Rusiya xarici işlər nazirinin müavini bildirib ki, Xəzərin hüquqi statusu konvensiyasının hazırlanması üçün artıq xüsusi işçi qrupu yaradılıb.
ÇıxışYolu.Com TASS agentliyinə istinadla xəbər verir ki, “Xəzər beşliyi” ölkələri (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) Xəzərin hüquqi statusu haqqında avqustda planlaşdırılan sammitdə konvensiyanın qəbul olunmasını müzakirə edirlər və bu konvensiya bir çox məsələləri həll etməyə imkan verəcək.
Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Dövlət Dumasında çıxışı zamanı deyib.
“Hazırda bütün “Xəzər beşliyi” ölkələri arasında konvensiyanın hazırlanması üçün intensiv işlər gedir. Bu konvensiya bir çox problemli məsələlərin həllində bizə kömək edəcək”, – Karasin əlavə edib.
“Avqustda Qazaxıstanda “Xəzər beşliyi” sammitinin keçirilməsi planlaşdırılır. Biz həmkarlarımızla çalışırıq ki, bu konvensiya həmin sammitdə imzalansın”, – Rusiya XİN nümayəndəsi deyib.
Bundan əvvəl, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xzəryanı ölkələrin sammitinin Aktau şəhərində keçiriləcəyini açıqlayıb.