67d871f7-9a52-44d5-8c3d-130800150d33..jpg

ITFC: “Azərbaycanda iqtisadi inkişafa, enerji təhlükəsizliyinə dəstək yolları araşdırılacaq” – MÜSAHİBƏ

Baxış sayı: 480 dəfə baxılıb.

ITFC: “Azərbaycanda iqtisadi inkişafa, enerji təhlükəsizliyinə dəstək yolları
araşdırılacaq” – MÜSAHİBƏ

Dünyada baş verən qlobal proseslər fonunda Azərbaycan iqtisadiyyatı öz artım
tempini qorumağa davam edir. Yeni infrastruktur layihələri həyata keçirilir ki,
bu da özəl investisiyaların cəlbini şərtləndirir. Bu baxımdan, beynəlxalq
təşkilatların ölkəmizdəki layihələri dəstəkləməsi, sərmayə yatırımı üçün dövlət
qurumları tərəfindən fəal işlər görülməkdədir.

Ötən həftə Azərbaycanda səfərdə olan Ticarətin Maliyyələşdirilməsi üzrə
Beynəlxalq İslam Korporasiyasının (ITFC) baş icraçı direktoru Hani Salem Sonbol
“Report”a müsahibəsində ölkədə islam maliyyələşməsinin tətbiqi, ITFC-nin
diqqətini çəkən sahələr, dəstək göstərilməsi mümkün olan layihələr barədə
danışıb:

– İslam maliyyələşməsinin Azərbaycanda tətbiqi ilə bağlı mövcud vəziyyəti necə
dəyərləndirirsiniz? Onun tətbiqi istiqamətində hansı dəstək göstərilə bilər?
Ölkəmizdə bu sahədə perspektiv varmı?

– Azərbaycan güclü iqtisadiyyatı və dinamik özəl sektoru olan, müsəlmanların
çoxluq təşkil etdiyi ölkə kimi islam maliyyəsinin böyük potensialından istifadə
üçün əlverişli mövqeyə malikdir. Sürətlə inkişaf edən bu sektor müxtəlif
maliyyə mexanizmlərini və şəriətə uyğun investisiya imkanlarını təklif edir.

Ticarətin təşviqi və həyat şəraitinin yaxşılaşdırılması strategiyamıza uyğun
olaraq ITFC müxtəlif üzv ölkələrdə, o cümlədən Azərbaycanda islam maliyyəsinin
genişləndirilməsini, böyüməsini asanlaşdırmaq üçün aktiv işləyir. Bizim
hərtərəfli yanaşmamız təkcə ticarətin inkişafı təşəbbüslərini deyil, həm də
Azərbaycanın islam maliyyə sektorunu yeni zirvələrə qaldıra biləcək potensialın
artırılması və məsləhət xidmətlərinin genişləndirilməsini əhatə edir.

Bacarıqların artırılması üzrə öhdəliyimizə nümunə kimi, sentyabrın 12-14-də
Bakıda keçirilən “İslam maliyyə məhsullarının strukturlaşdırılması” mövzusunda
seminarı göstərmək olar. ITFC və Azərbaycan İqtisadiyyat Nazirliyi arasındakı
bu əməkdaşlıq dövlət və özəl sektordan 40-a yaxın iştirakçını bir yerə
toplayıb. Əsas məqsəd iştirakçıların islam maliyyəsi üzrə bilik və
bacarıqlarını artırmaq və Azərbaycanda islam maliyyə sənayesinin inkişafına
töhfə verməkdir.

Bundan əlavə, məsləhət xidmətləri sahəsində ITFC maliyyə institutları ilə
əməkdaşlıq edərək “İslam pəncərəsi” və yerli bazar ehtiyaclarına uyğun
innovativ islam maliyyə məhsulları, xidmətləri yaratmağa hazırdır. Bu yanaşma
təkcə davamlı və etik maliyyəyə dair qlobal tendensiyalara uyğunlaşmır, eyni
zamanda, həm də üzv ölkələrdə iqtisadi artımı və rifahı təşviq etmək
öhdəliyimizi əks etdirir.

