Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatında
qızıl medal qazanan Jalə Əliyeva (57 kq) Vətənə qayıdıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Azərbaycan qadın güləşi tarixində bu yaş qrupunda dünya çempionu olan ilk
qadın güləşçi adını qazanan Jalə Əliyeva üçün Heydər Əliyev Beynəlxalq
Aeroportunda brifinq keçirilib.
Jurnalistlərin suallarını cavablandıran Jalə Əliyeva sevincini belə ifadə edib:
“Dünya çempionu olduğum üçün çox sevinirəm. Düzdür, bu, mənim ilk uğurum
deyil, amma ilk dəfədir dünya çempionu oluram. Çalışacağam ki, bundan sonra
daha böyük uğurlara imza atım. Ən çətin görüşüm yaponiyalı güləşçi ilə oldu.
Görüşə yaxşı başlasam da, rəqibim sürətli olduğu üçün yoruldum. Amma yekunda
qələbə qazana bildim. Növbəti planlarım qarşıdakı yarışlara daha da yaxşı
hazırlaşmaqdır. Avropa və dünya çempionatları, eləcə də Olimpiya Oyunları üçün
hazırlıqlarımı davam etdirəcəyəm”.
Qeyd edək ki, Jalə Əliyeva dünya çempionatında ukraynalı Alina Filipoviçə
(7:4), türkiyəli Sevim Akbaşa (10:0), amerikalı Sofiya Makalusoya (10:0) və
yaponiyalı Ruka Natamiyə (10:8) qalib gələrək çempionluğa yüksəlib.