Ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə yeni gərginlik mərhələsinə
qədəm qoyan İran-İsrail münasibətləri əhatə dairəsini sürətlə
genişləndirməkdədir. Belə ki, İsrailin daha çox İranın proksi qüvvələrini
hədəfə alması fonunda İranın birbaşa İsrail ərazilərinə müxtəlif aralıqlarla
zərbələr endirməsi gərginliyi ən yüksək həddə çatdırıb. Ötən gecə isə İsrail
İrana hava hücumuna başlayıb. Hücum zamanı Tehran hava limanı da daxil olmaqla,
digər vilayətlərdə də partlayışlar qeydə alınıb. İsrail Müdafiə Qüvvələri (IDF)
bunun səbəbini İranın davamlı hücumlarına cavab olaraq əsaslandırıb. Ən əsası
isə İran tərəfi də cavab vermək hüququnu özündə saxladığını bəyan edib və
İsrailə 1 000-ə qədər ballistik raket buraxmağı və bölgədə İranın dəstəklədiyi
qrupların iştirakı ilə hücumları gücləndirməyi istisna etməyib. Bəs bu gedişat
nə vəd edir? İranla İsrail arasında genişmiqyaslı müharibə baş verə bilərmi?
Mövzunu Cixisyolu.com-a dəyərləndirən siyasi şərhçi Turab Rzayev deyib ki, İsrailin
İrana hücumunu iki cür başa düşmək olar:
“Birincisi, İsrail İrana göz dağı verdi ki, zərurət olduğu təqdirdə ABŞ və
Böyük Britaniya da daxil olmaqla digər ölkələri nəzərə almadan İrana birbaşa
zərbə endirmək iqtidarındadır. Bununla isə İsrail, əslində, İranı onu birbaşa
hədəf seçməsindən çəkindirir. Eyni zamanda, nəzərə alsaq ki, İsrail bu hücumla
İranın strateji olaraq iqtisadi sahələrini, hərbi sənayesini, xüsusən də nüvə
mərkəzlərini hədəf almayıb və daha az əhəmiyyətli obyektlər hədəf seçilib, bu
da ondan xəbər verir ki, bu məsələdə ABŞ və Böyük Britaniyanın mövqeyi nəzərə
alınıb və İranla genişmiqyaslı eskalasiyaya getmək arzu edilməyib”.
“İsrailin digər mesajı isə ondan ibarətdir ki, yenə də İranın proksi
qüvvələrinə – husilərə, “Hizbullah”a, HƏMAS-a zərbələr endirəcək, Suriya və
İraqdakı İran ordularına hücumlar davam edəcək, İran isə bunun əvəzində İsrailə
birbaşa hücum etməməlidir. Nəzərə almaq lazımdır ki, İran da İsraillə
uzunmüddətli münaqişədən çəkinir, ona görə də İran ordusu İsrailə dərhal cavab
zərbələri endirmədi. Ancaq bu, İsrailin bundan sonra İranın proksi qüvvələrini
hədəf seçməyəcəyi anlamına gəlmir. İsrail bu istiqamətdəki mövqeyini davam
etdirəcək”, – Rzayev deyib.
Onun sözlərinə görə, İsrail bununla İranın nəbzini yoxlayıb:
“Bu günə qədər İsrailin İran daxilində sui-qəsdlərdə əli olduğu, iranlı
alimlərin, dövlət rəsmilərinin, xaricdəki İran generallarının və ya iranpərəst
qruplaşmaların məhvi ilə bağlı təcrübəsi çox idi, amma ilk dəfə birbaşa İran
ərazisinə zərbələr endirildi. Necə ki, İsrail İrana zərbələr endirməklə
İsrailin təhlükəsizlik mifini pozmuşdu, İsrail də İranın təhlükəsizlik mifini
pozdu. Bundan sonra da ola bilsin ki, zərbəyə gələn reaksiyalar, xüsusən də ABŞ
və Britaniyanın reaksiyalarına əsasən İsrail növbəti mərhələdə daha sərt və
böyük zərbə endirə bilər. Ona görə də bu, başlanğıc mərhələ kimi görünə bilər”.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə Cixisyolu.com-a açıqlamasında bildirib ki,
Yaxın Şərqdə hərbi vəziyyətin İsrail-İran müharibəsi fonunda daha da genişlənmə
təhlükəsi var:
“Bu hücum İranın oktyabrın 1-də İsrailə etdiyi raket hücumuna cavabdır. Bu
hücuma isə ABŞ razılıq verib. Çünki prezident seçkisindən öncə yəhudi
lobbisinin və icmasının dəstəyini almaq ABŞ administrasiyası üçün mühüm
əhəmiyyətə malikdir. Çünki Co Baydenlə Benyamin Netanyahu arasında soyuq
münasibətlər hökm sürür. Bu hücuma Vaşinqton icazə verməsəydi, administrasiya
seçkidə yəhudi icmasının dəstəyini ala bilməzdi”.