Gələcəyə baxsaq, Azərbaycanda islam maliyyə alətləri və təcrübələrinin
təkamülü ilə bağlı böyük gözləntilərimiz var. ITFC hökumət və özəl sektorun
birgə səyləri ilə iqtisadi artımı təşviq etməklə yanaşı, maliyyə sabitliyini
stimullaşdıran işlək islam maliyyə ekosistemini nəzərdə tutur. Nəticə etibarı
ilə, Azərbaycan xalqının yaşam səviyyəsini daha da yaxşılaşdıran, müxtəlif və
dürüst maliyyə mühitini vəd edən islam maliyyəsinin buradakı parlaq gələcəyini
tam potensialı ilə reallaşdırmağa, bunun faydalarını əldə etməyə hazırıq.

– Asiya İnkişaf Bankının (ADB) hesablamalarına görə, Azərbaycanda kiçik və
orta sahibkarların (KOS) maliyyə ehtiyacları 6,8 milyard ABŞ dolları
səviyyəsində qiymətləndirilir. Bunu nəzərə alaraq və ITFC-nin mandatına əsasən,
Azərbaycanda kiçik və orta biznesin dəstəklənməsi sahəsində fəaliyyəti
genişləndirmək nəzərdə tutulurmu?

– Azərbaycan ITFC-nin dəyərli üzv ölkələrindən biri kimi mühüm mövqeyə
malikdir. Azərbaycan hökumətinin milli inkişaf strategiyasına tam uyğun olaraq
özəl sektorun, kiçik və orta müəssisələrin dəstəklənməsi ITFC üçün əsas
prioritetdir.

2009-13-cü illərdə ITFC-nin Azərbaycana ayrılmış maliyyə vəsaitlərinin həcmi
83,4 milyon ABŞ dolları təşkil edib. Bu maliyyələşdirmə Azərbaycanda özəl
sektora, KOS-lara dəstək məqsədilə verilib və tərəfdaş banklara öz
müştərilərinə şəriətə uyğun ticarət həlləri təklif etməsinə, KOS-ların
alternativ maliyyələşdirmə üsullarından istifadəsinə yardımçı oldu.

Qeyd etmək lazımdır ki, qlobal ticarətin maliyyələşdirilməsində kəsirin həcmi
2022-ci ildə 2,5 trilyon ABŞ dollarına çatıb. Bu geniş ticarət maliyyəsi
çatışmazlığı qlobal miqyasda davamlı iqtisadi artım və inkişaf üçün əhəmiyyətli
problemlər yaradır. Ticarətin maliyyələşdirilməsi üzrə bu boşluğun mənfi
təsirləri ən çox KOS-lar tərəfindən hiss olunur. Çünki onlar böyümək üçün
zəruri olan maliyyə resurslarına çıxış yolunda böyük maneələrlə üzləşirlər.

Vəzifə və məqsədlərimizə uyğun olaraq, ITFC Azərbaycanda KOS-ları dəstəkləməyə
tam sadiqdir və inteqrasiya edilən ticarət həllərinin tətbiqi çərçivəsində bu
öhdəliyə nail olmağı hədəfləyir. Bu yanaşma maliyyələşdirilmə əməliyyatlarının
ticarətin inkişafı və potensialın artırılması təşəbbüsləri ilə tamamlandığı
vahid strategiyaya əsaslanır. Bu strategiyanın bir hissəsi kimi ITFC Mərkəzi
Asiyada Ticarətə Qoşulma (TCCA+) proqramına başlayıb. “TCCA+” proqramının əsas
prioritetlərindən biri ixracyönümlü KOS-lara dəstək verməkdir.

İslam maliyyəsinə uyğun ticarət həllərinin tətbiqi strategiyamızın mühüm
aspektidir. Bu həllər şəriətə uyğun ticarət maliyyə resurslarına çıxışı təmin
etmək, regional və beynəlxalq ticarət fəaliyyətlərində iştirakı asanlaşdırmaq
məqsədilə Azərbaycanda KOB-ları gücləndirmək üçün nəzərdə tutulub.

Bu kontekstdə biz Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları ilə
əməkdaşlığımızın bərpası prosesinə başlamışıq. Ticarət maliyyə xətti imkanları
çərçivəsində ITFC Azərbaycandakı KOS müştərilərinin ehtiyacları üçün həm
maliyyələşdirilən, həm də maliyyələşdirilməyən şəriətə uyğun həllər təklif
etməyi planlaşdırır. Belə bir mühüm mərhələdə ITFC ötən həftə “Rabitəbank” ASC
ilə 10 milyon ABŞ dolları dəyərində “Letter of Credit Confirmation Facility”
(akkreditiv) müqaviləsi imzalayıb. Bu, Azərbaycanda KOS müştərilərinin
ticarətin maliyyələşdirilməsi ehtiyaclarını sürətləndirmək və sadələşdirmək
üçün nəzərdə tutulub.

