47 yaşlı danimarkalı ixtiraçı Piter Madsen isveçli qadın jurnalist Kim Volu öldürdüyünə görə ömürlük azadlıqdan məhrum edilib.
ÇıxışYolu.Com BBC-yə istinadən xəbər verir ki, məhkəmənin çıxardığı qərara görə, onun gələcəkdə şərti azadlığa çıxmaqla bağlı vəsatətinə də baxılmayacaq.
Dövlət ittihamçısının sözlərinə görə, avqustun 21-də jurnalist Madsendən müsahibə almaq üçün onunla sualtı-qayıqda dəniz gəzintisinə yollanıb.
İxtiraçı jurnalistə təcavüz etdikdən sonra onu boğaraq və ya boğazını kəsərək qətlə yetirib, daha sonra isə bədənini hissələrə doğrayaraq qayığı bilərəkdən batırıb.
Hakimin qərarına baxmayaraq, müttəhim sonadək günahını boynuna almayıb və qadının qəza nəticəsində həlak olduğunu iddia edir.