6f9044f1-070e-487e-96fe-ae7a59e03b4f..jpg

İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 662 dəfə baxılıb.

İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi – MÜSAHİBƏ
+ FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstehsal ilə məşğul olan KOB subyektlərinin inkişafına dəstək məqsədilə bu
ilin mart ayında daha bir dəstək mexanizminin tətbiqinə başlanılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) sahibkarların istifadəsinə verilmiş
KOB Model Müəssisəsinin işi, biznes üçün faydası barədəCixisyolu.com-ın suallarını
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) şöbə müdiriElməddin Hacıyev
cavablandırıb:

– Model müəssisə nədir?

– Model müəssisə – kiçik və orta sənaye müəssisələrinin səmərəli və
rəqabətqabiliyyətli olmasına imkan verəcək qənaətli idarəetmə üsullarına
əsaslanan tədris və təcrübə mərkəzidir. Model müəssisənin məqsədi yalnız
müəssisələrdə səmərəli və qənaətli istehsalın təşviqi deyil, həm də mümkün
qədər çox kiçik və orta biznes subyektlərini təlim və layihələrin həyata
keçirilməsi sahəsində məsləhət dəstəyi ilə təmin etməklə qənaətli
transformasiya prosesinin genişləndirilməsidir. Bu istiqamətdə model müəssisə
tədris-təcrübə mərkəzi kimi fəaliyyət göstərir. Model müəssisənin imkanlarından
faydalanan KOB subyektlərinin mühəndisləri və texniki heyəti qənaət üsullarını
təcrübə əsnasında öyrənir və bu metodları öz şirkətlərində tətbiq edirlər. Bu
isə həm işçilərin, həm də şirkətin məhsuldarlıq və rəqabətqabiliyyətlilik üzrə
bacarıqlarını artırır.

Bu ilin mart ayında Azərbaycan Texniki Universitetində (AzTU) fəaliyyətə
başlamış KOB Model Müəssisə də eyni məqsədlə yaradılıb. Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi (KOBİA) tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla
yaradılmış KOB Model Müəssisədə ilkin planlaşdırmadan başlayaraq müəssisənin
qurulmasına qədər real biznes prosesini əyani müşahidə etmək mümkündür. “Görmə,
eşitmə və icra etmə” konsepsiyası əsasında fəaliyyət göstərən model müəssisə
zəruri avadanlıqlarla təchiz olunub ki, bu da nəzəri biliklərin təcrübədə
sınaqdan keçirilməsinə, müasir texnoloji avadanlıqların fəaliyyətini əyani
görməyə, istehsal prosesində resursa, vaxta və xərclərə qənaət üsullarını
öyrənməyə imkan verir.

– Model müəssisələrin digər mərkəzlərdən fərqi nədir?

– Model müəssisənin biznesin səmərəliliyini və rəqabətqabiliyyətini artırmaq
üçün formalaşdırılmış digər mərkəzlərdən əsas fərqi onların tətbiqi təcrübə
əsasında öyrənmə üsullarından istifadə etməsidir. Burada nəzəriyyə və praktiki
tədris proqramının birləşdirilməsi nəticəsində bilik və səriştə qazanılmasının
qalıcı olması hədəflənir. Model müəssisədə tədris olunan nəzəri və praktiki
təlimlər şirkət nümayəndələrinə öyrəndiklərini real iş mühitində tətbiq etmək
imkanı verir.

– Model müəssisənin təlim və proqramlarından sahibkarlar hansı faydanı əldə
edirlər?

– Model müəssisədə tədris olunan təlim proqramı bir neçə moduldan ibarət
olmaqla, qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, hazır
məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın
optimallaşdırılması, işçi qüvvəsinin istehsal prosesində bərabər
paylaşdırılması və s. mövzuları əhatə edir. KOB Model Müəssisənin təlimçiləri
tərəfindən “Kaizen”, “Six Sigma”, “5S”, “ΚΡΙ-ΚΑΙ” və s. kimi strategiya və
modellərə dair mövzular tədris olunur və tətbiqi sınaqdan keçirilir.

Aydın təsəvvürün formalaşması üçün KOB Model Müəssisəsində tədris olunan bir
sıra mövzular üzərində dayanmaq istərdim. Məsələn, mərkəzdə “5S” strategiyası
tədris olunur. Bu strategiya iş yerinin səmərəliliyini artıran və tullantıların
aradan qaldırılmasına kömək edən istehsal alətidir. “5S”ə daxil olan hər bir
element müəssisədə işin gecikməsi və ya planlaşdırılmamış vaxt itkisi
səbəbindən məhsuldarlığın azalmasının qarşısını alır.

Mərkəzdə sahibkarlara “Six Sigma” da tədris olunur. Bu, prosesin
dəyişkənliyini azaltmaq və şirkət tərəfindən təqdim olunan məhsul və ya
xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyan metodoloji yanaşma və
davamlı təkmilləşdirmə strategiyasıdır. Bu strategiyanın tətbiqinin dünyanın
bir çox şirkətində keyfiyyətin yaxşılaşdırılması, xərclərin azaldılması və
müştəri məmnuniyyətinin artırılmasında effektivliyi sübut edilib.

