İsraildə öldürülən HƏMAS üzvlərinə dair tapıntılar işğalla bağlı fikirləri
kökündən dəyişir
Oktyabrın 7-də Qəzza zolağından İsrailə daxil olan radikal Fələstinin HƏMAS
hərəkatının üzvlərində hücum zamanı şəhərlərin və hərbi bazaların dəqiq
xəritələri, həmçinin İsrail zirehli texnikasının zəif yerləri haqqında ətraflı
məlumatlar olub.
Bu barədə “The Wall Street Journal” öldürülən yaraqlıların əşyalarından
tapılan sənədlərə istinadən xəbər verir.
Qrup üzvlərinin üzərində ərəb dilində yazılmış ətraflı təlimatlar olub. Bu,
hücumun yüksək səviyyədə planlaşdırılmasından, eləcə də HƏMAS-ın kəşfiyyat
məlumatları toplamasının ciddi miqyasından xəbər verir.
“Onlar nəyi hədəf alacaqlarını dəqiq bilirdilər”, – deyə İsrailin keçmiş
kəşfiyyat rəsmisi Maykl Milşteyn bildirib və izah edib ki, daha əvvəl HƏMAS-ın
heç bir hücumunda bu səviyyədə planlaşdırma olmayıb.
15 iyun tarixli “tam məxfi” qeydi olan sənədlərdən birində Mefalsim kibbutzuna
daxil olmaq planı olub. O, 14 səhifədən ibarətdir və içində aerofotoşəkillər və
xəritə var. Həmçinin bu sənəddə ərazidə könüllü təhlükəsizlik qüvvələri
tərəfindən qorunan təxminən min mülki vətəndaşın yaşadığına dair məlumatlar
var. Fayla əsasən, “Y gününün S saatında” beş nəfərdən ibarət iki qrup və bir
komandir əməliyyat keçirməli, həmçinin danışıqlar üçün girovlar götürülməli
idi. Onların hesablamalarına görə, Mefalsim yaxınlığında yerləşən İsrail
hərbçiləri 3-5 dəqiqəyə buraya çata biləcəkdilər. Oktyabrın 7-də HƏMAS üzvləri
həqiqətən də Mefalsimə hücum ediblər.