“Rabitəbank” ilə bu əməkdaşlıq Azərbaycandakı digər yerli banklarla əməkdaşlıq
öhdəliyini yenidən gücləndirir. Bu əməkdaşlıqlar vasitəsilə biz ölkədə islam
maliyyəsi prinsiplərini təşviq edəcəyik və ticarətin maliyyələşdirilməsi üzrə
hərtərəfli həllər təklifi imkanı qazanacağıq.

Nəticə etibarı ilə ITFC ölkənin inkişaf məqsədlərinin həyata keçirilməsinə
töhfə vermək və qlobal ticarətin maliyyələşdirilməsində yaranan boşluqların
KOS-lara mənfi təsirlərini azaltmaq üçün Azərbaycanın KOS sektorunu
dəstəkləməyə tam sadiqdir. İnteqrasiya edilmiş yanaşmamız və əməkdaşlığımız
vasitəsilə biz Azərbaycan KOS-larının böyüməsinə, inkişafına və ümumi iqtisadi
mənzərəyə təsir göstərməyi hədəfləyirik.

– Azərbaycan istər nəqliyyat, istərsə də neft-qaz sahəsində bir sıra
beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Bu cür layihələr İslam
Korporasiyasının diqqətini çəkirmi?

– Azərbaycanın nəqliyyat, neft və qaz sektorlarında fəal iştirakı və
beynəlxalq layihələrə təşəbbüs göstərməsi ITFC olaraq diqqətimizi cəlb edir. Bu
sektorlar üzv ölkələrin, o cümlədən Azərbaycanın iqtisadi inkişafında və enerji
təhlükəsizliyində əsas rol oynayır.

Enerji təhlükəsizliyi təşkilatımızın əsas hədəflərindən biri kimi önə
çıxmaqdadır. Biz iqtisadiyyatların “yaşıl” və daha dayanıqlı enerji mənbələrinə
keçidinin tərəfdarı olmaqla yanaşı, üzv ölkələrin enerjiyə olan təcili və mühüm
ehtiyaclarını da anlayırıq. Bir çox ölkələr, o cümlədən Azərbaycan üçün neft və
qaz ehtiyatları bərpa olunan enerjiyə iqtisadi və məqsədəuyğun şəkildə keçid
edənə qədər əhəmiyyətli olaraq qalır. Bu kontekstdə biz enerji təhlükəsizliyini
təmin etmək və inkişaf ehtiyaclarını ödəmək məqsədilə üzv ölkələrimizin
neft-qaz sektorunu dəstəkləməyi nəzərdən keçirməyə hazırıq. Məqsədimiz təcili
enerji ehtiyaclarını ödəmək və daha davamlı enerji təcrübələrinə keçidi
asanlaşdırmaq arasında balans yaratmaqdır.

Nəqliyyat sektoruna gəldikdə isə İslam İnkişaf Bankı (IsDB) infrastruktur
investisiyalarında fəal iştirak edir. Bu mövzuda təşkilatlarımız bir-birini
tamamlayır. IsDB infrastrukturun inkişafına diqqət yetirdiyi halda, biz
dövriyyə kapitalının maliyyələşdirilməsinin genişləndirilməsi yolu ilə
nəqliyyat infrastrukturunun saxlanmasına dəstək verməklə müvafiq sektorlara
töhfə verə bilərik. Bundan əlavə, əməkdaşlığımız əsas nəqliyyat dəhlizlərində
sadə infrastrukturun inkişafına, logistikanın təkmilləşdirilməsinə və ticarətin
asanlaşdırılması proseslərinə qədər genişlənə bilər.

Bir sözlə, Azərbaycanın enerji, nəqliyyat və neft-qazla bağlı beynəlxalq
layihələrdə fəal iştirakı ITFC olaraq bizim missiyamıza uyğundur. Biz iqtisadi
inkişafı stimullaşdıra, enerji təhlükəsizliyini artıra və nəqliyyat
infrastrukturunu optimallaşdıra biləcək əməkdaşlıq və dəstək yollarını
araşdırmağın tərəfdarıyıq. Məqsədimiz təcili ehtiyaclar ilə uzunmüddətli
davamlılıq arasında ahəngdar tarazlığa nail olmaq və nəticədə üzv ölkələrimizin
rifahına və sabitliyinə töhfə verməkdir.

