Ötən il Stokholmda idarə etydiyi yük maşınını kütlənin üzərinə sürərək, beş nəfəri qətlə yetirmiş özbəkistanlı Raxmat Akilov ömürlük azadlıqdan məhrum edilib.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
40 yaşlı sürücü terrorçuluqda təqsirli bilinib.
İstintaq məlumatlarına əsasən, Akilov qanlı hücumu həyata keçirməzdən əvvəl İŞİD qruplaşmasına beyət edib.
Ancaq terrorçu qruplaşmanın hücuma görə məsuliyyəti öz üzərinə götürməməsi, prokurorluğun işini bir qədər çətinləşdirib. Dövlət ittihamçısı onun İsveç dövlətinə qarşı məkrli planlarının olduğunu sübuta yetirmək üçün uzun müddət tutarlı dəlillər toplamalı olub.
İsveçdə qaçqın statusu ala bilməmiş Akilov, törətdiyi əməldən sonra hadisə yerindən qaçsa da qısa müddət ərzində həbs olunub və dindirilməsi zamanı olanları etiraf edib.
Akilov 2014-cü ildə Özbəkistandan İsveçə köçüb və daimi yaşayış icazəsi almağa çalışıb. Sığınacaq üçün ərizə təqdim etsə də 2016-cı ilin dekabr ayında rədd cavabı alıb və hökumət onun ölkəni tərk etməsinə dörd həftə vaxt verib.
Sonradan o Stokholmda yoxa çıxıb və bir neçə ay sonra məlum terror hücumunu həyata keçirib.