863c807e-9e87-4479-94ff-bc473be5a3c4..jpg

Kəskin yağışlar regionlarda bir sıra fəsadlara səbəb oldu – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 2. 082 dəfə baxılıb.

Kəskin yağışlar regionlarda bir sıra fəsadlara səbəb oldu – YENİLƏNİB +
FOTO/VİDEO

Regionlarda yağan leysan yağışlar bir sıra fəsadlara səbəb olub.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə sel sularının Quba, Qusar və Qəbələdə yaratdığı fəsadlar lentə
alınıb.

Həmin görüntüləri təqdim edirik:

23:20

Xızı rayonu ərazisində bir neçə avtomobil dərəyə yuvarlanıb, 2 qadın köməksiz
qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Xızı-Giləzi yolunun Xızı
rayonu ərazisindən keçən hissəsində bir neçə avtomobilin güclü yağışın
yaratdığı lilli və palçıqlı sel suyu nəticəsində dərəyə yuvarlanması və
vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
qüvvələri əraziyə cəlb olunub.

Əlverişsiz hava şəraitinə və günün qaranlıq vaxtı olmasına baxmayaraq,
operativ olaraq həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində
yanğınsöndürən-xilasedicilər tərəfindən 2 qadın dərəyə düşmüş nəqliyyat
vasitəsindən çıxarılaraq xilas edilib.

FHN-in əraziyə cəlb edilmiş qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun
olaraq Xızı-Giləzi yolunun qeyd edilən hissəsində çətin vəziyyətdə qalan digər
avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.

22:04

Xızıda yağan qısamüddətli leysan yağışı nəticəsində Giləzi-Xızı yolu bağlanıb.

APA-nın məlumatına görə, palçıq kütləsi yolun 6-10-cu kilometrində hərəkəti
çətinləşdirib.

Əraziyə texnika cəlb olunub və yolun açılması istiqamətində işlər davam
etdirilir.

20:47

Şəkiyə leysan yağıb, iki kəndi sel suları basıb.

APA-nın məlumatına görə, günün ikinci yarısından başlayaraq ölkənin şimal-qərb
bölgəsində hava şəraiti dəyişib, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları
ərazisində yağışlı hava şəraiti müşahidə edilir.

Axşam saatlarına yaxın Şəki rayonunun Şəki və Cəyirli kəndlərinin inzibati
ərazisinin yaxınlığındakı dağlıq ərazilərə leysan yağışları yağıb. Leysan
yağışları nəticəsində ərazidən keçən Ərcan çayında suyun səviyyəsi qalxıb.
Ərcan çayında suyun səviyyəsinin həddən artıq qalxması səbəbindən ərazidən
keçən Yexlax-Balakən dəmir yol xəttinin üzərindəki suötürücülərin tutulması
səbəbindən yağış suları Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinə axıb.
Sel suları kənddaxili yolları basıb, bir çox kənd sakinlərinin həyatyanı
sahəsinə və evlərin birinci mərtəbəsinə dolub. Hazırda müvafiq qurumlar əraziyə
ezam edilib, dəymiş ziyanın miqyası ilə maraqlanırlar.

Qeyd edək ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti hökm sürür.

20:40

Göygöl rayonunda leysan yağışlardan sonra şəxsi təsərrüfatlara zərər dəyib.

“Report”un məlumatına görə, leysan yağışlar nəticəsində Göygöl şəhərinin bir
neçə küçəsində yerləşən fərdi evlərə, həyətyanı sahələrə yağış suları dolub.

Qeyri-sabit hava şəraiti səbəbindən əkin sahələrinə də zərər dəyib.

Hazırda yaranmış problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

19:20

Goranboya güclü yağışdan sonra sel gəlib.

APA-nın məlumatına görə, bu gün günorta saatlarında leysan yağışdan sonra
rayonun Ağcakənd qəsəbəsinə dağlardan sel suları gəlib.

Nəticədə qəsəbədə bəzi evlərə sel suları dolub. Qəsəbənin yollarını sel suları
yararsız hala salıb.

Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

18:58

Bu gün axşam saatlarında Oğuz rayonuna leysan yağış yağıb, dolu düşüb.

“Report”un məlumatına görə, dolu, əsasən, rayonun Padar, Bayan və Kərimli
kəndlərinə düşüb.

Oğuz şəhəri ərazisinə yağan leysan yağışı nəticəsində isə bəzi evlərin
həyətlərinə və zirzəmilərinə su dolub.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.


Source link