Kənd Təsərrüfatı Nazirliyindən şər qüvvələrə tutarlı cavab

Kənd Təsərrüfatı Nazirliyindən şər qüvvələrə tutarlı cavab

Baxış sayı: 3. 390 dəfə baxılıb.

Azərbaycan əleyhinə qurulmuş “Azərbaycan saatı” adlı youtube çarxının müəllifi Qənimət Zahid bu günlərdə yenə də həmişəki kimi cəfəng fikirlərini cəmiyyətə sırımağa çalışırdı. Bu cəfəngiyyatın bir hissəsi də ölkənin kənd təsərrüfatı ilə bağlı konteksdən çıxarılmış məlumatlardan və qeyri-peşəkar yozumlardan, daha dəqiqi, yalan fikirlərdən ibarətdir.
Qənimət Zahidin sözlərinə görə, ölkədə kənd təsərrüfatı batır, ərzaq məhsullarına olan tələbat idxaldan ciddi şəkildə asıldır, ölkənin kənd təsərrüfatı ilə bağlı inkişaf proqramı yoxdur.
Əvvəla, elə təkcə 2019-cu ilin I rübü ərzində kənd təsərrüfatının ümumi istehsalı 3,6%, o cümlədən bitkçilik məhsulları istehsalı 24,7%, heyvandarlıq məhsulları istehsalı 2,8% artıb. I rübdə tərəvəz istehsalı 32% artıb, yeni mövsümün məhsulları üçün əkin sahələri isə 10,4% genişləndirilib. Eyni zamanda, I rüb ərzində kənd təsərrüfatı və emalı sənayesinin məhsullarının ixracı ümumilikdə 41,4%, o cümlədən natural ifadədə tərəvəz ixracı 43,7%, meyvə ixracı 25,7%, habelə pambıq mahlıcı ixracı 3 dəfə, pambıq ipliyi ixracı 34%, tütün ixracı 36% artıb və s. Bunlarla yanaşı, I rübdə süd və pendir məhsullarının, habelə mal ətinin idxalında azalma, kərə yağının idxalında 24%, düyü idxalında 37%, bitki yağlarının idxalında 27%, marqarin idxalında 10%, siqaret idxalında 28% azalma var və s. I rüb əzrində tərəvəz qrupu üzrə idxaldakı 14,7% və ya 9,6 min tonluq artım kartofun hesabına, meyvə qrupu üzrə 3,5% və ya 1,3 min tonluq artım isə bananın hesabına olmuşdur. Həmçinin “ət idxalı artıb” fikri I rüb ərzində qida sənayesinin tələbatı üçün quş əti idxalının 4,9 min ton artması ilə xarakterizə edilir.
Ölkədə kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi ilə bağlı daha əhatəli indikatorlar üzrə analitik şərh vermək olar. Bu peşəkar yanaşmanı isə peşəkarlarla aparılan müzakirələrdə ortaya qoymaq olar. Lakin nə Qənimət Zahidin bu açıqlamalarının, nə də onu “maarifləndirən” “ekspert”in peşəkarlıqla heç bir əlaqəsi yoxdu. Buna görə də bu qısa şərhdə Qənimət Zahidin yalançı populizminə cavab olaraq sadəcə bəzi faktlar texniki formatda sadalanıb.
Qənimət Zahid özünəməxsus ədəbsiz bir əda ilə bəyan edir ki, dövlətin kənd təsərrüfatı sahəsində heç bir inkişaf proqramı yoxdur. Hansı ki, kənd təsərrüfatı sahəsi üzrə həm ümumi, həm də sektorial dövlət proqramları mövcuddur. Bunu bilmək üçün heç ekspert olmaq da lazım deyil, sadəcə olaraq yalandan və qərəzdən uzaq olmaq lazımdır.
Qənimət Zahid (və “eksperti”) kənd təsərrüfatı və ərzaq məhsullarının idxal qiyməti ilə pərakəndə satış qiyməti arasında da “böyük” fərq barədə (diletantcasına ya da qərəzlə) böyük yalan danışır. Səhv izahat verməklə malların idxal qiymətini orta hesabla 36%-lik gömrük rüsum və vergilərini nəzərə almadan göstərir. Həmçinin idxal olunan mal və quş ətinin qiymətini cəm şəkildə hesablayaraq mal ətinin idxal qiyməti kimi təqdim edir.
Sonda Qənimət Zahidin kənd təsərrüfatı və ərzaq sahəsinə olan marağını nəzərə alaraq ona sığındığı Fransanın da bu sahədə bəzi göstəricilərini təqdim edirəm. Fransanın 2015-ci ildə 55 milyard dollar olan kənd təsərrüfatı və ərzaq məhsulları idxalı 2018-ci ildə 65 milyard dollara çatıb. O cümlədən, ət idxalı 4,8 milyard dollardan 5,1 milyard dollara, süd məhsulları idxalı 3,6 milyard dollardan 4,8 milyard dollara, içkilərin idxalı 3,7 milyard dollardan 4,8 milyard dollara, o cümlədən pivə idxalı 630 milyon dollardan 981 milyon dollara yüksəlib.
Firdovsi Fikrətzadə, kənd təsərrüfatı iqtisadiyyatı üzrə fəlsəfə doktoru