“Cambridge Analytica” şirkəti ilə bağlı qalmaqalın böyüməsindən sonra “Facebook” şirkəti şəxsi məlumatların idarəolunması ilə bağlı alətləri sadələşdirmək qərarına gəlib.
ÇıxışYolu.Com BBC-yə istinadən xəbər verir ki, dəyişikliklərin təfsilatları sosial şəbəkənin rəsmi bloqunda dərc olunub.
Dəyişikliklər 3 kateqoriyaya bölünür:
– Sadələşdirilmiş ayarlar menyusu: Hazırda sosial şəbəkədən mobil qurğularda istifadə edən insanlar kökləmələr aparmağa çalışan zaman 17 müxtəlif ayarlarla üzləşir və bu istifadəçinin ona lazım olan ayarı tapmasını çətinləşdirir.
Yeni versiyada ayarlar qruplaşdırılıb və istifadəçinin çaş-baş qalmaması üçün ayarın ətraflı və aydın izahı təqdim olunur.
– Şəxsi məlumatların idarəolunması ayarları menyusu: şirkətin təbirincə ən vacib idarəetmə alətləri vahid idarəetmə paneli şəklinə gətirilib. Bu insanların paylaşdığı və ya reaksiya göstərdiyi postlarda məlumatların idarəolunmasını sadaləşdirir.
– Məlumatların endirilməsi və redaktə edilməsi aləti: sosial şəbəkədə təqdim olunan “Access Your Information” adlı yeni səhifə, istifadəçilərə köhnə reaksiyaları, o cümlədən “bəyənmələri” və “şərhləri” nəzərdən keçirməyə və redaktə etməyə, hətta silməyə imkan verir.
Bundan əlavə istifadəçilər müəyyən kateqoriyaya aid məlumatları, o cümlədən müəyyən vaxt kəsiyində yerləşdirdikləri fotoşəkilləri vahid şəkildə endirə biləcək.
Xatırladaq ki, ötən həftə sosial şəbəkə fəalları və blogerlər “Facebook” hesablarının kütləvi şəkildə bağlanması üzrə “deletefacebook” fleşmobunu işə salıb.
Kütləvi virtual aksiyaya “Cambridge Analytica” şirkətinin 50 milyondan çox “Facebook” istifadəçisinin şəxsi məlumatlarından öz məqsədləri üçün icazəsiz istifadə etməsi haqqında xəbərlərin yayılması təkan verib.
İddiaya görə, Donald Trampa aid şirkətin mənafeyindən çıxış edən “Cambridge Analytica” seçicilərin nəyə üstünlük verdiyini araşdırıb və bunun əsasında seçicilərin siyasi seçimlərinin təhlili alqoritmini ərsəyə gətirib.
F.M.
www.ÇıxışYolu.Com