39012f34-94bf-4f05-86c6-948be12d113d..jpg

Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi – FOTO/VİDEO

Baxış sayı: 867 dəfə baxılıb.

Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğu üzrə şəxsi heyətin
xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində inamlı
islahatlar həyata keçirilir, ordunun maddi-texniki təminatı daha da
gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur qurulur.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi
general-leytenant Nizam Osmanov Kəlbəcər rayonu ərazisində yeni istifadəyə
verilən hərbi infrastruktura baxış keçirib.

Bildirilib ki, Hərbi Polisin tabeliyindəki bölmənin yeni istifadəyə verilmiş
yerləşmə məntəqəsi Müdafiə Nazirliyinin inşaat taborunun güc və vasitələri ilə
müasir tələblər nəzərə alınmaqla inşa olunub.

Yerləşmə məntəqəsindəki qərargah, inzibati və xidməti iş otaqları
mərkəzləşdirilmiş istilik sistemi, lazımi mebel və avadanlıqla təmin edilib,
işıq, su və kommunikasiya xətləri çəkilib. Ətrafda abadlıq işləri aparılıb.

Burada silah otağı, yataqxana, yeməkxana, hamam-sanitar qovşağı, isitmə
sobaları, eləcə də avtomobil texnikasının saxlanması üçün park mövcuddur.

Sonra şəxsi heyətlə görüşən general-leytenant N.Osmanov onların qayğıları ilə
maraqlanıb, hərbi qulluqçuları qarşıdan gələn Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə general-polkovnik Zakir Həsənovun
adından təbrik edərək xidmətlərində uğurlar arzulayıb və bayram hədiyyələri
təqdim edib.

Daha sonra müdafiə nazirinin müavinləri – Maddi-Texniki Təminat Baş İdarəsinin
rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı
general-leytenant Ənvər Əfəndiyev Kəlbəcər rayonu ərazisində yeni istifadəyə
verilən birləşmiş anbarlarda olublar.

Məruzə edilib ki, yeni inşa edilən birləşmiş anbarlar vasitəsilə Azərbaycan
Ordusunun Kəlbəcər və Laçın rayonları ərazilərində dislokasiya olunan bütün
bölmələrinin təminat və təchizatı fasiləsiz həyata keçiriləcək.

Burada mövcud olan qərargah binası, yataqxana, inzibati və xidməti otaqlar
bütün zəruri avadanlıqlarla tam təchiz edilib. Fasiləsiz elektrik enerjisinin
təminatı üçün generatorlar quraşdırılıb. Ərazidə abadlıq işləri aparılıb,
ağaclar əkilib.

Birləşmiş anbarlarda mərkəzləşdirilmiş istilik sisteminin təmin edilməsi
məqsədilə qazanxana kompleksi, hərbi hissələrə təminat daşınmasında istifadə
edilən yük avtomobillərinin, eləcə də yanğınsöndürmə avtomobillərinin
saxlanması üçün park mövcuddur.

Həmçinin ərazidə qonaq evi də inşa edilib ki, buradakı istirahət otaqları da
müasir tələblərə cavab verən bütün növ mebel və avadanlıqla təmin olunub.

Sonda hərbi qulluqçuların maddi-texniki təminatının və sosial-məişət
şəraitinin daha da yaxşılaşdırılması istiqamətində müdafiə nazirinin müvafiq
tapşırıqları aidiyyəti şəxslərə çatdırılıb.


Source link