İsmayıllıda arxeoloji əhəmiyyətli ərazidə qanunsuz qazıntı işləri aparılıb –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsmayıllı rayonunun Lahıc qəsəbəsinə yaxın ərazidə, Niyal dağının zirvəsindən
təxminən 5-6 kilometr Şərqə doğru, Mücü kəndi istiqamətində dağın zirvəsində
arxeoloji əhəmiyyət daşıyan ərazidə qanunsuz qazıntı işlərinin aparıldığı aşkar
olunub.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və
Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşları
əraziyə baxış keçirən zaman geniş şəkildə qanunsuz qazıntı işlərinin aparıldığı
müəyyən olunub.
Qazıntı işləri nəticəsində abidələrin siyahısına daxil olmayan və hələlik
tarixi haqqında dəqiq məlumatın olmadığı, yonulmuş daşlardan inşa olunmuş
tikinti qalıqlarının üstü açılıb. Qazıntı nəticəsində ərazidə saxsı qab
fraqmentləri, su boruları və digər artefaktlar üzə çıxarılıb. Ərazinin yüksək
dağlıq relyefini nəzərə alaraq qanunsuz qazıntı işlərinin uzun müddət
aparıldığını güman etmək olar:
“Geniş tədqiqat işlərinin aparılmasına ehtiyac olan ərazi öyrənilməsi və
qorunması üçün Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb.
Yol verilmiş qanunsuz hərəkətlərlə bağlı müvafiq tədbirlər görüləcək”.