“Kəpəz” futbolçularının dönərxana qarşısında növbəyə düzülməsi narazılıq
yaratdı – AÇIQLAMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sosial şəbəkələrdə Gəncənin “Kəpəz” klubunun oyunçularının dönərxana
qarşısında növbəyə durmasının görüntüləri yayılıb. Təbii ki, bu görüntülər hər
kəsin narazılığına səbəb olub. Çünki, idmançılar üçün qidalanma vacib amildir.
“Harda gəldi, nə gəldi” qəbul edən idmançı yüksək performans göstərə bilməz.
Təsadüfi deyil ki, Gəncə komandası da Azərbaycan Premyer Liqasında sonuncu
yerdə qərarlaşıb.
Nəzərə alaq ki, ötən həftə komandanın çalışdırıcısı istefaya göndərilib.
Komanda hələlik yeni məşqçi ilə bağlı hazırlıqlarını davam etdirir. Lakin bütün
hallarda fastfudla qidalanan oyunçudan yüksək ustalıq və uğur gözləmək
ağılsızlıq olardı. Hər bir idmançı normal məşq etdiyi kimi normal karbohidrat
və zülalla qidalanmalıdır.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Qida Təhlükəsizliyi Hərəkatının
rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova gördüklərindən
təəssüfləndiyini bildirib:
“İdmançı deyəndə gözümüzün önünə sağlam insan obrazı gəlir. Əlbəttə ki, bu
insanlar gündəlik qidalanmaya və sağlam həyat tərzinə diqqət etməlidirlər.
Hətta yarışdan öncə onların qidalanması fərqli şəkildə olur.
Bu qidalanmanın əsasını karbohidrat, xüsusən protein, zülal mənşəli
keyfiyyətli yağlar, vitamin və minerallar təşkil edir. İdmançılar sənaye üsulu
ilə hazırlanmış qidalardan uzaq durmalıdırlar. Yalnız bu zaman bədənin fiziki
sağlamlığı təmin edilmiş olur.
İdmançılar qızartmalardan uzaq qaçmalıdırlar. Xüsusən də mənşəyi bəlli olmayan
fastfud qidalar var ki, bunlar birmənalı şəkildə bütün insanlara zərərlidir. Bu
cür qidalar idmançının idman performansını aşağı salan faktorlardan biridir.
Çünki, bu qidaların tərkibində həddindən çox işlənmiş ət məhsulları var. Yəni
ət bir neçə dəfə isidilir və yaxud çox qızardılır.
Bu da insanların müxtəlif xəstəliklərə yoluxmasına səbəb olur.
Bu qidaların tərkibindəki doymuş yağlar ürək-damar sistemində tıxanıqlıq
yaradır, oynaqlarda yığılıb qalır. Beləcə, insanlar enerji itkisinə məruz qalır
və özlərini çox yorğun və əsəbi hiss edirlər. Fastfud, hamburger, dönər, yağda
və sobada qızardılmış qidalar bu mənada çox təhlükəlidir. Bura yağda
qızardılmış un məmulatlarını da aid etmək olar. Çünki bəzən günlərlə həmin
yağlar dəyişdirilmir və yaxud hazırlanma prosesində sanitar-gigiyena
qaydalarına əməl olunmur”.
Məhsəti Hüseynova onu da qeyd etdi ki, anormal qidalanma idmançının
sağlamlığının pozulmasına gətirib çıxarır:
“Bu da idmançının hər zaman yüksək performans göstərməsinə əngəl olur.
Orqanizm zəif olanda idmançının zədələri də gec sağalır. Qazlı və rəngli
içkilər də idmançılar üçün zərərlidir. Çünki, həmin suların tərkibindəki
kimyəvi qatqılar beynin funksiyasını pozur, eləcə də orqanizmə lazımından artıq
şəkər ötürülür. Rafinə olunmuş şəkərin ziyanı isə ikiqat çox olur.
İdmançılar yaxşı olar ki, meydançaya çıxmamışdan əvvəl faydalı
karbohidratlarla qidalansınlar. Bu siyahıya meyvələr və çərəzlər aiddir.
Təmiz buğda unundan hazırlanmış çörək məhsullarından istifadə də ziyansızdır.
Bir sözlə, idmançılar zülalı keyfiyyətli ət məhsullarından, vitamin və mineralı
isə mövsümi meyvə-tərəvəzdən almalıdırlar. Yarışdan əvvəl idmançılar
karbohidratlarla, yarışdan sonra isə zülallarla qidalanmalıdırlar”.