– Azərbaycanda bir sıra dövlət müəssisələrinə özəl investisiyaların cəlbi
planlaşdırılır. Məsələn, Azərbaycan Beynəlxalq Bankı, “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi”, “AzerGold”, rəqəmsal və neft sektorlarına daxil olan bəzi
müəssisələr. ITFC-nin dövlət müəssisələrinə investisiya yatırmaq kimi
praktikası mövcuddurmu?

– ITFC-nin həm dövlət, həm də özəl sektor təşkilatları ilə əməkdaşlıq etmək
səlahiyyəti var. Bu illər ərzində biz müxtəlif üzv ölkələrin dövlət
institutları ilə uğurlu tərəfdaşlıq əlaqələrinin təcrübəsini yaratmışıq ki, bu
da, nəzərəçarpacaq nəticələr, iqtisadi artıma və inkişafa mühüm töhfələr verib.

Bu əməkdaşlıqlar sosial-iqtisadi sabitliyin mühüm komponentləri olan ərzaq və
enerji təhlükəsizliyinin təmin edilməsində çox vaxt əsas rol oynayıb. ITFC
dövlət qurumları ilə əməkdaşlıq edərək əsas məhsulların və enerji resurslarının
axınını asanlaşdırmaqla üzv ölkələrin inkişaf məqsədlərinə dəstək verib.

Bu baxımdan, Azərbaycanda dövlət qurumları ilə potensial əməkdaşlığın
araşdırılmasına hazırıq. Çünki hökumət də Azərbaycan Beynəlxalq Bankı,
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “AzerGold”, rəqəmsal və neft sektorundakı
qurumlarla potensial əməkdaşlığın araşdırılmasına razıdır. Təbii ki, bu, özəl
investisiyaları qurumlara cəlb etmək məqsədi daşıyır.

Məsələn, ölkənin ən böyük və əhəmiyyətli bankı olan Azərbaycan Beynəlxalq
Bankı ölkədə ITFC üçün ideal biznes tərəfdaşı ola bilər. Belə əməkdaşlıq
şəriətə uyğun ticarət həllərinin tətbiqinə və islam maliyyəsi prinsiplərinə
uyğun ticarət fəaliyyətinin asanlaşdırılmasına gətirib çıxarar.

ITFC Azərbaycanda dövlət qurumları ilə tərəfdaşlıq imkanlarını da araşdırmağa
hazırdır. Biz öz təcrübəmizdən və peşəkarlığımızdan istifadə etməklə ölkənin
iqtisadi artımı və inkişaf hədəflərinə töhfə verməyi hədəfləyirik. Son olaraq
Azərbaycan daxilində ticarəti inkişaf etdirmək və üzv ölkələrin prioritetlərinə
uyğun davamlı sosial-iqtisadi inkişafı təşviq etmək əsas məqsədimizdir.

– Azərbaycanda hansı sektorun inkişafında potensial görürsünüz və bu sahələrin
təşviqi üçün İslam Korporasiyası tərəfindən hansı tövsiyələriniz ola bilər?

– Azərbaycan hökuməti ənənəvi sahələrdən kənara çıxan sektorların
dəstəklənməsinin vacibliyini nəzərə alaraq iqtisadiyyatının şaxələndirilməsi
istiqamətində mühüm addımlar atıb. Böyük inkişaf potensialına malik sektorlar
arasında kənd təsərrüfatı əsas namizəd kimi önə çıxır. Bu sektor təkcə sabit
inkişaf edən iqtisadiyyatın təmin edilməsində deyil, həm də qlobal səviyyədə
rəqabət qabiliyyətinin yüksəldilməsində vacib rol oynayır. Kənd təsərrüfatı
məhsullarının rəqabətqabiliyyətinin daha da artırılmasına, yeni bazarların və
ixrac istiqamətlərinin yaranmasına imkan verəcək. Bu təkmilləşdirmələrə
məhsuldarlığı və təchizat potensialını artırmaq üçün təchizat zəncirinin
modernləşdirilməsi və genişləndirilməsi daxildir. Bundan əlavə, xüsusilə İslam
İnkişaf Bankı Qrupu ölkələri arasında beynəlxalq bazarlar haqqında daha yaxşı
məlumatlar qida və kənd təsərrüfatı sektorunda ixracın artmasına səbəb ola
bilər.

