi Xurşidbanu
Natəvanın heykəlinin açılış mərasimi keçirilib.
Eyni zamanda, İsmayıllı şəhər mərkəzi parkında “Azərbaycan-Fransa dostluq
parkı” lövhəsi yerləşdirilib.
İsmayıllının qədim yaşayış məskənlərindən biri olması və çoxlu xarici turistin
diqqətini çəkməsi, həmçinin rayondakı Lahıc misgərlik sənətinin UNESCO-nun
Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi
şəhərlərarası əməkdaşlıq üçün əlavə stimul yaradıb.
“Qardaşlaşmış şəhərlər” ideyasının fərqli xalqların mədəniyyətinə xidmət
etməsi və müxtəlif millətlərdən olan insanlar arasında körpülər yaratması, o
cümlədən bu konsepsiyanın siyasətdən kənar olmasına baxmayaraq, təəssüf ki,
Fransa tərəfi bu məsələni siyasiləşdirib, Vətən müharibəsindən sonra
Ermənistana dəstək əlaməti kimi şəhərlərarası təmasları dayandırıb.
2023-cü il dekabrın 18-də Evian şəhər bələdiyyə şurasının iclasında ölkəmizə
qarşı əsassız ittihamlar səsləndirilib, Ermənistana dəstək ifadə olunub.
Həmçinin şəhər meri “Azərbaycan Bağı” qeyd edilən yazıların hamısının
silindiyini elan edib.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi Şuranın üzvləri Evian
şəhər bələdiyyə şurasının məlum iclasında ölkəmizə qarşı səsləndirilən qərəzli
və qeyri-obyektiv fikirləri qətiyyətlə rədd edib və “Azərbaycan Bağı” ilə bağlı
qərarı pisləyib.
Fransanın ölkəmizə qarşı bütün platformalarda apardığı anti-Azərbaycan
siyasətinə və Evian şəhər bələdiyyə şurasının “Azərbaycan Bağı” qeyd edilən
yazıların silinməsi ilə bağlı qərarına etiraz əlaməti olaraq, İsmayıllı şəhəri
və Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyası
26.12.2023 tarixindən qüvvədən düşmüş hesab edilsin.
Həmçinin İsmayıllı şəhər mərkəzi parkı tanınmış Azərbaycan şairi Xurşidbanu
Natəvanın adını daşısın”.