İtaliyanın Azərbaycandakı səfiri: “Ən çox badımcanı və ondan hazırlanan
yeməklərinizi sevirəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan mətbəxi çox dadlıdır və sizin yeməklərinizin hamısını xoşlayıram.
Çünki yeməklərin, burada yetişən tərəvəzlərin dadı İtaliyadakılara bənzəyir”.
Bu barədə Cixisyolu.com-a açıqlamasında İtaliyanın Azərbaycandakı səfiri Klaudio
Taffuri məlumat verib.
O bildirib ki, ümumiyyətlə, badımcanı və onunla bişirilən bütün yeməkləri
xüsusilə sevir:
“Azərbaycandakı tərəvəzlərin dadı o qədər möhtəşəmdir ki, yeməklərimiz bu
tərəvəzlərlə daha ləziz olur. Ümumiyyətlə, İtaliya mətbəxi də mükəmməldir, hər
ölkənin öz ləziz mətbəxi var. Amma düşünün ki, ancaq makaronu 147 formada
bişirmək olar. Sizdə quzu ətinə xüsusi rəğbət var. İtaliyanın mərkəzi
əyalətlərində məhz quzu ətindən yeməklərə üstünlük verilir”.
Səfir qeyd edib ki, Bakıda keçiriləcək VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsi
onun səfir olduğu müddətdə keçirilən üçüncü belə tədbirdir:
“Bu tədbirlərin hər biri İtaliyanın fərqli əyalətlərinə xas mətbəxin spesifik
təamlarına həsr edilib. Düşünürəm ki, bir neçə gün sonra başlayacaq VIII
Beynəlxalq İtaliya Mətbəxi Həftəsində iştirak etdiyiniz zaman siz də bizim
mətbəxin ləziz təamlarından dadacaqsınız. Bu tədbirdə Azərbaycanın peşəkar
aşpazları da iştirak edəcəklər”.
Qeyd edək ki, dekabrın 3-9-da Bakıda VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsi
keçiriləcək. Altı gün davam edəcək həftədə məşhur italyan aşpaz Pino Kuttaya
qeyri-adi proqramla çıxış edəcək. O, dekabrın 6-sı saat 12:00-da Bakıdakı
hotellərin birində “Il Cannolo Siciliano di Melanzane” resepti ilə ustad dərsi
keçirəcək.
Eyni zamanda, dekabrın 5-i və 6-sı tarixlərində Azərbaycanın dövlət
qurumlarının rəhbərləri, siyasətçi və diplomatlar, yüksəkvəzifəli şəxslər,
müxtəlif sahibkarlar, yerli şirkətlər və idxalçılar üçün aşpaz tərəfindən
hazırlanmış xüsusi menyu ilə iki şam yeməyi nəzərdə tutulub.
Könül Cəfərli