Jurnalistə ölüm arzulayan italiyalı nazir müavini oğurlanan rəsm əsərinə görə
istefa verdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İtaliyanın mədəniyyət nazirinin müavini, sənətşünas Vittorio Sqarbi 17-ci əsrə
aid rəsm əsərinin oğurlanması ilə bağlı aparılan araşdırmalar fonunda
qalmaqala, habelə jurnalistə ölüm arzuladığına görə istefa verib.
“Mən dərhal nazir müavini vəzifəsindən istefa verirəm və bu barədə İtaliyanın
Baş naziri Corciya Melonini məlumatlandıracağam”, – deyə o bildirib.
Qeyd edək ki, yanvarın əvvəlində Sqarbi dahi rəssam Rutilio Manettinin 17-ci
əsrə aid olan və 2013-cü ildə itkin düşən “Müqəddəs Pyotrun tutulması” (“The
Capture of Saint Peter”) tablosunu oğurlamaqda şübhəli bilinib: Əsər nazir
müavininin evlərindən birində aşkarlanıb.
Nazir müavini, həmçinin, işin araşdırılmasına həsr olunmuş müsahibə zamanı
jurnalisti təhqir edərək, “avtomobil qəzasında ölməsini” arzulayıb.
Sqarbi daha sonra üzr istəyib, ardınca isə zarafatla artıq məmur vəzifəsini
tutmadığı üçün başqalarına da ölüm arzulaya biləcəyini deyib.
Nazir müavininə qarşı daha bir iş açılıb. O, fransız rəssam Valentin de
Bulonun əsərini xaricə qanunsuz satmaq cəhdində ittiham olunur.
Qeyd edək ki, Vittorio Sqarbi dəfələrlə parlamentə seçilib.
Mənbə: Politico