Astara şəhər sakini C.Məmmədov və rayonun Ərçivan qəsəbə sakini olan bir qadın Astara RPŞ-yə ərizə ilə müraciət edərək, şəhər ərazisində bankomatlardan birindən tanımadıqları bir şəxsin onlara məxsus plastik kartdakı pulu çıxararaq mənimsədiyini bildiriblər.
Bu barədə ÇıxışYolu.Com-a DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Belə ki, onlar bankomatın yanında dayanan tanımadıqları bir şəxsə plastik kartlarını verərək, pullarını çıxarmağı xahiş ediblər. Həmin şəxs isə “kartda pul yoxdur”- deyərək onları aldadıb. Əslində isə həmin vətəndaşlara məxsus ümumilikdə 183 manat pulu çıxararaq mənimsəyib.
Məlumatla əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki təqaüdçüyə məxsus plastik kartlardan pulu çıxararaq mənimsəyən şəxsin şəhər sakini İlkin Hüseynov olduğu müəyyən edilib. O saxlanılaraq şübhəli şəxs qismində RPŞ-yə gətirilib.
Araşdırma zamanı İ.Hüseynov cari ilin avqust-sentyabr aylarında daha iki rayon sakininə məxsus kartlardan ümumilikdə 109 manat pul çıxararaq mənimsədiyini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.