279d86eb-c1bb-4bd3-aca0-760170b155e1..jpg

“Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinin işinə məhkəmə baxışı təyin olunub

Baxış sayı: 528 dəfə baxılıb.

“Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinin işinə məhkəmə baxışı təyin
olunub

“Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə
prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın
sədrliyi ilə hazırlıq iclasının davamında təqsirləndirilən şəxslərin anket
məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı oktyabrın 17-nə təyin olunub.

Ötən iclasda təqsirləndirilən şəxslərin vəkilləri cinayət işi ilə tanış olmaq
üçün vaxt istəmişdilər.

Qeyd edək ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə
əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif
Cümşüdovu şirnikləndirici vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində
silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan
Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət
qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi
dəstə” yaratması barədə tapşırıqlar veriblər.

Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi
təbliğ edən tanışları – Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və
İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi
gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini
həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri
istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat
veriblər.

Bundan başqa, Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa
cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə”
dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla
Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımi dəstəyin veriləcəyini
vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar
İsayevi Arif Cümşüdovla tanış edib.

Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial
şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini
radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq
ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə
yetiriblər.

Dəstə üzvləri eyni zamanda İrandan məqsədli şəkildə göndərilən narkotik
vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini
məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq
fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.

Source link