Kaşıkçının qatillərinin edamı tələb edilir

Baxış sayı: 4. 418 dəfə baxılıb.

Kaşıkçının qatillərinin edamı tələb edilir

Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalist Camal Kaşıkçının qətlində şübhəli bilinən 11 nəfərdən beşinin edam olunmasını tələb edib. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı ölkənin SPA xəbər agentliyi məlumat yayıb. 

Bu gün Ər-Riyadda Kaşıkçının qətli ilə bağlı ilk məhkəmə iclası keçirilib. Prokurorluq qatillərin şəriət qaydalarına uyğun cəzalandırılmasını istəyib. 

Xatırladaq ki, Camal Kaşıkçı ötən il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Konsulluğuna gəldikdən sonra qətlə yetirilib.

O, türkiyəli vətəndaşla nikah bağlamaq üçün boşandığını təsdiq edən sənəd (subaylıq haqqında arayış) almaq məqsədilə diplomatik nümayəndəliyə üz tutub. Nişanlısı onu konsulluq binası yaxınlığında gözləyib.

Səudiyyə Ərəbistanı hakimiyyəti jurnalistin qətlə yetirilməsini yalnız 19 gündən sonra təsdiq edib. Habelə qətlin qəsdən törədilmədiyi açıqlanıb.

Noyabrın 15-də krallığın prokurorluğu qətldə şübhəli bilinən beş şəxsin edam edilməsini tələb edib.

Türkiyə hüquq-mühafizə orqanları isə jurnalistin ölümündə ümumilikdə 18 nəfəri şübhəli bilir və onların ölkəyə ekstradisiya olunmasını tələb edir.

Yerli hakimiyyət qətlin qəsdən, xüsusi amansızlıqla törədildiyini iddia edir.

Son istintaq versiyasına görə, jurnalistə işgəncələr verilib, bədəni hissələrə doğranıb və diplomatik toxunulmazlıqdan sui-istifadə olunaraq çantalarda ölkədən çıxarılıb.

www.ÇıxışYolu.Com