c82ed49e-f224-43ab-b959-24b8c8f63e2e.jpg

İspaniyada müsabiqədə birincilik qazanan gənclər: “Azərbaycan musiqisinin gücünü göstərdik”

Baxış sayı: 134 dəfə baxılıb.

“Fiestalonia Mileno” müsabiqəsi hər il dünyanın müxtəlif ölkələrindən
istedadlı sənətçiləri bir araya gətirən beynəlxalq bir yarışdır. Bu müsabiqə
musiqi, rəqs və digər performans sənətləri sahəsində müxtəlif kateqoriyalarda
yarışlar təşkil edir. Hər müsabiqə yüksək peşəkarlığa malik münsiflər heyəti
tərəfindən qiymətləndirilir. Bu il İspaniyanın Barselona şəhərində keçirilən
“Fiestalonia Mileno” müsabiqəsində azərbaycanlı ifaçılar Mehdi Rzayev və Anar
Vəlizadə Azərbaycan musiqisini təmsil edərək birincilik qazanıblar.

Səhnə adı “KARAN” olan Mehdi Rzayev öz bəstəsi olan əsərini pianoda uğurla ifa
edərək solo kateqoriyada birinci yerə layiq görülüb. Anar Vəlizadə isə “Eastern
Breeze” adlı öz bəstəsini “KARAN” ilə birlikdə “Madness Music Group” adı
altında ifa edərək qrup kateqoriyasında birinci yer nominasiyasına layiq
görülüb. Bu uğurlu çıxışları nəticəsində “KARAN” və Anar həm kubok, həm də
İspaniya Krallığının şəxsi möhürü ilə təsdiqlənmiş diplomlarla təltif ediliblər.

“Report” yarışda uğur qazanan gənclərlə müsahibəni təqdim edir:

– Zəhmət olmasa, özünüzü təqdim edin.

Mehdi: “Mən caz pianoçusu və elektro musiqiçi Mehdi Rzayevəm. Səhnə adım
“KARAN”dır. Masallı rayonunda musiqiçi ailəsində anadan olmuşam. Yeddiillik
musiqi məktəbini bitirib daha sonra Lənkəran Dövlət Humanitar Kollecinin musiqi
şöbəsinə fortepiano fakültəsinə daxil olmuşam”.

Anar: “Mənim adım isə Anar Vəlizadədir. Azərbaycan Milli Konservatoriyasının
bakalavr və magistratura pilləsini bitirmişəm. Təhsil sahəsində öz inkişafımı
musiqi ilə bağlı davam etdirmişəm. Musiqiyə olan həvəsim, xüsusi olaraq
Azərbaycan musiqi aləti olan balabanda ifa etməyə yönəlib. Ənənəvi musiqi
alətlərimizdən biri olan balabanda ifa etməyi dünyaya tanıtmaq və onu
təkmilləşdirmək arzusu ilə öyrəndim”.

– Bu peşəyə olan marağınız necə yaranıb?

Mehdi: “Musiqiyə və ifaçılığa olan marağım kiçik yaşlarımdan yaranıb. Musiqi
hər zaman mənim üçün bir ifadə vasitəsi olub, insanların duyğularına toxunmaq
və fərqli bir dünya yaratmaq üçün güclü bir yoldur. Bu sənətə marağım illər
keçdikcə daha da artdı və bu gün professional musiqiçi olaraq fəaliyyət
göstərmək qərarına gəldim”.

Anar: “Musiqiyə olan marağım lap uşaqlıq illərimdən formalaşmağa başlayıb.
Əvvəlcə nağaraya böyük həvəsim var idi və bu alətdə 9 il ifa etdim. Sonralar
isə seçimimi balaban üzərində cəmləyərək, bu alətlə öz yolumu davam etdirdim.
Balabanın səsi məndə dərin, xüsusi hisslər oyadırdı, bu alətdə özümü ifadə
etmək istəyirdim. Balabanın Azərbaycan mədəniyyətindəki yerini və dərin
emosional çalarlarını daha çox insana çatdırmaq arzusu məni bu sahədə daha da
irəliyə getməyə ruhlandırdı”.

– Bu günə qədər hansı müsabiqələrdə iştirak etmisiniz?

Mehdi: “İndiyə qədər bir çox beynəlxalq və yerli müsabiqələrdə iştirak
etmişəm. Onların hər biri mənim üçün böyük təcrübə və öyrənmə imkanı yaradıb.
Sonuncu dəfə Amerikada keçirilən “Djooky Music Awards”da iştirak etdim və 120
ölkə arasında caz və bluz janrında qalib gəldim. Bu uğur mənim üçün həm böyük
şərəfdu”.

