İsveçrə Teleradiosunda “Cənubi Qafqazda tezliklə sülh olacaqmı?” sərlövhəli
reportaj yayımlanıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsveçrə Teleradiosunun (SRF) əsas xəbər buraxılışında Azərbaycan və Ermənistan
arasında gedən sülh danışıqları və yaxın gələcəkdə regionda əmin-amanlığın tam
bərqərar olmasına dair geniş reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, “Cənubi Qafqazda tezliklə sülh olacaqmı?” sərlövhəli
reportajda 30 il davam edən münaqişə və müharibələrdən sonra Cənubi Qafqazın
2024-cü ildə sülh və əmin-amanlığa ümidlə baxdığı ifadə olunub. Teleaparıcı
Azərbaycana səfər etmiş çəkiliş heyətinin reportajından öncə bildirib ki, ötən
ilin sentyabrında Azərbaycan Qarabağda suverenliyini tam bərqərar etdikdən
sonra Azərbaycan və Ermənistan arasında sərhəd və yaşayış məntəqələri ilə bağlı
aparılan danışıqlarda aşkar şəkildə yaxınlaşma müşahidə olunur. Diqqətə
çatdırılıb ki, Qarabağda yaşayan ermənilər ərazini tərk etdikdən sonra hazırda
aparılan sülh danışıqları yeni yaranmış güc nisbətini təsbit etməlidir.
Reportajın ilk kadrları isə böyük tikinti meydançasını xatırladan Füzuli
şəhərindən başlayır. Aparıcı Filipp Zahn bildirir ki, 30 il xarabalıqlar içində
qalan Füzulidə bu gün həyat yenidən qaynamaqdadır. Birinci Qarabağ müharibəsi
zamanı buranı işğal edən və bütün azərbaycanlıları dədə-baba torpaqlarından
qovan Ermənistan üç il bundan əvvəl baş vermiş və böyük itkilərlə nəticələnən
müharibədə bu ərazilərdən geri çəkilməli oldu.
Reportajda quruculuq işlərini çətinləşdirən amillər, xüsusilə də ərazilərin
minalardan çirklənməsi probleminə də toxunulub. Bildirilib ki, mina problemi
bərpa və quruculuq işlərini çətinləşdirir. Lakin indiyədək Füzulinin 30 faizi
minalardan təmizlənib və bu istiqamətdə fəaliyyət yüksək templə davam
etdirilir. Azərbaycan hökuməti qısa müddət ərzində bu şəhərdə minədək mənzil
inşa edib və hər ay öz yurdlarına geri dönən azərbaycanlı ailələrə mənzillərin
açarları təqdim olunur. Bununla da Azərbaycanın verdiyi mesaj tam aydındır:
Ermənistan nə Füzulidə, nə də Qarabağın başqa ərazilərində ərazi iddiaları ilə
çıxış edə bilər. Eyni zamanda, erməniəsilli əhali Azərbaycan vətəndaşlığını
qəbul etmək şərti altında yenidən həmin ərazilərə qayıdıb yaşaya bilər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
SRF-ə müsahibəsində bildirib ki, Azərbaycanın istəyi bütün Cənubi Qafqazın
mənzərəsini dəyişməkdir: “Bu regionun adı gələcəkdə müharibə və münaqişələrlə
deyil, şanslar, işgüzar əlaqələr, inkişaf və rifahla bağlı hallanmalıdır”.
Aparıcı qeyd edir ki, Bakıda, Azərbaycan Prezidentinin Administrasiyasında
yüksək səviyyədə özünəinam hökm sürür, çünki Xəzər dənizi sahilində yerləşən bu
metropol bütün regionun iqtisadi mühərrikidir. Rusiyaya qarşı tətbiq edilən
embarqolardan sonra isə zəngin neft və qaz ehtiyatlarına malik Azərbaycan
Avropa üçün vazkeçilməz tərəfdaşa çevrilib.
Reportajda Prezident İlham Əliyevin ötən il oktyabrın 15-də Xankəndi şəhərində
Azərbaycan Dövlət Bayrağını ucaltdığı kadrlara da yer verilib. Bildirilib ki,
Azərbaycanın dövlət bayrağını Qarabağda ucaldan Prezident İlham Əliyevin güclü
müttəfiqləri var və onların arasında Azərbaycanı illərdən bəri hərbi və
geosiyasi müstəvilərdə dəstəkləyən Türkiyə xüsusi yer tutur.