Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkırla görüşüb.
Bu barədə o, tvitter səhifəsində bildirib.
“BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri kimi Türkiyəyə ilk rəsmi səfərə gələn Volkan Bozkırla görüş keçirdim. Onun rəhbərliyi ilə pandemiyaya baxmayaraq, Baş Assambleyanın işi fasiləsiz davam edir”, – Çavuşoğlu yazıb.
Nazir vurğulayıb ki, Türkiyə BMT-də mühüm rol oynamaqda və Bozkıra dəstək verməkdə davam edəcək.
“Biz İstanbulu BMT-nin mərkəzinə çevirəcəyik”, – türk diplomatiyasının başçısı yazıb.
Qeyd edək ki, BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri V. Bozkır bu vəzifədə ilk rəsmi səfərini Türkiyəyə edib. Onun səfər çərçivəsində Azərbaycana gəlməsi də gözlənilir.