“Digər tərəfdən, hücumdan İranın da xəbəri olub. Həmçinin, ölkənin əsas neft
obyektlərinə və nüvə mərkəzinə zərbə endirilməyib. Havadan müdafiə sistemləri
və hərbi bazalar hədəfə alınıb. ABŞ İrana xəbərdarlıq edib ki, cavab zərbəsi
olmamalıdır. İran da eskalasiyanın genişləndirilməsində maraqlı deyil. İran
bilir ki, növbəti hücum geniş eskalasiyaya gətirib çıxaracaq”, – şərhçi deyib.
Onun sözlərinə görə, İsrailin əsas məqsədi HƏMAS və “Hizbullah”ı tamamilə məhv
etməkdir:
“Bunun da arxasında ABŞ dayanır. İran da bilir ki, istənilən genişmiqyaslı
eskalasiya həm də ABŞ ilə birbaşa toqquşmaya gətirib çıxara bilər. Ona görə də
regionda yeni nizam qurulması üçün proksi qüvvələr təmizlənəcək. İrana da
bununla öz yerini göstərdilər”.
İsrailli politoloq Yuri Boçarav isə Cixisyolu.com-a açıqlamasında bildirib ki, İsrail
ABŞ-nin təzyiqi səbəbindən İrana zərbələri təxminən bir ay ləngidib:
“Bayden administrasiyası İsrailə birbaşa təhdidlərlə, davamlı inandırmalarla
və müxtəlif imtiyazlar vəd etməklə bu hücumu ən azı seçki gününə qədər təxirə
salmağa çalışırdı ki, öz seçicilərinə sülh tərəfdarı olduqlarını və münaqişənin
yeni regional müharibəyə çevrilməsinin “qarşısını aldıqlarını” nümayiş etdirsin.
Əslində, bunun üçün Pentaqon əvvəlcədən IDF ilə razılaşdırılmış hücum
hədəfləri haqqında məlumatı sızdırdı. Lakin davamlı təzyiqlərə baxmayaraq,
İsrail, daha dəqiq desək, Baş nazir Benyamin Netanyahu dünən axşam İrana hücum
əmri verdi və nəticədə gecə saat 2:30-da preventiv zərbə endirildi. İsrail ya
ABŞ-nin təzyiqi altında, ya da sadəcə, Qəzza və Livanda iki cəbhə fonunda
münaqişəni genişləndirmək istəmədiyi üçün İranın enerji infrastrukturuna və
nüvə obyektlərinə zərbə endirməyə cəsarət etmədi”.
Şərhçi əlavə edib ki, burada hər tərəfin öz versiyası var:
“Bununla belə, IDF hərbi zavoda hücum edərək İrana göstərdi ki, onun hava
müdafiəsini asanlıqla yara bilər. Hücumdan sonra açıq şəkildə bildirildi ki,
İsrail İranın raket imkanlarını, ilk növbədə “yer-yer” sinifli raketləri
məhdudlaşdırmaqla kifayətlənib. İsrail İrana qarşı hücumu elə planlaşdırdı ki,
insan itkilərini minimuma endirsin, zərəri elə səviyyəyə çatdırsın ki,
ayətullahlar rejimi minimal zərər barədə bəyan edə bilsin və üzünü itirmədən
hücuma cavab verməsin. Bu, sadəcə, 13 apreldə İsrailə ilk raket atəşinə cavab
olaraq IDF-nin aprel zərbəsinin genişləndirilmiş versiyası idi. O zaman İsfahan
yaxınlığındakı hava hücumundan müdafiə batareyası məhv edilmişdi.
Təbii ki, İran hakimiyyəti bugünkü hücumun miqyasını azaltmağa çalışır. Onlar
hücumu dəf etdiklərini bildirirlər və IDF-nin yüz “F-35” təyyarəsi ilə zərbələr
endirildiyinə dair bəyanatını təkzib edirlər. Halbuki, nəticə göz qabağındadır.
Hücumda iştirak edən bütün İsrail təyyarələri itki vermədən bazalarına qayıdıb,
təxminən 20 hədəfə: ballistik və qanadlı raketlərin istehsalı zavodlarına,
“yer-hava” raket komplekslərinə və digər hava hücumundan müdafiə vasitələrinə
zərbələr endirilib. Və bunu bilməli və başa düşməli olan hər kəs İsrailin
imkanlarından lazımi nəticələr çıxarıb”.
“İsrail İranın hücumuna cavab verdi və İranın vurduğu zərərdən dəfələrlə çox
itki vurdu. Lakin əvvəlcədən İsrail zərəri minimuma endirmək niyyəti ilə hücumu
planlaşdırmışdı və ümumilikdə elə hərəkət etdi ki, İran ciddi zərəri inkar edə
bilsin. Nəticədə İranın İsrailə cavab vermək və regional münaqişəni inkişaf
etdirmək üçün açıq səbəbi yoxdur. Əslində, münaqişənin bütün tərəfləri elə buna
can atırdılar”, – deyə Y.Boçarov fikrini yekunlaşdırıb.
Mərahim Nəsib