İTV-nin Yayım Şurasının 3 yeni üzvü müəyyənləşib

İTV-nin Yayım Şurasının 3 yeni üzvü müəyyənləşib

Baxış sayı: 5. 285 dəfə baxılıb.

İTV-nin Yayım Şurasının 3 yeni üzvü müəyyənləşib
Bu gün Milli Məclisin plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb.

ONA-nın məlumatına görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin adından Milli Məclisə daxil olan müraciətdə bildirilib ki, İTV Yayım Şurasına idman federasiyaları, dini konfessiyalar və yaradıcı təşkilatlar tərəfindən irəli sürülmüş və üzv seçilmiş şəxslərin səlahiyyət müddətinin 19 aprel 2019-cu ildə başa çatması ilə əlaqədar, mart ayında keçirilmiş iclaslar nəticəsində İTV-nin Yayım Şurasına idman federasiyalarından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı və Azərbaycan Qalaqapı Federasiyasının vitse-prezidenti Orxan Muxtarov, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi Zemfira Qafarova və ABİ-nin baş məsləhətçisi Cəmilə Həsənovanın namizədliyi irəli sürülüb.

Qeyd edilib ki, idman federasiyaları, dini konfessiyalar və yaradıcı təşkilatlar tərəfindən irəli sürülmüş namizədlər arasından hər təşkilatdan 1 nəfər olmaqla, Milli Məclis tərəfindən 6 il müddətinə təsdiq edilməlidir.
Məsələ səsverməyə çıxarılıb və İTV-nin Yayım Şurasına idman federasiyalarından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı, dini konfessiyalardan QMİ sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən ABİ-nin katibi Zemfira Qafarova seçiliblər.