İsmayıllı rayonunun bir neçə kəndində yaşayan valideynlər övladlarının təhsil
hüququnun pozulması ilə bağlı ciddi narahatlıq keçirirlər. Belə ki, rayonun II
Yeniyol, Tircan (ferma), Zərgəran və Pirəbilqasım kəndlərində məktəbə aparan
maşının olmaması səbəbindən 52 şagird artıq 11 gündür ki, dərslərdən yayınmağa
məcburdur.
Bu barədə Cixisyolu.com-a sakinlər müraicət edib.
Qeyd olunub ki, artıq 11 gündür ki, 52 uşaq məktəbdən qalır, tədrisdən yayınır.
“Biz dörd kəndin – II Yeniyol, Tircan (ferma), Zərgəran, Pirəbilqasım
kəndlərinin sakinləri sizə müraciət edirik. Bizim kəndlərdə məktəb olmadığına
görə 52 uşağı qonşu kəndə aparmaq üçün bizə maşın vermişdilər. Sentyabr ayında
uşaqları dörd sürücü Təzəkənd məktəbinə aparıb. Oktyabrın 1-dən məktəblilərin
daşınması dayandırılıb. Əvvəl bizə deyidilər ki, oktyabr ayı ərzində düzələcək.
Amma dünən valideynlər Regional idarəyə gediblər və deyiblər ki, yox, daha
daşınma olmayacaq”, – deyə müraciətdə bildirilib.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Dağlıq Şirvan Regional Təhsil
İdarəsinə sorğu ünvanladıq.
İdarənin İctimaiyyətlə əlaqəli məsul şəxsi Anar Osmanov Cixisyolu.com-a açıqlamasında
bildirib ki, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət
göstərən bir sıra ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinin
yüksəldilməsi və şagirdlər üçün daha geniş imkanların təmin edilməsi məqsədilə
optimallaşdırma (məktəblərin birləşdirilməsi) tədbirləri həyata keçirilir.
İsmayıllı rayonunun II Yeniyol, Tircan (ferma), Zərgəran, Pirəbilqasım
kəndlərində say azlığı səbəbindən şagirdlər İsmayıllı rayonunun Təzəkənd kənd
tam orta məktəbinə köçürülüblər.
52 məktəblinin ötən tədris ilində ayrılmış nəqliyyat vasitəsilə Təzəkənd kənd
tam orta məktəbinə daşınması təmin edilib.
Bu proses yeni tədris ilində oktyabrın 1-dək davam edib və daşıyıcı şirkətlə
müqaviləyə xitam verilib. Hazırda şagirdlərin daşınmasını həyata keçirmək üçün
şirkətlərlə aparılan danışıqlar davam etdirilir. Prosesin yaxın günlərdə bərpa
ediləcəyi nəzərdə tutulub”, – deyə A.Osmanov vurğulayıb.
Əzizə İsmayılova