d618a97e-79b7-47f8-b1b5-66821be5fae2..jpg

İspaniyanın keçmiş XİN rəhbəri: “Azərbaycan dünya gücləri arasında razılaşma əldə edə biləcək”

Baxış sayı: 757 dəfə baxılıb.

İspaniyanın keçmiş XİN rəhbəri: “Azərbaycan dünya gücləri arasında razılaşma
əldə edə biləcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyası (COP29) zamanı Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə və
CO2 emissiyalarının azaldılması üzrə praktiki təşəbbüslər təqdim edəcəyi
gözlənilir. Ölkə müxtəlif nöqteyi-nəzərdən, fərqli ehtiyaclara malik tərəflər
arasında razılaşma əldə etmək üçün unikal vəziyyətdədir”.

Bunu “Report”a açıqlamasında İspaniyanın keçmiş xarici işlər naziri Ana
Palasio deyib.

“XI Qlobal Bakı Forumunun əhəmiyyəti iki əsas aspektdən ibarətdir. Bunlardan
birincisi Azərbaycanın müxtəlif mədəniyyətlərin qovşağında yerləşən coğrafi
mövqeyidir. İkincisi, qarşıdan gələn COP29 konfransıdır ki, burada
Azərbaycandan iqlim dəyişikliyi ilə mübarizə və CO2 emissiyalarını azaltmaq
üçün praktiki təşəbbüslər gözlənilir”, – deyə o bildirib.

COP29-a hazırlıq barədə danışan A.Palasio qeyd edib ki, Azərbaycan ənənəvi
enerji resurslarının istehsalçısı kimi həmişə praqmatik, məqsədyönlü siyasət
həyata keçirib, həmçinin alternativ, daha çox keçid dövrü üçün əlverişli
təşəbbüslərin önündə olub.

O vurğulayıb ki, Azərbaycan sağlam düşüncə, eləcə də fərqli baxışlı tərəfləri
bir araya gətirə bilər, çünki iqlim dəyişikliyi ilə mübarizə məsələsində fərqli
baxışlar, müxtəlif ehtiyaclar var:

“Çox vacibdir ki, Azərbaycan həm əhali, həm də iqtisadiyyat nöqteyi-nəzərindən
artan, enerjiyə ehtiyacı olan Avropa İttifaqı, ABŞ, Çin və inkişaf etməkdə olan
cəmiyyətlər arasında müxtəlif fikirləri bir araya gətirə və razılığa gələ
bilsin. Başa düşməliyik ki, Afrikada, Saharanın cənubunda söhbət enerji
keçidindən deyil, enerjiyə çıxışdan gedir. Orada 10-15 faiz elektrikləşdirilmiş
ölkələr var”.

A.Palasionun sözlərinə görə, bunlar Azərbaycana bütün bu mövqeləri çatdırmaq
və irəliyə doğru yollar tapmaq üçün çox yaxşı imkanlar verir:

“Bu addımlar ideal olmaya bilər, lakin onlar praktiki və düzgün istiqamətdə
olacaq”.

Source link