cfb2a878-e8f1-4baf-9165-8cea31a4355d..jpg

Kamran Bayramov: “Bu gün terror aktı törədilib, sabah daha genişmiqyaslı təxribatlar ola bilər”

Baxış sayı: 686 dəfə baxılıb.

Kamran Bayramov: “Bu gün terror aktı törədilib, sabah daha genişmiqyaslı
təxribatlar ola bilər”

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror
aktından sonra Tehranda yerləşən diplomatik nümayəndəliyin fəaliyyəti
dayandırıldı, əməkdaşları ölkəmizə təxliyə edildilər. Hadisə ilə bağlı danışan
xarici işlər nazirinin müavini Xələf Xələfov terror aktına görə İran tərəfinin
məsuliyyət daşıdığını, Azərbaycanın İrana etibarı, etimadı və inamının
qalmadığını bildirdi.

Maraqlıdır, iki ölkə arasındakı diplomatik münasibətlər davam etdiriləcəkmi?
İran yenidən Azərbaycanın etimadını qazanmaq üçün hansı addımları atmalıdır?

Bununla bağlı Cixisyolu.com-a danışan Milli Məclisin deputatı Kamran Bayramov XİN
rəsmisinin bəyanatının təəccüb doğurmadığını düşünür. Deputat xatırladıb ki,
ötən dövrdə İranın Azərbaycana qarşı bəyanatları, İran rəhbərliyinin addımları
həm ölkəmizdə, həm də regionda haqlı narazılığa səbəb olmuşdu:

“İranın addımları bu ölkənin siyasətinə xas olan məqamdır. Törədilən terror
aktı göstərdi ki, İran nəinki diplomatik nümayəndəliyimizin, işçilərimizin
təhlükəsizliyinin qorunmasında maraqlı deyil, ümumiyyətlə digər sahələrdə
əməkdaşlığı da istəmir. Bir dövlət səfirliyinin yerləşdiyi ölkəyə təhlükəsizlik
tədbirlərinin görülməsi üçün müraciət edirsə, Vyana konvensiyasının
müddəalarına əməl etməyə çağırırsa, buna laqeyd yanaşan dövlət beynəlxalq
hüququ pozmuş sayılır. Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı sübut
etdi ki, İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

İrandakı səfirliyimizin fəaliyyətini dayandırmaq tamamilə düzgün qərar idi.
Səfirliyin təhlükəsizliyi tam təmin edilməyənə qədər diplomatik nümayəndəlik
fəaliyyətini bərpa etməyəcək. Əməkdaşlarımızı, onların ailə üzvlərini orada
təhlükə içində necə saxlaya bilərdik?! Bu gün terror aktı törədilib, sabah daha
genişmiqyaslı təxribatlar ola bilər.

İkitərəfli münasibətlərin necə inkişaf edəcəyi, əlaqələrin əvvəlki
səviyyəyədək bərpa edilib-edilməyəcəyi tamamilə İran tərəfindən asılı olacaq.
Azərbaycan öz tələblərini irəli sürüb. Xüsusi qeyd etməliyik ki, terror
hadisəsi diplomatik əlaqələrin yaxşılaşmasına gətirib çıxarmayacaq. Əksinə,
münasibətlərin daha da gərginləşməsinin şahidi ola bilərik. İran vaxtında
tədbir görməsə, hadisə ilə bağlı dəqiq araşdırma aparmasa, istintaqı,
günahkarın cəzalandırılmasını həyata keçirməsə, bu dövlətlə qonşuluq
əlaqələrinə xələl gələcək”.

Kamran Bayramovun fikrincə, İran problemin həllində və münasibətlərin
normallaşmasında maraqlı deyil:

“Bunu terror hadisəsindən sonra qarşı tərəfin atdığı addımlar da sübut edir.
Səlahiyyətli qurumların açıqlamalarında təhrifə yol verilməsi, məsələyə sıradan
hadisə kimi yanaşılması, fərqli təqdim edilməsi, İran rəhbərinin terror
aktından iki gün sonra Prezidentİlham Əliyevə zəng etməsi, üzr motivli danışığa
əl atmaması rəsmi Tehranın problemi ciddiyə almadığını göstərir. Hazırda bütün
dünya və region üçün də maraqlıdır ki, İran hakimiyyəti hansı mövqeyi tutacaq.
Qeyd edildiyi kimi, Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin
taleyi, səfirliyin fəaliyyətinin bərpa edilib-edilməyəcəyi, diplomatik
əlaqələrin miqyası İranın hansı mövqeyi tutacağından birbaşa asılıdır”.

Aytac Qasımova

Source link