Karen Şahnazarov: “Qarabağ məsələsi həll olunub və bu, artıq həyata keçmiş bir
faktdır” – Rusiyadan MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Belə görünür ki, Ermənistan üçün İrəvanın Rusiyaya və bütün dünyaya Qərbə üz
tutduğunu daha da açıq nümayiş etməli olacağı “x” saatı yaxınlaşır.
Dekabrda Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak edə biləcəyi (etməyə
də bilər) üç yüksəksəviyyəli forumun keçirilməsi planlaşdırılır. Dekabrın 18-də
Rusiyada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin hökumət başçılarının
iclası keçirilməlidir. Daha sonra, dekabrın 25-də dövlət başçıları səviyyəsində
Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ali Şurasının iclası keçiriləcək, dekabrın
26-da isə MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü nəzərdə tutulub.
Nikol Paşinyanın bu forumlarda iştirak edib-etməyəcəyi barədə hələ ki məlumat
yoxdur.
Vəziyyəti Cixisyolu.com-a SSRİ-nin və Rusiyanın məşhur kinorejissoru, ictimai xadim,
“Mosfilm” kinokonserninin baş direktoru, Rusiyanın Xalq artistiKaren Şahnazarov
şərh edib.
– Qərbdə Ermənistana nə vəd edə bilərdilər ki, bundan sonra İrəvan Rusiyadan
belə nümayişkaranə üz döndərməyə başladı?
– Düzünü desəm, bu suala cavab vermək mənim üçün çətindir. Bəli, Ermənistanda
qərbyönümlü dönüş elementləri var, ancaq hansı səbəbdən? Unutmayın ki, mən
Ermənistanın sakini deyiləm, bu ölkədə nə baş verdiyini, erməni cəmiyyətində
əhvali-ruhiyyənin necə olduğunu bilmirəm. Yəqin ki, əhalinin müəyyən hissəsi
Nikol Paşinyanın hərəkətlərini dəstəkləyir.
– Aydındır ki, Paşinyanın dəstəyi var. O, hakimiyyətə gələndə onun hərəkatı
“Yelk” (“Çıxış”) adlanırdı. Yaxşı, tutaq ki, Ermənistan hazırda olduğu bütün
birlikləri tərk etdi, bəs bundan sonra iqtisadiyyat və hərbi-siyasi sahədə nə
olacaq?
– Mənim mövqeyim məlumdur. Əgər Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatından (KTMT), digər təşkilatlardan və ümumiyyətlə Rusiyanın orbitindən
çıxsa, bu, onun üçün fəlakətli səhv olar. Yeri gəlmişkən, bu, bütün Cənubi
Qafqaz, Türkiyə və İran üçün çox da yaxşı olmayacaq. ABŞ-nin arzusu Cənubi
Qafqazda baza yaratmaqdır. Bu, region ölkələrinin və xalqlarının maraqlarına
uyğun gəlmir.
Bir daha təkrar edirəm, mümkün qərarın (Ermənistanda – red.) motivləri barədə
danışmaq mənim üçün çətindir. Amma ümid edirəm ki, bu baş verməyəcək.
– Ermənistanın bu cür hərəkətləri İrəvanla Bakı arasında danışıqlar prosesinə
də təsir edir. Axı hər şey sülh müqaviləsinin imzalanmasına doğru gedirdi,
sonra da ləngidi. Ermənistan tərəfi indi yalnız Qərb meydanına israr edir.
– Ola bilsin, bunun arxasında hansısa illüziyalar var, ya da səbəb hansısa
təminatdır (Qərbdən – red.). Amma artıq həyata keçmiş bir fakt var: Qarabağ
məsələsi həll olunub. Bu o deməkdir ki, biz Cənubi Qafqazda hansısa yolla dinc
yanaşı yaşamaq imkanı tapmalıyıq. Mən, doğrudan da, anlamıram ki, Ermənistan
rəhbərliyi Qərb meydanına israr etməklə nəyə ümid edir. Erməni isteblişmenti
bundan nə gözləyir?
Yeri gəlmişkən, illüziyalar haqqında. Axı Qərb Ermənistana heç nə verməyəcək.
Məncə, bu, göz qabağındadır.
Mənə elə gəlir ki, gözləmək və hadisələrin necə inkişaf etdiyini görmək
məntiqlidir. Hesab edirəm ki, Ermənistanda Qərbə getmək cəhdlərinə qarşı çıxan
qüvvələr var. Yəqin ki, bir növ daxili mübarizə mövcuddur. Düşünürəm ki,
dekabrda hər şey az-çox bəlli olacaq, vəziyyətin hansı istiqamətdə dəyişdiyi
aydınlaşacaq.
Nair Əliyev