Bolqarıstanın paytaxtı Sofiyada Dünya Karate Federasiyasının (WKF) gənclər arasında ilk liqa turnirində iştirak edən milli komandamızın üzvlərindən Polina Qurenko (-59 kq) nüfuzlu yarışın gümüş medalına sahib olub.
ÇıxışYolu.Com xəbər verir ki, finaladək beş görüşdə xal buraxmayan ukraynalı legioner Asiya çempionu, yaponiyalı Rufi Fucita ilə həlledici görüşdə qələbəyə yaxın olsa da, qarşılaşmanın sonuna yaxın zədələnərək döyüşü dayandırmalı olub.
Gümüş medalla yanaşı, ikiqat Avropa çempionu P.Qurenko oktyabrda Argentinada Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xallarını artırmağa müvəffəq olub.
Yarışa yollanan digər doqquz idmançımız mükafatsız qalıb. Sofiyada gənclər liqasında rekord sayda – 72 ölkədən 1878 karateçi mübarizə aparıb. İdmançılarımız turnirdə Gənclər və İdman Nazirliyinin dəstəyilə iştirak edib.
Payızda Yeniyetmələrin Yay Olimpiadasına lisenziya xalları qazandıran növbəti mötəbər yarış iyunun sonlarında Xorvatiyada keçiriləcək. İdmançılarımız səfərdən qayıtdıqdan sonra növbəti lisenziya turnirinə hazırlıqları davam etdirəcəklər.
S.T.
www.ÇıxışYolu.Com