6d3c97d8-afe1-4eaa-a4e1-95b4d03ca796..jpg

İtaliyanın Azərbaycandakı səfiri: “Viza sənədləşməsi aparılan pəncərələrin sayı 14-ə çatdırılıb” – MÜSAHİBƏ

Baxış sayı: 580 dəfə baxılıb.

İtaliyanın Azərbaycandakı səfiri: “Viza sənədləşməsi aparılan pəncərələrin
sayı 14-ə çatdırılıb” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İtaliyaya viza məsələsində sadələşdirmə tətbiq edilir. Lakin diqqətinizə
çatdırım ki birbaşa İtaliyaya viza anlayışı yoxdur, şengen vizası anlayışı var”.

Bu barədə İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri Cixisyolu.com-a
müsahibəsində deyib.

– Bu gün İtaliya və Azərbaycan arasında ticarət əlaqələri hansı səviyyədədir?

-İtaliya-Azərbaycan arasındakı əlaqələr çox yüksək səviyyədədir. Bu artıq
ənənədir, deyə bilərəm. Azərbaycan İtaliya üçün mühüm əhəmiyyətli və strateji
ölkədir. Çünki Azərbaycan İtaliyanın enerji təminatında çox yaxından iştirak
edir. Biz isə bu dəstəyin qarşılığında əlimizdən gəldiyi qədər, texnologiya
cəhətdən Azərbaycana dəstək oluruq. Bunun arxasında isə iki ölkə arasındakı
illərə dayanan dostluq münasibətləri dayanır.

– İtaliya səfirliyinə viza ilə müraciət edən vətəndaşlar çətinlik çəkdiklərini
deyirlər. Bu çətinlik nədən qaynaqlanır?

– Bu məsələ barədə tez-tez sual verilir. Amma mən aydınlıq gətirim ki,
İtaliyanın öz viza sistemi yoxdur. Şengen vizası deyilən bir anlayış var. Bu
vizanın əldə edilməsi üçün normaları isə İtaliya Respublikası hazırlamır. Bu
qaydalar Avropa Birliyi, şengen ölkələri tərəfindən hazırlanır. Hər kəs də
birmənalı olaraq bu prosedurlara riayət etməlidir. Lakin təkcə İtaliyanın
özünün milli viza sistemi mövcuddur. Bunun da bizim ölkəmiz üçün müəyyən bir
əhəmiyyəti var.

– Bəs vizanın verilməsində hər hansı sadələşdirmənin tətbiq edilməsi
gözlənilirmi?

– Biz bu istiqamətdə özümüzdən asılı olan bir sıra addımlar atmışıq.
Sadələşdirmə məqsədilə hazırda fəaliyyət göstərən viza mərkəzini açdıq. Artıq
bu mərkəzə kifayət qədər müraciətlər daxil olur. Bu addım müraciətlərin daha
rahat qəbuluna gətirib çıxardı. Vətəndaşların səfirliyə deyil, birbaşa viza
mərkəzinə yönəlməsi və oradakı əməkdaşların köməyi ilə prosedur qaydalarını
tamamlaması sadələşmənin bir növüdür. Yenə də deyirəm ki, viza ilə bağlı
standart qaydalar, prosedurlar var. İşlər bu qaydalar, tələb edilən müvafiq
sənədlər çərçivəsində aparılır.

– Bəs qeyd etdiyiniz viza mərkəzinə gün ərzində nə qədər müraciətlər daxil
olur?

– Səfirlikdə viza müraciətləri qəbul olunanda cəmi üç pəncərə fəaliyyət
göstərirdi. Amma sadələşdirmələr nəticəsində bu pəncərələrin sayını 14-ə
qaldırıldı. Bu da müraciətlərin sayını artırır. Biz gün ərzində 100 müraciət
qəbul edirik. Düşünürəm ki, bu, vətəndaşların işlərini xeyli sadələşdirir.
Vətəndaşlara tövsiyə edirik ki, viza ilə bağlı müraciət edən zaman lazım olan
sənədlərin siyahısını səfirliyin rəsmi saytı ilə eyniləşdirib,
dəqiqləşdirsinlər. Sənədlər yarımçıq gələn zaman vətəndaş üçün də, əməkdaşlar
üçün də əlavə vaxt itkisi olur. Nəticədə viza almaq istəyən şəxsin də işləri
çətinləşir. Bu gün Bakı-Roma aviareysinə minsəniz görərsiniz ki, təyyarə
doludur. Bu da o deməkdir ki, insanlar viza ala bilirlər. Sizə xarici ölkələrin
vətəndaşlarının Azərbaycana gəlib ölkənizin tarixini, adətlərini, mədəniyyətini
tanıması, tanıtması necə xoşdursa, İtaliya üçün də xoşdur ki, turistlər ölkəyə
gəlsin və mədəniyyətimizi, mətbəximizi təbliğ etsinlər.

– Bu gün İtaliya mətbəxinə həsr edilən tədbirin əvvəlki illərdən fərqi nədir?

– İtaliya Mətbəx Həftəsi hər il keçirilir. Bu üçüncü tədbirimizdir. Daha əvvəl
İtaliyanın şimalını, mərkəzini bu gün isə cənubunu təmsil edən aşpazlar sizə
master-klas göstərəcəklər. Qeyd edək ki, aşpazımızın iki mişlen ulduzu var.
Fərq isə bugünkü tədbirdə hazırlanan yeməklərin İtaliyanın Siciliya əyalətinin
mətbəxinə həsr edilməsidir. İtaliyanın cənubunda bişirilən yeməklər Azərbaycan
mətbəxinə həddən çox yaxındır. Bizim üçün masa arxasında əyləşmək təkcə yemək
üçün deyil. Biz masa arxasında yeməklər vasitəsilə mədəniyyətimizi ötürürük.
İnsanlar masa arxasında sosiallaşır, informasiya mübadiləsi apara bilirlər.
Süfrə mədəniyyəti bizim üçün önəmli nüansdır. Düşünürəm ki, Azərbaycanda da bu
belədir.

Könül Cəfərli

Source link