İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhərində iaşə və
pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 70 vergi ödəyicisinə maliyyə
sanksiyaları tətbiq edib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Qurumdan bildirilib ki, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız
ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə
həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə vergi nəzarəti
tədbirləri davam etdirilir.
Tədbirlər nəticəsində 70 obyektdə müştərilərə sistematik şəkildə kartdan-karta
köçürmələr etmək təklif olunduğu müəyyənləşdirilib. Həmin sahibkarlıq
subyektlərinə protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi
barədə qərarlar qəbul edilib.
“Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və
bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının
çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”
Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət
haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının
yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir”, – deyə məlumatda
qeyd olunub.