Anar: “2018-ci ildən bir çox yerli və beynəlxalq müsabiqələrdə iştirak edərək
birinci yerə layiq görülmüşəm. 2018-ci ildə İtaliya və Azərbaycanın birgə
layihəsi olan “Testene Art Baku” müsabiqəsində də birinci oldum. ABŞ-nin
Nyu-York şəhərindəki “Karnegi Holl”da keçirilən “International Music Talent
Competition Fall-2018” və “World Harmony” musiqi yarışlarında “1-ci yer”ə layiq
görülərək diplom və medalla təltif olunmuşam. Şuşada keçirilən Bülbülün 125
illiyinə həsr olunmuş “Milli Musiqi İfaçılarının Respublika Müsabiqəsi”ndə
qalib oldum və bu, qürurverici idi. Bu müsabiqələrdəki uğurlarım mənim üçün
yalnız şəxsi nailiyyət deyil, eyni zamanda Azərbaycan musiqisinin beynəlxalq
səviyyədə tanıdılması baxımından da önəmlidir. Müxtəlif yerli və beynəlxalq
müsabiqələrdə balaban ifası ilə çıxış edərək, Azərbaycan musiqisinin təmsilçisi
kimi uğurlar əldə etmişəm, bu da mənim üçün böyük qürur mənbəyidir”.

– Sonuncu dəfə qalib olduğunuz müsabiqə barədə məlumat verərdiniz?

Mehdi: “Sonuncu dəfə bir neçə gün əvvəl İspaniyanın Barselona şəhərində
keçirilən müsabiqədə həm solo ifa, həm də dostum Anar Vəlizadə ilə etdiyim qrup
ifası ilə qalib olduq. “Fiestalonia Mileno” müsabiqəsi hər il dünyanın müxtəlif
ölkələrindən istedadlı sənətçiləri bir araya gətirən beynəlxalq bir yarışdır.
Bu müsabiqə musiqi, rəqs və digər performans sənətləri sahəsində müxtəlif
kateqoriyalarda yarışlar təşkil edir. Hər müsabiqə yüksək peşəkarlığa malik
münsiflər heyəti tərəfindən qiymətləndirilir. “Fiestalonia Mileno”
iştirakçılara beynəlxalq səviyyədə tanınmaq və musiqi dünyasında özlərini sübut
etmək imkanı yaradır. Müsabiqə, həmçinin mədəniyyətlərarası əlaqələri
gücləndirmək və musiqi vasitəsilə ölkələr arasındakı dostluğu təşviq etmək
məqsədini daşıyır. Biz də Anarla bu müsabiqəyə qatılmaq qərarına gəldik. Mən öz
bəstəm olan “A Waltz” ilə yanaşı, məşhur amerikalı caz pianoçusu “Chick
Corea”nın “Got a Match?” əsərini pianoda ifa etdim və solo kateqoriyada birinci
yerə layiq görüldüm”.

Anar: “İspaniyada keçirilən möhtəşəm musiqi yarışında dostum “KARAN” ilə
birlikdə balaban və pianino ifalarımızla birinciliyi qazanmaq şərəfinə nail
olduq. 15 ölkənin, o cümlədən Ermənistanın 8 ifaçısının iştirak etdiyi bu
yarışmada qələbə qazanmaq bizim üçün böyük bir uğurdur! Azərbaycan bayrağını
dalğalandırıb və balabanı da möhtəşəm səhnələrdə səsləndirməyə davam edəcəyik.
Bu yarış mənim üçün xüsusi bir əhəmiyyət daşıyır, çünki həm şəxsi, həm də milli
musiqimizi tanıtmaq imkanı yaratdı”.

– Azərbaycanı təmsil edərək qalib olmaq necə hissdir?

Mehdi: “Azərbaycanı təmsil edərək qalib olmaq möhtəşəm bir hissdir. Orada
özümüzü sanki çiyin-çiyinə mübarizə aparan əsgərlər kimi hiss edirdik.
Vətənimizin adını yüksəltmək və öz mədəniyyətimizi dünya səhnəsinə çıxarmaq
qürurvericidir. Yarışda ermənilər də iştirak edirdilər. Səhnəyə çıxarkən sanki
bir döyüş meydanında idik. Buna baxmayaraq, erməni iştirakçılardan gələn
aqressiv təzyiqlər bizə təsir göstərmədi. Əksinə, səhnədə əsl mübarizənin nə
olduğunu nümayiş etdirdik və Azərbaycan musiqisinin gücünü göstərdik”.

Anar: “Azərbaycanı təmsil edərək qalib olmaq böyük fəxr və qürur hissi
yaradır. Bu, mənim üçün təkcə şəxsi qələbə deyil, eyni zamanda, Azərbaycan
mədəniyyətini və musiqisini dünya səhnəsində təqdim etmək üçün bir imkandır.
Hər ifada ölkəmin ruhunu və ənənələrini çatdırmağa çalışıram və belə uğurlar
məni daha böyük məqsədlər üçün ruhlandırır”.

Source link