40980954-2de1-4c57-a000-d9bb50328efe..jpg

İsveçdə “İZ” sənədli filminin təqdimatı olub – FOTO

Baxış sayı: 659 dəfə baxılıb.

İsveçdə “İZ” sənədli filminin təqdimatı olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Stokholm şəhərində İsveçdə fəaliyyət göstərən Beynəlxalq Media Mərkəzi
(İnternational Media Group Sweden) və SAF Azərbaycan Cəmiyyətlərinin
təşkilatçılığı ilə “İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya
cinayətləri” adlı sənədli filmin təqdimatı keçirilib. Tədbirdə Azərbaycanın
İsveç Krallığındakı səfiri Zaur Əhmədov da iştirak edib.

Səfirlikdən bildirilib ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi
ilə açılıb, daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə səfir Zaur Əhmədov azərbaycanlıların zaman-zaman öz ata-baba
yurdlarından deportasiya edilməsindən danışıb:

“Təəssüflər olsun ki, dünyanın bir çox ölkələri bu həqiqətləri görməzdən
gəlirlər. Bizim vəzifəmiz belə sənət əsərlərinin dili ilə geniş tamaşaçı
kütləsinə həqiqətləri çatdırmaqdır”.

Digər çıxış edən natiqlər vurğulayıblar ki, belə tədbirlərin çox olması
xalqımızı daha da birləşdirir və geniş auditoriyaya sözümüzü deməyə imkan
yaradır.

Çıxışlardan sonra filmin təqdimatı böyük coşqu ilə qarşılanıb.

“İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri”
sənədli filmi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlil Qadınlar Cəmiyyəti”nin layihəsi
əsasında hazırlanıb. Filmdə qədim Azərbaycan torpaqları olan Qərbi Azərbaycanda
mövcud olan tarixi abidələr, qalalar, qəsrlər, saraylar, türbələr, məscidlər,
körpülər və digər abidələrin ermənilər tərəfindən mərhələli şəkildə məhv
edilməsi, ötən əsrdə dörd dəfə (1905-1907, 1918- 1920, 1948-1953, 1988-1991)
erməni millətçilərinin və sovet imperiyasının təzyiqi altında dədə-baba
torpaqlarını tərk etməyə məcbur qalmış azərbaycanlıların məşəqqətli həyat
tarixçəsi öz əksini tapıb.

Həmçinin azərbaycanlılara məxsus yer adlarının məqsədli şəkildə
dəyişdirilməsi, mədəni irsə qarşı ermənilərin məqsədyönlü siyasəti, Qərbi
azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və deportasiya cinayətləri
fakt və dəlillər əsasında göstərilib.

Filmdə əsasən Qərbi Azərbaycandan olan elm adamlarının, şair və yazıçıların,
ziyalıların fikirləri yer alıb. Filmin əsas məqsədi, Qərbi Azərbaycanla bağlı
beynəlxalq ictimaiyyətdə obyektiv təsəvvür formalaşdırmaq, əslən Qərbi
Azərbaycandan olan soydaşlarımızı böyük qayıdışa hazırlamaqdan ibarətdir.

Sənədli filmin layihə rəhbəri “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə
Qaramanlı, ssenari müəllifi- tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov,
quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadədir.

Source link