f73f574d-990d-41e4-9046-6f093d6f493d..jpg

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 527 dəfə baxılıb.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər – “Kaspi”nin
ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral
ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun
hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon
manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerli
istehsal idxalı 28 faiz həcmində üstələyib. Adətən insanlar daha çox xarici
mebel almağa üstünlük verirdilər. Lakin yerli istehsal artıbsa, deməli, bu
məhsullara tələbat artıb. Bəs mebel seçimindəki bu dəyişikliyin səbəbi nədir?

“Kaspi”

qəzetinin mövzu ilə bağlıq məqaləsini təqdim edirik:

“İdxaldan asılılığı azaltmağa çalışırıq”

Mebel istehsalçısı İslam Əhədov bildirib ki, bu sahədə müştərilərin iki profil
üzrə tələbatları mövcuddur:

“Birinci kateqoriya keyfiyyətli məhsul istehsal etməkdir. İkinci kateqoriya
isə keyfiyyəti digər məhsullardan nisbətən zəif olan mallardır. Çalışırıq mebel
sənayesi üzrə inkişaf edək. Bu baxımdan keyfiyyətli məhsul istehsalı, həmçinin
idxal məhsullarından asılılığın daha da azaldılması üçün müəyyən işlərin
görülməsinə ehtiyac var. İxracdan əlavə, məqsədimiz Azərbaycanda yerli məhsul
istehsalını o dərəcəyə çatdırmaqdır ki, ölkəmizin bu sahədə idxaldan asılılığı
maksimum dərəcədə azalsın. İxracla bağlı heç bir problemimiz yoxdur”.

Qiymətə təsir edən səbəblər

İ.Əhədovun sözlərinə görə, bu sahədə ən ehtiyac duyulan innovativ dəzgahlardır:

“Hansı ki, bu avadanlıqlar vasitəsilə daha keyfiyyətli və müasir üslubda
mebellərin hazırlanması mümkündür. Onların xaricdən gətirilməsi böyük xərc
tələb edir. Bizdə həmin dəzgahların 70 faizi mövcuddur. Amma hər il müxtəlif
tədbirlərdə iştirak edərkən görürük ki, bu cihazlar ildən ilə yenilənir, bazara
daha yeniləri və keyfiyyətliləri daxil olur. Həmin dəzgahların əldə olunmasına
ehtiyac var”.

Onun fikrincə, mebel istehsalını və ixracını inkişaf etdirmək üçün hər iki
sahədə istehsalçılara güzəştlər olmalıdır:

“Bu sahə üzrə inkişaf etmiş şirkətlərin yaradılmasına ehtiyac var. Hansı ki,
onlar daha böyükdür və keyfiyyətə daha çox önəm verirlər. Həmçinin müştərilərin
istəklərini daha tez yerinə yetirirlər. Digər tərəfdən, mebel istehsalçılarının
iş şəraitinin yaxşılaşdırılması kimi məsələlərə də toxunulmalıdır. Həmçinin
materialların qiymətlərinin ucuzlaşdırılmasına ehtiyac var. Nə qədər yerli
istehsal mövcud olsa da, xaricdən bəzi avadanlıqlar, məmulatlar, xammal
ləvazimatları, aksesuarlar gətirilir. Onların gömrük rüsumu ilə bağlı müəyyən
işlər görülərsə, bu, istehsala çox ciddi təsir edər. İstehsalçıların daha çox
şikayətləndiyi məsələlərdən biri budur. Qeyd edim ki, mebellərin qiyməti sırf
bu xərclərə bağlı olaraq dəyişir”.

İstehsal artımı ixracı da stimullaşdırır

İqtisadçı Emin Qəribli yerli mebel istehsalının inkişafını müsbət
qiymətləndirir:

“Əvvəllər mebel istehsalı sırf daxili bazara yönəlmişdi. Amma artıq görürük
ki, ayrı-ayrı şirkətlər müxtəlif ölkələrə də mebel ixrac edirlər. Bu onun
nəticəsidir ki, həm vergi islahatları aparılır, həm də kiçik və orta
sahibkarlığa yardımlar artırılır. Bunun sayəsində istehsalda artım müşahidə
edirik. İstehsalla yanaşı, ixracın artması da gözlənilir. Məsələn, qonşu
ölkələrə getdikdə orada yerli mebel istehsalçılarımızın nümayəndəliklərini görə
bilərik”.

“Azad iqtisadi zonalara yönəlin”

E.Qəribli düşünür ki, istehsalçılar onlar üçün yaradılmış imkanları
dəyərləndirsələr, daha da uğurlu olarlar:

“İstehsalın daha səmərəli olması üçün azad iqtisadi zonalar yaradılıb. Azad
iqtisadi zonalar vergilərdən azaddır. Məsələn, Qarabağ bölgəsində istehsal
onlar üçün daha sərfəli olar. Üstəlik, bu ərazilərdə tikinti işləri gedir.
Həmin bazara yönələ bilərlər. Həmçinin mebel istehsalında yeni texnologiyalar
tətbiq olunur və məhsullar daha müasir avadanlıqlarla istehsal edilir. Bu
üstünlüklərdən istifadə etsələr, mebel istehsalındakı inkişaf daha da artar”.

İqtisadçının fikrincə, istehsalla bağlı bütün problemlər aradan qalxdığına
görə ixrac sahəsində müəyyən işlər görmək lazımdır:

“Dövlət daxili bazar üçün güzəştlər yaradır. Amma ola bilər ki, gələcəkdə
ixrac üçün də müəyyən addımlar atsın. Məsələn, mebel istehsalçılarının ixrac
məhsullarının sığortalanması, müəyyən güzəştlər tətbiq edilə bilər. Bu isə
imkan verəcək ki, daha çox məhsul ixrac edilsin. Düşünürəm ki, artıq o
səviyyəyə çatmışıq”.

Source link