309602bc-1998-4cdc-80dd-592ccc0e8f5e..jpg

Kənd təsərrüfatına dövlət dəstəyinin artırılmasının nəticəsi necə olacaq? – FOTO

Baxış sayı: 800 dəfə baxılıb.

Kənd təsərrüfatına dövlət dəstəyinin artırılmasının nəticəsi necə olacaq? –
FOTO

Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafına 2023-cü ilin dövlət
büdcəsindən 1 milyard 202,1 milyon manat məbləğində vəsait ayırmağı
planlaşdırır ki, bu da 2022-ci illə müqayisədə 20,5 faiz çoxdur. Maliyyə
Nazirliyindən bildirilib ki, müxtəlif kənd təsərrüfatı tədbirləri üçün 658,1
milyon, meliorasiya, irriqasiya və suvarma sistemlərinin maliyyə təminatı üçün
465,8 milyon, baytarlıq tədbirləri üçün 47,5 milyon, digər məqsədlər üçün 30,7
milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

2023-cü ildə Qarabağ və Şərqi Zəngəzurda yeni torpaq sahələrinin kənd
təsərrüfatı dövriyyəsinə cəlb edilməsi də daxil olmaqla ölkədə ərzaq
təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait nəzərdə tutulub.
Bundan əlavə, ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal olunan buğdadan
asılılığın azaldılması və ölkənin ərzaqlıq buğda ilə özünü təminat səviyyəsinin
artırılması üçün yeni tənzimləyici mexanizmlərin yaradılması məqsədilə 180
milyon manat məbləğində vəsait ayrılacaq. Kənd təsərrüfatı bitkilərinin və
bitkiçilik məhsullarının sığortalanması üçün 6,5 milyon manat məbləğində
vəsaitin ayrılması da nəzərdə tutulub.

Bəs dövlətin bu sahəyə bu cür dəstəyinin nəticəsi olaraq nə gözlənilir?

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirilib ki, kənd
təsərrüfatı ilə bağlı dövlət dəstəyi neçə ildir var:

“Əsasən ərzaq təhlükəsizliyinin təmin edilməsi, istehsalın artmasının
dəstəklənməsi, regionlarda məşğulluğun artırılması, sabit saxlanması məqsədi
güdür. Bu il bəzi sahələr üzrə kənd təsərrüfatında əkin subsidiyalarında artım
var. Ən ciddi yenilik ərzaq buğdasının yetişdirilməsi ilə bağlı məhsul
subsidiyasının verilməsidir. Ərzaq buğdası ilə bağlı problem Ukrayna-Rusiya
münaqişəsindən sonra çox aktuallaşıb. Buna görə də bu sahə diqqət
mərkəzindədir. Əlavə olaraq işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı
strukturlarının qurulması və oradakı yeni torpaqlara ayrılan subsidiyaların
verilməsinin təminatı vəsaitlərin artırılmasını məcburi edir”.

Ekspertin sözlərinə görə, asılılığın aradan qaldırılması kənd təsərrüfatını
inkişaf etdirəcək:

“Ölkədə dənli bitkilər – arpa, buğda kimi məhsulların toxum məsələsində
xaricdən asılılıq var. Həmçinin, damazlıq heyvanlar da daha çox xaricdən gəlir.
Bu asılılığının azaldılması yönündə Elmi Tədqiqat İnstitutu ilə birlikdə yeni
sortların inkişaf etdirilməsi, ölkə daxilində damazlıq heyvan bankının
yaradılması və yetişdirilməsi təmin oluna bilər. Kənd təsərrüfatında istifadə
olunan texnika, avadanlıq və detallarının böyük əksəriyyəti də idxal olunur.
Kənd təsərrüfatı texnikası, onların avadanlıqları, detallarının istehsalı
istiqamətində ölkənin sənayeləşmiş rayonlarında bazaların yaradılması bu
asılılığı azalda bilər. Əlçatanlığın təmin edilməsi kənd təsərrüfatının
inkişafına dəstək ola bilər”.

Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov dedi ki, Rusiya-Ukrayna
müharibəsi fonunda ərzaq təhlükəsizliyi məsələləri daha da aktuallaşdı:

“Bu baxımdan Azərbaycan qabaqlayıcı addımlar atdı, kənd təsərrüfatı
məhsullarının istehsalının genişləndirilməsi ilə bağlı siyasəti dərinləşdirdi.
Ona görə 2023-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı üçün daha çox vəsaitin
ayrılması ölkənin ərzaqla təminatında təhlükəsizliyinin daha da
gücləndirilməsi, xarici təsirlərə daha çevik reaksiya verilməsi məqsədi
daşıyır. Strateji ərzaq məhsulları üzrə həm yığım, həm ehtiyatların
artırılması, həm istehsalın genişləndirilməsi ilə bağlı xüsusi tapşırıqlar var.
Bu istiqamətdə icra edilən dövlət proqramları təkmilləşdirilir deyə, daha çox
vəsaitin ayrılması gözlənilən idi”.

Deputat bildirdi ki, 2023-cü ildə aqrar sektora ayrılmış vəsait il ərzində
kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsinə imkan verəcək:

“Bu, xüsusən yeni texnologiyanın, aqroparkların genişləndirilməsi və texnoloji
təminatın artırılması deməkdir. Həm də aqrar sektorda çalışan fermerlər üçün
subsidiya mexanizmi təkmilləşdiriləcək. 2023-cü ildə strateji məhsul istehsal
edən fermerlər üçün daha çox subsidiyanın ödənilməsi nəzərdə tutulur ki, bu da
nəticədə aqrar məhsulların istehsalının əvvəlki ilə nisbətən daha çox
artacağını proqnozlaşdırmağa imkan verir. Kənd təsərrüfatı məhsullarının
istehsalının genişləndirilməsi üçün bir baza formalaşır və dövlət də maliyyə
resursları ilə bu prosesi daha yaxından təşviq etməyə və dəstəkləməyə çalışır.
2023-cü ildə yerli istehsalın genişləndirilməsi hesabına ərzaq məhsullarının
idxalının azaldılması gözlənilir. İidxalın azaldılması həm idxal
inflyasiyasının tənzimlənməsi, həm istehlak bazarında tarazlığın qorunması, həm
də vətəndaşlarımızın ərzaq məhsullarına əlçatanlığının genişləndirilməsi
baxımından vacib hesab olunur”.

V.Bayramovun sözlərinə görə, vəsaitlərin ayrılması həm də maliyyə təşviqi, bu
sahədə infrastrukturun genişləndirilməsi və istehsalın artırılması üçün yeni
imkanlardır:

“İstehsal edilən məhsulların xarici bazara yalnız xammal formasında deyil,
emal edilərək çıxarılması həm fermerlərin gəlir imkanlarının artırılması, həm
də daha çox ixracın həyata keçirilməsi imkanını yarada bilər. Yeni bazarlara
çıxış həm də fermerlərin ənənəvi bazarlardan asılılığının aradan qaldırılması
deməkdir. Bu baxımdan, həm kənd təsərrüfatı məhsullarının emal edilərək bazara
çıxarılması, həm yeni bazarların tapılması aqrar sektorda vacib
istiqamətlərdəndir. 2023-cü ildə bu istiqamətdə fəaliyyətlərin daha da
genişlənəcəyi gözlənilir”.

Source link