İsmayıllı sakinini öldürüb meyitini yandırmaqda təqsirləndirilən şəxslərə hökm
oxunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsmayıllı sakinini öldürüb meyitini yandırmaqda təqsirləndirilən Elvin Əliyev
və Ümidvar İbişova hökm oxunub.
“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmlə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən
toplanılmaqla Ümidvar İbişov 17 il 6 ay, Elvin Əliyev isə 17 il 9 ay 15 gün
müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, prokuror Orxan Kəngərli məhkəmədən hər iki təqsirləndirilən
şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, 28 mart 2020-ci il tarixdə İsmayıllı rayonu ərazisində naməlum
insan skeletinin aşkar edilməsi faktına görə İsmayıllı Rayon Prokurorluğunda
Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa
da, meyitin şəxsiyyətinin və cinayəti törətmiş şəxsin (şəxslərin) müəyyən
edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Lakin sonradan cinayət işi Baş Prokurorluqda öyrənilib və iş üzrə icraatın
dayandırılması haqqında qərar ləğv edilməklə istintaqın davam etdirilməsi
Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.
Aparılan istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri nəticəsində
aşkar edilən naməlum insan skeletinin 1978-ci il təvəllüdlü Rəşad Məmmədova
məxsus olması müəyyən olunub.
Həmçinin, müəyyən edilib ki, 2020-ci ilin mart ayında Ümidvar İbişov və Elvin
Əliyev şəxsi münasibətlər zəminində tanışları Rəşad Məmmədovu öldürmək barədə
qabaqcadan razılığa gələrək sonuncunu narkotik asılılıqdan müalicə almaq üçün
tibb müəssisəsinə yerləşdirmək adı ilə Elvin Əliyevin istifadəsində olan
“Hyundai” markalı avtomobilə əyləşdirib Bakı şəhəri, Qaradağ rayonu ərazisindən
Yasamal rayonu istiqamətində hərəkətdə olarkən kəmərlə boğaraq qəsdən
öldürdükdən sonra cinayətin izini gizlətmək məqsədilə sonuncunun meyitini
İsmayıllı rayonunun Tubu kəndinə apararaq orada yandırıblar.
Toplanan sübutlar əsasında Ümidvar İbişov və Elvin Əliyevə Cinayət
Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam
öldürmə) maddəsi ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri
seçilib.