Kəlbəcərdə altı SES yenidən qurularaq istismara verilib – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına
çevrilməsi ilə bağlı strategiyasına uyğun olaraq, Kəlbəcər rayonunda bu günə
kimi “AzərEnerji” tərəfindən altı yerdə kiçik su elektrik stansiyası yenidən
qurularaq istismara verilib.
Bu barədə “Azərenerji” ASC-nin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, 2022-ci ildə 4,4 meqavat gücündə “Kəlbəcər-1” Kiçik Su
Elektrik Stansiyasının, 2023-cü ildə isə 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6
meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə
“Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” Kiçik Su Elektrik stansiyalarının
yenidənqurmadan sonra açılışı olub.
Hazırda Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən dörd yerdə kiçik su
elektrik stansiyasının tikintisi aparılır. “Aşağı Vəng”, “Yuxarı Vəng”,
“Nadirxanlı” və “Zar” adlanacaq kiçik su elektrik stansiyalarının 2024-cü ildə
istismara verilməsi planlaşdırılıb.
Onu da xatırladaq ki, Kəlbəcər rayonu azad ediləndən dərhal sonra Daşkəsən
rayonundan Kəlbəcərə 3 500 metr yüksəklikdəki Murov dağını keçməklə 70 km
məsafədə yüksəkgərginlikli ikidövrəli ötürmə xətti çəkilib. Dağlar sıldırımlı,
hava sərt şaxtalı, qarın qalınlığı üç-beş metrə çatan yolsuz ərazilərdə
hündürlüyü 50 metr, çəkisi 10 ton olan anker dayaqlar quraşdırılaraq şəraitsiz
vəziyyətdə vəzifə icra edilib. Paralel olaraq, sərt iqlim və çətin relyefdə
yerləşən Kəlbəcərdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib.
2021-ci ilin yayında yarımstansiyanın açılışı olub.