İsrailli ekspert: Zelenskinin heç bir “sahibi” ola bilməz

Baxış sayı: 3. 124 dəfə baxılıb.

İsrailli ekspert: Zelenskinin heç bir “sahibi” ola bilməz

İsrailli publisist və politoloq Aviqdor Eskinin ÇıxışYolu.Com-ya müsahibəsi:

– Prezident Vladimir Zelenski Ukraynanın açıq münaqişədə olduğu Rusiya ilə danışıqlar aparmaq arzusunda olmadığını bəyan etdi. Peşəkar aktyorun belə siyasətinə nə dərəcədə haqq qazandırmaq olar? İndiki halda Kremlin Ukraynaya qarşı hansı ölçülər, o cümlədən, iqtisadi ölçülər qəbul edəcəyini gözləmək olar?

– Zelenski artıq təkcə aktyor yox, həm də yüksək səriştəli siyasətçidir. O, kifayət qədər sanballı inzibati resursları olan prezident üzərində inandırıcı qələbə qazanıb. Kiyevlə Moskva arasında münasibətlərin hansı məcrada inkişaf edəcəyini indidən demək çox tezdir. Kremlin Zelenskinin qələbəsinə reaksiyası Donbas sakinlərinə Rusiya pasportlarının verilməsi oldu. Həmçinin, Kreml onu təbrik etməkdən imtina etdi.

Zelenski və Moskva arasında əsirlərin və məhbusların tam azad edilməsi ilə əlaqədar təmaslar olmuşdu. Tanınmış ukraynalı siyasətçi, hazırda Rusiyada yaşayan Oleq Saryovun sözlərinə görə, Moskvanın Zelenskiyə cavabı belə oldu:

“Mübadilə məslələrini Boykonun vasitəsilə həll edin”.

Bundan sonra Zelenski işin gedişinə uyğun reaksiya verdi. Bu, o demək deyil ki, yeni təmaslar və ciddi danışıqlar daha olmayacaq. Burada Rusiya-ABŞ əlaqələri də az-çox öz sözünü deyəcək.

Məni bircə fakt ümidləndirir: Vaşinqtonun nüfuzlu eksperti, “Jellyfish” (Meduza) analitik mərkəzinin prezidenti Mayk Beyqli yaxın günlərdə ABŞ prezidenti Donald Trampın Moskva ilə gərginliyin azaldılması istiqamətində sistemli işlərə başlamaq niyyətində olduğunu açıqladı.

“Buzların əriməsi” prosesinin bir hissəsi də gündəmə çıxarılacaq Ukrayna məsələsi olacaq.  Beyqli Donald Tramp administrasiyasında olan ab-havaya yaxşı bələddir.

– Seçkilərlə bağlı həyəcan səngiməmiş dövlət başçısının saytında Zelenskinin istefasına dair elektron petisiya qeydiyyata alındı. Təşəbbüsün müəllifi Maksim Bezruk Zelenskinin Ukrayna dövləti və xalqının mənafeyini güdmək üçün lazımi səriştəyə malik olmasına şübhə ilə yanaşır.

– Zelenski güclü müxalifətə hazır olmalı idi. Çünki o Ukraynanın bütün “istablişment”lərinə meydan oxumuşdu. Bu, narazılq doğurmaya bilməzdi.

– Yeni prezident parlamenti buraxacağını deməklə, Ali Radanın deputatlarını da hiddətləndirib. Prezident erkən parlament seçkilərinin tarixini təyin etsə belə, parlamentarilər inad göstərərək, seçkilərin keçmiş Seçki Məcəlləsinə uyğun keçiriləcəyini bildirdilər. Ukraynanın bu daxili siyasi böhranı nəyə gətirib çıxaracaq?

– Zelenskinin yeni qələbələrə can atmaqdan başqa yolu yoxdur. Onun qaçası yeri yoxdur. Onun məğlub olacağına əmin deyiləm. Məsələn, Rada üçün keçirilən seçkilərdə.

– Poroşenko və Zelenski. Birinci qərbyönümlü siyasət yürüdürdü, dünya ictimaiyyətini Rusiyaya qarşı sanskiyalara çağırırdı. İndiki dövlət başçısı da Moskvaya qarşı çıxır. Zelenskinin Qərblə əməkdaşlıq metodları Poroşenkonunkundan nə dərəcədə fərqlənəcək?

– Zelenskinin qarşısına Rusiya ilə danışıqlar prosesini qaydasına salmağa əngəl ola biləcək heç bir öhdəlik qoyulmayıb. Ancaq ilk növbədə o, ölkə daxilində möhkəmlənməli olacaq. Hazırda məhz bununla məşğuldur.

– Zelenski kimdir? Poroşenko rəqiblərinin böyük ümid bəslədiyi və əvvəl “Xalqın qulu” filminə çəkilmiş “qara at”? O, müstəqil, azad siyasətçi ola biləcək, yoxsa “sahiblərinin” əlində alət olaraq qalacaq?

– Zelenski Ukrayna prezidentidir. Onun heç bir “sahibi” ola bilməz. Necə ki, Azərbaycanın bir nömrəli vətəndaşı prezident Əliyevin “sahibi” yoxdur. Zelenski hələlik prezident postunda özünü göstərməyib.

Sadəcə, deyə bilirik ki, aktiv şəkildə işləyir, seçkiqabağı vədlərini səmimi şəkildə yerinə yetirməyə çalışır. Ancaq onun gələcək siyasi kursu ilə bağlı hər hansı fikir yürütmək hələ çox tezdir.