Ya da “Kaizen” sistemini götürək. Bu sistemin mahiyyəti istehsalat sektorunda
xətaları azaltmaq, itkiləri aradan qaldırmaq, məhsuldarlığı artırmaq, işçiləri
məqsədli olmağa və hesabat verməyə həvəsləndirmək, yenilikləri tətbiq etməkdir.

KOB Model Müəssisədə təlim və praktiki tətbiq vasitəsilə istehsal
müəssisələrinə yalın istehsal və onun alətlərinin öyrədilməsi ilə yalın
istehsal mədəniyyətinin əsası da qoyulur. Bununla da bütün işçilərə problem
həll etmə mədəniyyəti aşılanır, məhsul və xidmətlərin formalaşdırılması
prosesində itkilər aradan qaldırılır, təklif olunan dəyər azaldılmaqla şirkətin
gəlirliliyi artır. Yalın istehsal vasitələrindən biri olan “Poka-yoke”
texnikası da model müəssisədə tədris olunan üsullardandır. Bu üsulun tətbiqi
müəssisədə səhvlərin qarşısını əvvəlcədən almağa, beləliklə də qüsurlu
məhsulların miqdarının azalmasına və müştəri məmnuniyyətinin yüksəlməsinə imkan
verir.

Təlimləri uğurla tamamlamış və müvafiq biliklərə yiyələnmiş şirkət
nümayəndələrinə sonrakı mərhələlərdə də model müəssisənin heyəti və təlimçiləri
tərəfindən dəstək davam etdirilir.

– Təlimçilər kimlərdir?

– Model müəssisədə təlim və məsləhət xidmətləri bu proses üçün cəlb olunmuş
xüsusi komanda tərəfindən həyata keçirilir. Ancaq qarşıdakı dövrdə prosesə
AzTU-nun akademik heyəti, iş dünyasının təcrübəli ekspertlərinin cəlb olunması
da nəzərdə tutulur.

Praktiki təlimlər model müəssisənin təlim zallarında və istehsal sahəsində
keçirilir. Əlavə təlim və məsləhət xidmətləri isə müəssisələrin öz sahələrində
təşkil olunur.

– İndiyədək nə qədər sahibkar KOB Model Müəssisənin imkanlarından faydalanıb?

– Fəaliyyətə başladığı gündən indiyədək sənaye sahəsində fəaliyyət göstərən 20
sahibkar və ya onların əməkdaşları model müəssisənin imkanlarından
faydalanıblar.

– KOB Model Müəssisənin fəaliyyətindən gözlənilən nəticələr nələrdir?

– Qeyd etdiyimiz kimi model müəssisə digər konsultasiya modellərdən və nəzəri
təlimlərdən fərqli olaraq tərkibində praktiki öyrənmə prosesini ehtiva edir.
Məşhur filosof Konfutsinin dediyi kimi, “Mənə desən, unudaram, mənə öyrətsən,
xatırlayaram, məni işə cəlb etsən, öyrənərəm” sözlərinə uyğun olaraq, model
müəssisə də bütünləşmiş tətbiqi tədris metodologiyasını dəstəkləyir.

İştirakçı şirkət nümayəndələri öyrəndiklərini dərhal sonra müəssisədə tətbiq
edirlər. Onlar model fabrik mentorlarının nəzarəti altında öz bizneslərində
yalın istehsal alətləri və ya əməliyyat səmərəliliyi alətlərini tətbiq etməklə
səriştəli şəxslərə çevrilirlər. Praktiki öyrənmə prinsiplərinə əsaslanan KOB
Model Müəssisə insanların təcrübi öyrənmə səriştələrini davamlı edərək
uzunmüddətli perspektivdə onların bacarıqlarını və nailiyyətlərini artırmasını
hədəfləyir.

– Model müəssisənin xidmətləri ödənişlidirmi?

– KOB Model Müəssisə tərəfindən sahibkarlara göstərilən bütün xidmətlər, o
cümlədən təlim, məsləhət xidmətləri ödənişsizdir. Qeyd etdiyimiz kimi KOB Model
Müəssisə sahibkarlara dəstək məqsədilə yaradıldığı üçün biznes subyektlərindən
heç bir ödəniş tələb olunmur.

– KOB Model Müəssisəsinin imkanlarından kimlər istifadə edə bilər və bunun
üçün hara müraciət etmək lazımdır?

– Model müəssisənin xidmətlərindən istifadə etmək istəyən sahibkarlıq
subyektləri istehsalat ilə məşğul olmalı, istehsalatda və istehsalatın idarə
edilməsində müasir biliklərə yiyələnmək və tətbiq etmək istəyində olmalıdırlar.

KOB Model Müəssisənin imkanlarından faydalanmaq istəyən sahibkarlar KOBİA-ya,
eləcə də model müəssisənin sosial media hesabları vasitəsilə müraciət
etməlidir. KOBİA-ya daxil olan müraciətlər müvafiq bazaya əlavə edilir və
tələblərə cavab verən sahibkarlar təlim proqramına uyğun olaraq mərhələli
şəkildə təlimlərə cəlb olunurlar.

Model müəssisə tərəfindən keçirilən təlimlərdə sahibkarlarla yanaşı, aidiyyəti
ixtisaslar üzrə təhsil alan tələbələr və bu fənləri tədris edən müəllimlər də
iştirak edə bilərlər.

Source link