b15fccb2-d6d8-4e56-9420-86e17921a118..jpg

Kənan Məstəliyev: “Bu onu göstərir ki, ermənilər hələ də sülh istəmirlər”

Baxış sayı: 772 dəfə baxılıb.

Kənan Məstəliyev: “Bu onu göstərir ki, ermənilər hələ də sülh istəmirlər”

“Orada yalnız Türkiyə millisinin dəstəyini gördük. Onlarla eyni mərtəbədə
qalırdıq, daim əlaqədə idik. İlk andaca bizi dəstəklədilər, həmrəy olduqlarını
bildirdilər”.

Cixisyolu.com xəbər verir ki, bunu Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat
xidmətinin rəhbəri Kənan Məstəliyev Ermənistanın paytaxtı İrəvanda keçirilən
Avropa çempionatı zamanı baş vermiş təxribat barədə danışarkən deyib.

Federasiya rəsmisi Azərbaycan bayrağının yandırılmasının yolverilməz addım
olduğunu bildirib:

“Bayraq namusumuz qeyrətimiz, şərəfimizdir. Hamımız bayrağımızın yüksəlməsi,
zirvələrdə dalğalanması üçün çalışırıq. Bayrağımıza qarşı edilən istənilən
hərəkət yolverilməzdir. Bunun qarşısını İrəvanda belə, almağa hazırıq. Hadisə
baş verən anda reaksiyamızı göstərdik. Çünki bayrağa qarşı hörmətsizliyi heç
cür qəbul edə bilmərik. Bizə təhlükəsizlik təminatı verən dövlətin Baş
nazirinin beş addımlığında qonağının bayrağı yandırılır və buna reaksiya
vermir. Həmin vandallığı, barbarlığı edən şəxsi Ermənistan ictimaiyyəti
alqışladı. Biz bunu qəbul edə bilməzdik. Bu onu göstərir ki, ermənilər hələ də
sülh istəmirlər, hələ də Azərbaycana qarşı nifrətləri var. Hadisə baş verən
anda qərara gəldik ki, ölkəni tərk edək. Dərhal məlumat verdik. Prezidentİlham
Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilk andan sona qədər
yanımızda oldular. Xalqımızın da dəstəyini hiss etdik”.

K.Məstəliyev bildirib ki, hadisədən sonra həm yerli hakimiyyət, həm Avropa
Ağır Atletika Federasiyası, həm də Beynəlxalq Ağır Atletika Federasiyası onları
yarışda qalmağa dəvət ediblər: “Ancaq bunu qəbul edə bilməzdik. Buna görə də,
qərara alındı ki, ilk imkandaca Ermənistanı tərk edək”.

Mətbuat katibi deyib ki, açılış mərasimindən sonra məskunlaşdıqları hoteldə
internet kəsilib. O, bunun bilərəkdən atılan addım olduğunu deyib: “Daimi
internet olmasına baxmayaraq, hadisə baş verən kimi, internet kəsildi. Hətta
televiziyada da bayrağın yandırılması epizodunu göstərməmişdilər. Qısa müddət
sonra bunu sosial şəbəkələrdə gördük. O zaman interneti niyə kəsdiklərini başa
düşdük”.

Federasiya rəsmisi İrəvanda olduqları müddət ərzində Ermənistan ictimaiyyəti
ilə birbaşa təmaslarının olmadığını vurğulayıb: “Buradan Tbilisiyə getdik,
orada bizi qarşı tərəfin təhlükəsizlik orqanları qarşıladılar. Bizi İrəvana
apardılar və oradan hotelə getdik. İlk günü hoteldə qaldıq, çölə çıxmadıq.
Aprelin 14-də cəmi bir dəfə çıxdıq, müşayiətlə məşqə gedib qayıtdıq. Bizim yox,
hətta bayrağımızın ilk təmasındaca təxribata əl atdılar. Gənc idmançılarımızın
psixoloji vəziyyətini nəzərə alaraq, geri qayıtmaq qərarına gəldik. Orada
qalmağın heç bir əhəmiyyəti yox idi”.

Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində
Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.

Faiq Tahirov

Source link