“Kərimə” dövləti qurmaq istəyənlərin məhkəməsi keçirilir – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən daha bir qrup şəxsin (13 nəfər)
cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun
sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxslərdən ikisinin vəkili məhkəmədə iştirak etmədiyi üçün
hazırlıq iclası təxirə salınıb.
İş üzrə zərərçəkmiş şəxs kimi sabiq təhsil naziri Misir Mərdanov və “Real
TV”nin rəhbəri Mirşahin Ağayev tanınıb.
İttihama görə, Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli
Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə, Mir Vasid
Əliyev, İlham Şıxaliyev, Faiq Zeynalov, İlkin Bağırov, Vüqar Mədətov və Ruslan
Əliyev təqsirli bilinir.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 278.2 (Hakimiyyəti zorla
ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə – Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, o cümlədən
onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün
parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin
dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi)
maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, bundan əvvəl “Kərimə” dövləti qurmaq istəyən daha bir qrupun
istintaqı başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib və məhkəmə prosesi başlayıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş
Prokurorluğun mətbuat xidmətləri yaydığı birgə məlumatda bildirilib ki, İran
xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ
alınmış bir qrup Azərbaycan vətəndaşı respublika ərazisində sabitliyin
pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması
istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.
Müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla
Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar
törətməklə Azərbaycanın Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə
“Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli
şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr
təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar. Həmin planın bir
hissəsi kimi Rufulla Axundzadə “whatsapp”, “telegram” və digər ani mesajlaşma
sistemlərində məxfi qruplar yaradıb.
Bundan başqa, R.Axundzadə və oğlu Ə.Axundzadə həyatlarına sui-qəsdlərin təşkil
edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların
anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim
ediblər. Bu məqsədlə o, odlu silah əldə etmək və “molotov kokteyli”
hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verib. Əməliyyat zamanı “Qisas
313” adlı qrupun 7 nəfər üzvü – Elgün Ağayev, Ruslan Əliyev, Yusif Mirzəyev,
Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəddinli, Məhərrəməli Musayev, eləcə
dəst qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər. Rufulla
Axundzadə adları sadalanan şəxsləri təlimatlandıraraq onları təsir dairəsində
saxlamaq məqsədi ilə davamlı virtual görüşlər keçirib. Bu yolla o, dəstə
üzvlərində radikal meyillərin daha da güclənməsinə şərit yaradıb. Qrup üzvləri
Rufulla Axundzadənin göstərişi ilə respublika ərazisində “Kərimə” dövlətinin
qurulması, müxtəlif pozuculuq, kütləvi iğtişaşlar, sui-qəsdlər və bu kimi
qanunsuz fəaliyyətlə məşğul olacaqlarına, sosial şəbəkələrdə radikal dini
paylaşımlara müsbət reaksiya göstərən digər şəxsləri də üzv olduqları
“müqavimətçi dəstə”yə əlavə edəcəklərinə və bu kimi çirkin əməllərinə müqəddəs
Qurani-Kərimi də alət edərək ona and içiblər. Həmçinin onlar müxtəlif dövlət
orqanlarının inzibati binaların yaxınlığındakı küçələrdə radikal dini şüarlar
yazaraq vətəndaşlar arasında çaşqınlıq yaratmaq məqsədi ilə şəkillər çəkib
sosial şəbəkələrdə paylaşıblar.
R.Axundzadə, həmçinin dəstə üzvlərini dini təhsil almaq adı ilə İrana
aparmaqla hərbi təlimlərə və qanunsuz silahlı-ekstremist təşkilatlara cəlb
etməyi planlaşdırıb. R.Axundzadə ölkə ərazisində xarici xüsusi-xidmət orqanları
ilə məxfi əməkdaşlığa cəlb edilən şəxslərin “ifşa” olunması istiqamətində
keçirilən uğurlu əməliyyatlardan sonra ani mesajlaşma sistemlərində yaratdığı
qrupların bağlanması, dəstə üzvlərinin isə bir müddət sosial şəbəkələrdə aktiv
olmamaları barədə tapşırıqlar verib. Dəstə üzvləri eyni zamanda xaricdən onlara
göndərilən pul vəsaitlərini Azərbaycanda dini radikalizmin təbliğinə və digər
pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər. Bu istiqamətdə
əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.