Beynəlxalq ticarət bu baxımdan mühüm rol oynayacaq. Bundan əlavə, Azərbaycanın
regional ticarət, həmçinin tranzit mərkəzinə çevrilməsinə dəstək üçün nəqliyyat
və ticarət infrastrukturunu, logistika və ticarət siyasətini, bu istiqamətdə
prosedurları daha da inkişaf etdirmək vacibdir.

– Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası
Azərbaycanda hansı yeni layihələrə dəstək göstərməkdə maraqlıdır?

– ITFC xüsusilə sabit böyüyən və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına
diqqət yetirərək, öz layihələrini və fəaliyyətini Azərbaycanın sosial-iqtisadi
inkişafı üzrə milli prioritetlərinə uyğunlaşdırmağa hazırdır.

İslam Korporasiyası Azərbaycanda həm dövlət, həm də özəl sektora dəstək
göstərmək imkanına malikdir və bu, bizə Azərbaycanda fərqli qurumlar və
müştərilərlə qarşılıqlı əlaqə yaratmaq imkanı verir. ITFC dövlət sektorunda
neft-qaz, telekommunikasiya və nəqliyyat kimi müxtəlif sektorları əhatə edən
dövlət müəssisələrinin maliyyələşdirilməsi mexanizmlərini araşdırmaqda
maraqlıdır. Bu strateji yanaşma əsas hökumət institutlarının fəaliyyətini və
davamlılığını yaxşılaşdırmaq üçün hökumətin səylərini dəstəkləmək məqsədi
daşıyır.

Özəl sektor sahəsində ITFC-nin qarşıdakı illər üçün iddialı planları var. Biz
Azərbaycanda tərəfdaş banklar şəbəkəmizi genişləndirmək, özəl sektor və kiçik
orta biznes üçün ticarətin maliyyələşdirilməsini asanlaşdırmaq öhdəliyimizə
sadiqik. Banklara və maliyyə institutlarına təqdim edilən ticarət maliyyə
xətləri ilə özəl sektor müştərilərinin ticarətin maliyyələşdirilməsi
ehtiyaclarını qarşılamaq və bununla da onların böyüməsini, genişlənməsini
dəstəkləmək üçün fəaliyyətimizi davam etdirəcəyik.

Bizim yanaşmamızın diqqətəlayiq cəhəti şəriət prinsiplərinə sadiqliyimizdir
ki, bu da təqdim olunan maliyyələşdirmənin islam maliyyəsi prinsiplərinə uyğun
olmasını təmin edir. Bu öhdəlik Azərbaycanda islam maliyyəsinin inkişafına
təkan verməklə yanaşı, həm də ənənəvi maliyyə institutları tərəfindən çox vaxt
kifayət qədər xidmət görməyən KOB-lar üçün faydalı alternativ maliyyələşdirmə
üsulları və mənbələri təklif edir.

Bundan əlavə, ITFC Azərbaycanın “TCCA+” proqramına davamlı dəstəyini və
töhfəsini dəyərləndirir. Bu proqram regional ticarət və investisiyalar üçün
katalizator rolunu oynayır, region bazarlarını Azərbaycan da daxil olmaqla
digər beynəlxalq bazarlarla əlaqələndirmək məqsədi daşıyır. Azərbaycan
“TCCA+”da iştirak edərək, strateji coğrafi mövqeyinə əsaslanaraq regional və
beynəlxalq ticarət dinamikasında əsas oyunçu kimi mövqeyini gücləndirə bilər.

Son olaraq bir daha qeyd edim ki, ITFC həm dövlət, həm də özəl sektorla
əməkdaşlıq çərçivəsində şəriətə uyğun maliyyələşdirmə təklif edərək, tərəfdaş
banklar şəbəkəsini genişləndirərək və “TCCA+” kimi transformasiya
proqramlarında fəallıq göstərərək Azərbaycanın iqtisadi inkişafına dəstəkdə
əsas rol oynamağa hazırdır. Hədəfimiz Azərbaycanın inkişaf məqsədlərinə və
prioritetlərinə uyğun şəkildə ölkənin və xalqın davamlı inkişafına, rifahına
töhfə verməkdir.

Source link