6f5418e9-1651-44f8-89c5-ae4533486b01..jpg

“Kəpəz” 21 ildir “Qarabağ”ı məğlub edə bilmir: “Tilsimin qırılması real görünmür” – FOTO

Baxış sayı: 793 dəfə baxılıb.

“Kəpəz” 21 ildir “Qarabağ”ı məğlub edə bilmir: “Tilsimin qırılması real
görünmür” – FOTO

Azərbaycan Premyer Liqasının XXIX turunda “Qarabağ”ın qonağı olacaq “Kəpəz” 21
ildir ki, rəqibini məğlub edə bilmir.

“Report”un məlumatına görə, Gəncə təmsilçisi ölkə çempionatlarında sonuncu
dəfə 2001/2002 mövsümündə Ağdam klubuna qalib gəlməyə müvəffəq olub.

2002-ci il aprelin 6-na təsadüf edən qarşılaşmada “Kəpəz” 3:0 hesablı qələbə
qazanıb. Həmin görüşdə qollara Rövşən Əhmədov, Ruslan Sadıqov və Rövşən
Süleymanov imza atıblar. Maraqlıdır ki, o dövrdə “köhlən atlar”
“Qarabağ-Azərsun” adı altında çıxış edirdilər.

Azərbaycanda futbolun durğunluq dönəminə düşən illərdə tez-tez komanda adı
dəyişmək adi hala çevrilmişdi. Təsadüfi deyil ki, “Kəpəz”in “Gəncə”
adlandırılmağa başladığı 2004/2005 mövsümündən ağdamlılar yenidən “Qarabağ” adı
altında mübarizə aparıblar. Gəncə təmsilçisi nə şəhərin adını daşıdığı, nə də
“Kəpəz” adını qaytardığı 2011-ci ildən indiyə qədər “Qarabağ”la ayaqlaşa bilib.

21 ildə 22 məğlubiyyət

“Kəpəz” 2006-10, 2013-15 və 2018-22-ci illər aralığında yüksək liqada çıxış
etməyib. Ötən 21 il ərzində komandalar çempionatda 27 dəfə üz-üzə gəliblər ki,
bunun 5-də gəncəlilər heç-heçəyə sevinə biliblər. Qalan 22 qarşılaşma
“Qarabağ”ın qalibiyyəti ilə yekunlaşıb. Bu görüşlərdə “Kəpəz” 11, “Qarabağ” isə
47 qol vurub.

Halbuki 2002-ci ilə qədərki dönəmdə üstünlük Gəncə təmsilçisinin tərəfində
olub. “Kəpəz” 1992-2002-ci illər aralığında rəqibini 14 dəfə məğlub edib, altı
görüşdə uduzub. Digər beş oyun heç-heçə nəticələnib.

Digər diqqətçəkən məqam “Qarabağ”ın son 16 matçda “Kəpəz”in qapısına yol
tapmasıdır. Axırıncı dəfə 2012-ci ilin oktyabrında Gəncədəki matçda qonaq
komanda qol vura bilməyib və 0:0 hesabı qeydə alınıb.

Kənan Kərimov: “Davamiyyət itməsəydi, belə uğursuz seriya olmazdı”

“Kəpəz”in “Qarabağ” üzərində son qələbəsinin iştirakçılarından olan Kənan
Kərimov bu seriyanın səbəbini Gəncə futbolundakı enişdə görüb:

“Açığı, həmin oyunu xatırlamıram. Bilirsiniz ki, “Kəpəz” uzun müddət Premyer
Liqada iştirak etmədi, şəhər futboldan uzaq düşdü. Böyük şəhər olmasına
baxmayaraq, Gəncə futbolunda eniş yaşandı. Mən 21 illik tilsimi bu stabilliyin
olmaması ilə əlaqələndirirəm. Fikrimcə, “Kəpəz” böyük futboldakı davamiyyətini
itirməsəydi, belə bir uğursuz seriya olmazdı”.

Sabiq hücumçu “Kəpəz”in 20 il əvvələ qədər daim yüksək yerlər uğrunda mübarizə
apardığını xatırladıb:

“Həmin vaxtlar ölkə futbolu da, futbolçular da fərqli idilər. Zarafat deyil,
20 il əvvəldən danışırıq. Sonrakı dövrlərdə “Kəpəz” hər il Premyer Liqada yer
alsaydı, indi birinci-ikinci yerlər uğrunda mübarizə aparardı. Çünki “Kəpəz”
yüksək dəstədə stabil oynadığı vaxtlar həmişə iddialılar sırasında yer alıb.
Üstəlik, bu illər ərzində “Qarabağ” da çox inkişaf edib”.

47 yaşlı mütəxəssis Gəncə təmsilçisinin növbəti qarşılaşmada tilsimi
qıracağına inanmır:

“Hazırkı durumda tilsimin qırılması real görünmür. Çünki komandalar arasında
böyük səviyyə fərqi var. “Kəpəz”in autsayderlər zonasında qərarlaşması
komandanın daha mübariz çıxış etməsinə təkan ola bilər. Fikrimcə, Gəncə
təmsilçisi səfər matçında 1 xal üçün döyüşə bilər. Amma qələbə qazanması
inandırıcı deyil”.

Qeyd edək ki, aprelin 9-da “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Kəpəz”
oyunu saat 18:30-da başlayacaq.

Source link