İtaliya niyə Azərbaycana görə Fransaya cavab verir? – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne ABŞ Dövlət katibi
Antoni Blinkenlə birgə mətbuat konfransı zamanı Parisin Azərbaycana qarşı
ənənəvi ritorikasını təkrarlayıb.
Maraqlı məqam bundan ibarətdir ki, Fransanın bu bəyanatına dünya yeddilərindən
biri olan, Avropa İttifaqının nüfuzlu üzvü İtaliya da cavab verib.
İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli Stefan Sejurnenin
aprelin 2-də Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı səsləndirdiyi
fikirlərin:
– Bölgədə gərginliyi artırdığını deyib,
– Bölgədə davamlı sülh üçün sağlam düşüncə ilə çalışan bir çox insanın
səylərinə zərər vermək kimi qiymətləndirib.
Avropa İttifaqının iki ağırçəkili dövləti – İtaliya və Fransa – arasındakı
münasibətlər bir neçə illik fırtınalı dövrlərdən keçib. Buna səbəb miqrant
böhranına yanaşma və Fransanın İtaliyada 2019-cu ildə “5 Ulduz” hərəkatı və
“Şimal liqası”nın iştirakı ilə qurulan koalisiyasını təhqir etməsi olub.
İtaliya isə dəfələrlə Fransanı müstəmləkəçi siyasət aparmaqda ittiham edib.
Amma bir müddət sonra iki ölkə bunları arxa planda qoyaraq yeni əməkdaşlıq
mühiti yaratmaq məqsədlərini nümayiş etdirib.
Ancaq fikir ayrılıqları arxada qalmayıb və problemlər Rusiya-Ukrayna
müharibəsi fonunda Fransanın daha ambisiyalı gündəliyi əsasında yenidən
qıcıqlanır.
İndi İtaliya ilə Fransa arasında gərginliyin davam edəcəyinə işarə verən
Azərbaycan amili ortaya çıxır və görünür ki, Roma Parisə yerini göstərməyi
qərarlaşdırıb.
Buna səbəb odur ki, Azərbaycanla İtaliya arasında dizayn edilən strateji
tərəfdaşlıq münasibətləri Bakını Romanın ürəyində mühüm “iqamətgah”a çevirir.
Üstəlik, İtaliya Fransanın Avropa İttifaqındakı mövqeyindən istifadə edərək
Cənubi Qafqaz regionuna müdaxilə cəhdlərindən narahatdır.
Çünki Parisin yanaşması Avropa İttifaqı daxilindəki fikir ayrılıqlarını
artırır. Üstəlik, Fransa Avropa İttifaqında kollektiv maraqlardan çıxış etmir,
ambisiyalarını genişləndirib digər üzv dövlətlərin başı üzərində guya
təhlükəsizlik çətiri açmaq istəyir.
İtaliya buna cavab verməlidir və görünür ki, Fransanın Azərbaycana qarşı son
bəyanatı bardağı daşıran damla olub.
İtaliya Fransaya görə Azərbaycanla mühüm əlaqələrini itirmək niyyətində deyil
və Bakının da Romanın siyasi dəstəklərinə ehtiyacı var. Qarşılıqlı ehtiyaclar,
təbii ki, İtaliyanın tərəzisində Bakının çəkisini ağırlaşdırır. Bu o deməkdir
ki, İtaliya Azərbaycanla tərəfdaşlıq zonalarına təhlükəsizlik, müdafiə
məsələlərini də qatır.
Bu sektorla əlaqəli istiqamətlərdən dolayıdır ki, İtaliya Fransanın Cənubi
Qafqazda sabitliyi pozduğunu göstərir. Yəni İtaliya Fransanın Azərbaycana qarşı
ritorikasını həm də özünün regiondakı maraqlarına qarşı yönələn akt kimi
qiymətləndirir.
NƏTİCƏ
İtaliya Azərbaycanı Fransaya qarşı dəstəkləməklə qarşıdan gələn regional
proseslərdə Parisə qarşı siyasət göstərmək öhdəliyini göstərir. Bu, Yelisey
sarayı ilə İtaliya arasındakı böhranın “Cənubi Qafqaz” səhnəsini vurğulaya
bilər.
Aqşin Kərimov