“Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 9-19 mart
tarixlərində “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq.
Nazirlikdən verilən xəbərə görə, yarmarkanın təşkilində əsas məqsəd bayram
günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam
məhsullarla təmin etmək və fermer təsərrüfatları üçün alternativ satış kanalı
yaratmaqdır. Yarmarkanın əsas üstünlüklərindən biri məhsulların fermerlərin özü
tərəfindən birbaşa olaraq satışa çıxarılmasıdır.
“Kənddən Şəhərə” Novruz yarmarkasında satışa çıxarılacaq məhsullar yarmarkada
iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara
təqdim olunacaq. Yarmarkada ümumilikdə 25-dək regiondan 50-dən çox fermerin
iştirakı gözlənilir. Fermerlər 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida
məhsullarının satışını həyata keçirəcəklər.
Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası
fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir
məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən
faydalana bilərlər.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik”
stansiyasının çıxışı) ünvanında keçiriləcək yarmarkada fermerlər heç bir ödəniş
etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam
təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər.