Kasım-Jomart Tokayev: “Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə
qədəm qoyur” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Müasir Qazaxıstan-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir”.
Cixisyolu.com xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart
Tokayevin Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə
müsahibəsində deyib.
Onunla müsahibəni təqdim edirik:
– Siz 2022-ci ilin avqust ayında Azərbaycanda rəsmi səfərdə olmusunuz və
şübhəsiz ki, həmin səfər iki dövlət arasında münasibətlərdə tarixi məqama
çevrilib, onların inkişaf dinamikasına təkan verib. İkitərəfli münasibətlərin
hazırkı vəziyyətini necə xarakterizə edərdiniz?
– Əlaqələrimizin uğurlu inkişafının əsasını, ilk növbədə, xalqlarımız arasında
çoxəsrlik qardaşlıq əlaqələri, dövlətlərimiz arasında uzun illər davam edən
faydalı əməkdaşlıq, beynəlxalq arenada qarşılıqlı dəstək təşkil edir.
Azərbaycan Prezidentiİlham Heydər oğlu Əliyevlə formalaşdırdığımız şəxsi
qarşılıqlı etimad və dostluq münasibətləri də təbii ki, mühüm aspektlər
sırasında yer alır. Bu, ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün
istiqamətləri üzrə qarşılıqlı anlaşmanın möhkəmlənməsinə təkan verir. Fürsətdən
istifadə edərək, son prezident seçkilərində qazandığı inamlı qələbə
münasibətilə hörmətli İlham Heydər oğlunu bir daha təbrik etmək istəyirəm.
Səsvermənin nəticələri Azərbaycan liderinin xalq tərəfindən dəstəkləndiyini və
onun milli birliyin, dövlətin ərazi bütövlüyünün və dinamik inkişafının təmin
edilməsində xidmətlərinin yüksək qiymətləndirildiyini təsdiqlədi. 2022-ci ildə
Azərbaycana rəsmi səfərim Bakı ilə Astana arasında tərəfdaşlıq üçün müəyyən
mənada təkanverici oldu. İlk növbədə, bu, mənim ölkə başçısı kimi Azərbaycana
ilk səfərim idi. İkincisi, bu səfər, ölkələrimiz arasında diplomatik
münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində baş tutdu. Üçüncüsü, səfərin
nəticələrinə əsasən, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası
arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı
fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin qəbulu əməkdaşlığımızın
yeni mərhələsinin başlanğıc nöqtəsi oldu. Müasir Qazaxıstan-Azərbaycan
münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Siyasi, ticarət-iqtisadi,
tranzit-nəqliyyat, enerji, kənd təsərrüfatı, mədəni-humanitar və digər
sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində sistemli iş həyata
keçirilir. Ənənəvi qarşılıqlı fəaliyyət mexanizmləri ilə yanaşı,
Qazaxıstan-Azərbaycan Ekspert Şurası, Azərbaycan-Qazaxıstan İşgüzar Şurası
yaradılıb və fəaliyyət göstərir. Bakıya səfərim çərçivəsində
Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası işə başlayacaq və biz onun ilk
iclasını keçirəcəyik. Normativ-hüquqi baza tədricən genişlənir və təkcə 1 il 6
ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Qarşıdan gələn səfərim
zamanı növbəti mühüm sənədlər paketi imzalanması üçün hazırlanır. Təbii ki, bu,
qarşılıqlı fəaliyyətimizə yeni təkan verəcək. 2020-ci ildən etibarən
ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 5 dəfə (109 milyon dollardan
529 milyon dollara) artıb. Bu, parlaq dinamikadır və biz dövriyyə həcminin
artırılmasını davam etdirməyi planlaşdırırıq. Bizim portfoliomuza həm
ölkələrimiz, həmçinin bütün region üçün vacib olan bir sıra layihələr daxildir.
Buraya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının
genişləndirilməsi, Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin və enerji
kabelinin çəkilməsi, Azərbaycan vasitəsilə neft və uranın ixracı, Qazaxıstandan
Azərbaycan bazarına buğda tədarükünü aid etmək olar. Bir sıra birgə təşəbbüslər
ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə və turist axınının
artırılmasına hədəflənib. Ümumi məqsədimiz Qazaxıstanla Azərbaycan arasında
həqiqətən də güclü həm strateji, həm də müttəfiqlik əlaqələri yaratmaqdır.
Əminəm ki, birgə səylərlə bu məqsədə nail olacağıq.
– Prezident İlham Əliyevlə görüşünüz zamanı Qarabağın bərpasına qazax xalqının
töhfəsi ilə bağlı mühüm qərar qəbul olundu. Qazaxıstan tərəfi Azərbaycan
xalqına hədiyyə olaraq Füzuli şəhərində görkəmli qazax bəstəkarı Kurmanqazı
adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikintisini təklif edib. Qardaş
Qazaxıstan gələcəkdə ölkəmizdə digər hansı layihələri həyata keçirməyi
planlaşdırır?
– Qarabağın necə dinamik şəkildə canlandığını artıq görürük. Bu regionda böyük
quruculuq işləri aparılır. Nəqliyyat, sosial və turizm infrastrukturu aktiv
şəkildə inkişaf edir, hava limanları, mehmanxanalar, yaşayış binaları,
məktəblər tikilir. Təbii ki, biz bu fəzilətli işlərdən kənarda qala bilməzdik.
2022-ci ilin avqust ayında Bakıya səfərimdə Qazaxıstan xalqının Azərbaycana
hədiyyəsi olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin
tikiləcəyini elan etdim. Mənim budəfəki səfər proqramımda həmin Mərkəzin rəsmi
açılışı nəzərdə tutulur. Şübhəsiz ki, bu müəssisə ölkələrimiz və xalqlarımızın
dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna
çevriləcək. Mən şirkətlərimizin Qarabağın dirçəldilməsi prosesində iştirak
etməkdə maraqlı olduğunu bir daha təsdiqləmək istərdim. Qazaxıstan şirkətinə
Füzuli şəhərində Mərkəzi Rayon Xəstəxanası binasının tikintisi layihəsini
təqdim etdiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığımı bildirirəm. Yaxın
gələcəkdə Qazaxıstan şirkətlərinin iştirakı ilə daha çox oxşar layihələrin
həyata keçiriləcəyini gözləyirik. Əminəm ki, birgə səylər nəticəsində Qarabağ
yeni rəng çalarları ilə çiçəklənəcək və Azərbaycanın quruculuq siyasətinin
nümunəsinə çevriləcək. Regionun infrastrukturunun bərpası təkcə Azərbaycanın
deyil, bütün Cənubi Qafqazın inkişafına töhfə verəcək. Əlavə olaraq qeyd etmək
istərdim ki, Qazaxıstan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin
tezliklə bağlanmasında maraqlıdır. Qazaxıstan beynəlxalq sülhməramlı
təşəbbüsləri iqdam edən və dəstəkləyən ölkə olaraq bütün Avrasiya regionunun
dinc və sabit inkişafına yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır.
– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində Türk
Dövlətləri Təşkilatı (TDT) çərçivəsində fəaliyyəti prioritet adlandırıb: “Biz
beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk
növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik.
Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi
aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas
beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur.
Bizim ailəmiz Türk dünyasıdır. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox
yaxşı hiss edirik”. Cənab Prezident onu da qeyd edib ki, Azərbaycanın TDT-yə
üzv olan bütün dövlətlərlə qardaşlıq münasibətləri var və ölkənin siyasəti
Təşkilatın möhkəmlənməsinə yönəlib: “Türk Dövlətləri Təşkilatına üzv olan bütün
ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri
Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük
hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır,
gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan
güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik
ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə
çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.
– TDT-nin gələcəyini və bu Təşkilat çərçivəsində Azərbaycanla Qazaxıstan
arasında əməkdaşlığı necə qiymətləndirirsiniz?
– İlk olaraq onu qeyd edim ki, Qazaxıstan və Azərbaycan Türk Dövlətləri
Təşkilatının qurucularıdır. Qurumun yaradılması təşəbbüsü Qazaxıstan tərəfindən
irəli sürülüb və müqavilənin özü qədim Azərbaycan torpağında imzalanıb. Həmin
andan demək olar ki, on beş il ötüb və indiyə qədər bizim ümumi təşkilatımız
institusionallaşma yolunda uzun məsafə qət edib. Bundan əlavə, TDT beynəlxalq
arenada tanınmış və hörmətli aktora çevrilir. Türk Dövlətləri Təşkilatının
tarixi missiyasını zaman Azərbaycan lideri ilə razılaşmamaq çətindir. Həqiqətən
də, bu inteqrasiya birliyinin rolunu dəyərləndirmək çətindir. Nisbətən qısa bir
tarixi dövr ərzində dövlətlərimizin əməkdaşlığı özünün həyat qabiliyyətini
nümayiş etdirərək türk dünyasının konturlarını yeni geosiyasi reallıq kimi
müəyyən edib. Obrazlı şəkildə desək, bizim vəzifəmiz güclü genlərə malik bu
cücərtini davamlı olaraq inkişaf etdirməkdir. TDT-nin potensialı olduqca
böyükdür. Sadəcə bəzi rəqəmlərə nəzər salaq: TDT-yə üzv olan ölkələrin ümumi
ərazisi təxminən 4,5 milyon kvadrat kilometrdir, ümumi daxili məhsulun həcmi
(ÜDM) 1,5 trilyon dollardan çoxdur, əhalisi – 160 milyon nəfərdən artıqdır. TDT
çərçivəsində ticarət dövriyyəsi 42,3 milyard dollara çatıb, türk dövlətlərinin
dünya ilə ümumi ticarət dövriyyəsi isə 1,3 trilyon dollara yaxındır. Təşkilatın
bütün ölkələri dünya iqtisadi proseslərinə inamla daxil olub, əsas beynəlxalq
təşkilatlarda təmsil olunur və aktiv fəaliyyət göstərirlər. Hesab edirəm ki,
bu, TDT çərçivəsində inteqrasiya proseslərinin daha da uğurlu inkişafı üçün
kifayətdir. Türk dövlətlərinin tranzit-nəqliyyat əlaqələri, iqtisadiyyat,
ekologiya, elm, təhsil, incəsənət, turizm, idmandan tutmuş ortaq tariximizin
indiyədək naməlum səhifələrinin araşdırılmasına qədər geniş spektrli məsələlər
üzrə əməkdaşlığı inkişaf etdirməyə qərarlı olması gələcəyə inam yaradır. Bu
baxımdan, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondu kimi TDT ailəsinə daxil olan digər təşkilatların əməyini qeyd etməyə
bilmərəm. Onlar təkcə humanitar və maarifləndirici missiya yerinə yetirmir,
həmçinin xalqlarımızın həyatına böyük mənəvi güc verirlər. Türk Dövlətləri
Parlament Assambleyası (TÜRKPA) qanunların təsis edilməsi və parlament
diplomatiyasının inkişafı ilə bağlı təcrübə mübadiləsinin aparıldığı, qabaqcıl
ideyaların toplandığı nüfuzlu beynəlxalq qurumdur. Nisbətən yaxın dövrdə
yaradılmış Türk İnvestisiya Fondu regiondaxili ticarətin, kiçik və orta
sahibkarlığın inkişafına kömək etməyə vəsaitlərin cəlb edilməsi, habelə
beynəlxalq maliyyə institutları ilə birgə layihələrin həyata keçirilməsi üçün
yüksək effektiv platforma yaratmaq üçün nəzərdə tutulub. Qazaxıstanla
Azərbaycan arasında TDT çərçivəsində əməkdaşlıqdan danışarkən, Təşkilatın
institusional inkişafına yanaşmalarımızın ahəngliyinə diqqəti çəkmək istərdim.
Ölkələrimiz türk yönümlü altı beynəlxalq təşkilatın hamısının iştirakçısıdır və
bu, TDT-nin inteqrasiyasının inkişaf vektorunu Astana ilə Bakının eyni şəkildə
görməsinin ən bariz nümunəsidir. Qardaş xalqlarımızı bir-birinə daha da
yaxınlaşdırmaq üçün Azərbaycan idmançılarını cari ilin 8-14 sentyabr
tarixlərində Astanada keçiriləcək V Ümumdünya Köçəri Oyunlarında iştirak etməyə
dəvət edirik.
– Hazırda hamımız görürük ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun
(Orta Dəhliz) həm regionumuz, həm də bütün dünya ölkələri üçün əhəmiyyət
getdikcə daha da artır. Onun potensialını və ölkələrimizin iqtisadiyyatı üçün
gələcək rolunu necə qiymətləndirirsiniz?
– Yeni geosiyasi reallıqlar kontekstində transkontinental ticarətin təşviqində
və inkişafında ölkələrimizin rolu sürətlə artır. Hətta xəritəyə ötəri nəzər
salmaq belə Mərkəzi Asiya və Cənubi Qafqazın unikal coğrafi mövqeyindən xəbər
verir. Bu səbəbdən Qazaxıstan da Azərbaycan kimi ölkənin logistika və nəqliyyat
potensialının gücləndirilməsi istiqamətində aktiv siyasət yürüdür. Bunun bizim
qarşımızda dayanan strateji əhəmiyyətli vəzifə olmasını gizlətmirəm. 2030-cu
ilə qədər 11 min km dəmir yolu xətti təmir etmək və 5 min km-dən çox yeni dəmir
yolu çəkmək niyyətindəyik. Bu, ölkənin nəqliyyat imkanlarını xeyli artıracaq.
Orta Dəhliz kimi də adlandırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun
transkontinental ticarətin təşviqində və inkişafında rolu bu gün sürətlə artıb.
Bunu həmin marşrut üzrə yükdaşımaların həcminin 2022-ci ildə iki dəfə artaraq
1,7 milyon ton, 2023-cü ildə isə əlavə 65 faiz artaraq 2,7 milyon tona çatması
sübuta yetirir. Gələcəkdə bu həcmin ildə 10 milyon tona çatacağını gözləyirik.
Bunun üçün həm tələbat, həm də texnoloji imkanlar mövcuddur. Bu səbəbdən Astana
ilə Bakı bu sahədə kompleks addımlar atır. Bunun bariz nümunəsi 2022-ci ilin
sonlarında Aktauda imzalanan Azərbaycan, Qazaxıstan, Türkiyə ərazilərində “Orta
Dəhliz”in inkişafı üzrə 2022−2027-ci illəri əhatə edən Yol Xəritəsidir. Xəzər
sahillərindəki dəniz limanlarımızın genişmiqyaslı müasirləşdirilməsinə xüsusi
diqqət yetiriləcək. Bundan əlavə, Qazaxıstan, Azərbaycan və Gürcüstan
dəmiryolçuları tərəfindən yükdaşımaların həcmini artırmaq üçün “bir pəncərə”
formatında xidmət göstərəcək “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsi
yaradılıb. Marşrut boyunca ən son rəqəmsal texnologiyalardan istifadə olunacaq.
Bunun üçün biz kəsintisiz rəqəmsal dəhliz hazırlamış transmilli PSA Sinqapur
şirkətini cəlb etdik. Biz dəmir yolu nəqliyyatı sahəsində innovativ həllərin
tətbiqi üçün “Huawei”, “Wabtec”, “Alstom” kimi qlobal şirkətlərlə fəal
əməkdaşlıq edirik. Onlar bu sahəni daha rəqabətli və səmərəli edəcəklər.
Marşrutun gələcək inkişafı və onun digər nəqliyyat dəhlizləri ilə əlaqəsi də
perspektivli hesab olunur ki, bu da Cənubi Qafqazla Türkiyənin Qazaxıstan,
Mərkəzi Asiya ölkələri, Avrasiya İqtisadi Birliyi (AİB) və Çinlə daha geniş
transregional inteqrasiyası üçün əlavə imkanlar təmin edəcək. Ümumiyyətlə,
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu böyük potensiala malikdir və təbii ki,
bu mühüm layihənin həyata keçirilməsində Qazaxıstanla Azərbaycanın rolu olduqca
böyükdür. Bu arteriyanın inkişafı ticarət dinamikasının genişlənməsinə töhfə
verməklə yanaşı, Şərqlə Qərb arasında əlaqələndirici körpü kimi ölkələrimizin
mövqeyini möhkəmləndirəcək.
– Azərbaycan da Qazaxıstan kimi enerji sektorunun, o cümlədən “yaşıl”
iqtisadiyyatın və bərpa olunan enerji mənbələrinin inkişafına böyük diqqət
yetirir. Bildiyimiz qədəri ilə ölkələrimiz bu sahədə bir sıra perspektivli
layihələr həyata keçirir. Onlar haqqında bizə ətraflı məlumat verə bilərsiniz?
– Bu gün bütün sivil dünya iqtisadiyyatın dərindən karbonsuzlaşdırılması
məqsədinə doğru irəliləyir və Qazaxıstan da istisna deyil. Biz qarşımıza
2060-cı ilə qədər karbon neytrallığına nail olmaq kimi kifayət qədər iddialı
bir məqsəd qoymuşuq. Ölkədə elektrik enerjisi istehsalının 70 faizinin kömürdən
istifadə hesabına təmin edildiyini nəzərə alsaq, bu, kifayət qədər çətin
hədəfdir. Buna baxmayaraq, ölkəmizdə “yaşıl” enerjinin potensialı çox böyükdür:
söhbət ildə 1 milyard GVt/saat enerjidən gedir. Bununla əlaqədar olaraq, bu gün
dünyanın ən böyük şirkətləri investisiya yatırmağa böyük maraq göstərirlər. Ən
perspektivli və irimiqyaslı layihələrdən biri Manqistau regionunda “yaşıl”
hidrogen istehsalı layihəsidir. Orada Almaniya-İsveç şirkəti “Svevind Energy
Group” ilə birgə 50 milyard avro dəyərində unikal müəssisə yaradılır. Yaxın
zamana Qazaxıstanın cənubunda 1 GVt gücündə külək elektrik stansiyası
tikiləcək. Həmçinin Səudiyyə Ərəbistanının “ACWA Power”, Birləşmiş Ərəb
Əmirliklərinin (BƏƏ) “Masdar” və s. bu kimi aparıcı qlobal şirkətlərlə
layihələrin həyata keçirilməsi strateji rol oynayır. Mən bilirəm ki, Azərbaycan
da “yaşıl energetika” ilə bağlı gündəliyin fəal təbliğində ciddi uğurlar əldə
edib. Bu gün ölkəniz xarici bazarlarda uğurlu elektrik enerjisi təchizatçısıdır
və Avropa İttifaqının “Global Gateway” layihəsinin bir hissəsi olan “Qara Dəniz
Enerjisi” (“Black Sea Energy”) adlı təşəbbüsdə iştirak edir.
Qazaxıstanın nəhəng bərpa olunan enerji potensialını nəzərə alaraq, biz
Azərbaycanın region ölkələrinin enerji sistemlərinin gələcək inkişafının
səylərini, enerji sistemlərinin davamlı qarşılıqlı əlaqəsi də daxil olmaqla,
əlaqələndirmək və sinxronlaşdırmaq təşəbbüsünü alqışlayırıq.
Ötən ilin noyabrında Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistanın
iqtisadiyyat və energetika nazirləri Qazaxıstan və Özbəkistandan Azərbaycan
ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərini müzakirə
ediblər.
Həmçinin “yaşıl” energetika sahəsində layihələrin inkişafı ilə bağlı fikir
mübadiləsi aparılıb.
Görüşün yekununda ölkələrimiz Avropaya elektrik enerjisi ixracı üzrə birgə
müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasının hazırlanması
barədə razılığa gəliblər.
Beləliklə, Qara dəniz və Xəzərdə həyata keçirilən layihələr tezliklə
birləşəcək ki, bu da ölkələrimizin elektrik enerjisi təchizatçısı kimi
mövqelərini gücləndirəcək.
– Bu il Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Qazaxıstan yaxın illərdə
BMT-nin dəstəyi ilə iki böyük iqlim sammiti keçirəcək. Biz bunu beynəlxalq
ictimaiyyətin göstərdiyi etimad kimi qiymətləndiririk. Qazaxıstan bu
istiqamətdə hansı ideyaları, təcrübə və bilikləri bölüşə bilər?
– Hazırda üzləşdiyimiz bütün çətinliklərdən bəlkə də ən əhəmiyyətlisi iqlim
dəyişikliyidir. Mərkəzi Asiya bu problemlə mübarizədə ön sıralarda yer alır.
Hətta 2050-ci ilə qədər qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq
hədəfinə çatsaq belə, hansı ki, getdikcə daha çətin görünür, biz Mərkəzi
Asiyada 2 – 2,5 dərəcə temperatur artımı ilə üzləşəcəyik. Biz su ehtiyatlarının
tükənməsi prosesindən narahatıq. Mərkəzi Asiyada quraqlıq və daşqınlar geniş
miqyasda ziyan vuracaq və kənd təsərrüfatı sahəsinin məhsuldarlığı 30 faiz
azalacaq. İqlim dəyişikliyinin yaratdığı risklərin nəticəsində 2050-ci ilə
qədər təxminən 5 milyon daxili miqrant olacaq. Bu amillər birbaşa və ya
dolayısı yolla dövlətlərimizin davamlı inkişafına ciddi təhlükə yaradır. Sizin
də düzgün qeyd etdiyiniz kimi, regional prosesi gücləndirmək və birgə səyləri
sürətləndirmək məqsədi ilə artıq 2026-cı ildə Qazaxıstanda BMT çərçivəsində
Mərkəzi Asiya Regional İqlim Sammitinin keçirilməsi təşəbbüsü ilə ölkəmiz çıxış
edib və biz Azərbaycanı əsas qonaqlar qismində görməkdən şad olarıq. İnanıram
ki, bu təşəbbüs səmərəli iqlim siyasətinin irəliləməsinə kömək edəcək və
Mərkəzi Asiya ölkələrində davamlı enerjiyə keçidi sürətləndirən
investisiyaların cəlb edilməsini asanlaşdıracaq. Sammit regionda karbon
tullantılarının azaldılması üçün birgə strategiyaların qəbuluna imkan verəcək.
Ölkəmiz MDB məkanında ilk ölkələrdən biri kimi iri enerji, neft-qaz, sənaye,
kimya və dağ-mədən sənayesi müəssisələrini özündə birləşdirən İstixana qazı
emissiyaları üçün limit və ticarət sistemini işə salıb. Biz Azərbaycanın MDB
məkanındakı türk dövlətləri arasında COP29 kimi irimiqyaslı tədbirə ev
sahibliyi etmək hüququ qazanan ilk dövlət olmasını alqışlayırıq. Bu baxımdan
bizim qlobal miqyasda iri ekoloji tədbirlərin keçirilməsində Azərbaycanın
təcrübəsini öyrənmək üçün gözəl imkanımız var və lazımi yardımı göstərməyə
hazırıq.
– Cənab Prezident, maraqlı və ətraflı müsahibə üçün Sizə təşəkkür edirik.
Bakıya dövlət səfəriniz və Novruz bayramı ərəfəsində həmvətənlərimə nə arzu
etmək istərdiniz?
– Qazax və Azərbaycan xalqları bir çox sınaqlardan keçiblər. Bizim ortaq
köklərimiz, yaxın dillərimiz, oxşar mədəniyyətlərimiz var. Biz bu gün birgə
gələcəyimizi birlikdə qururuq. Tarixi uzaq əsrlərə gedib çıxan bu bayram
birliyin, sülhün, harmoniyanın, dövrlərin və nəsillərin qırılmaz əlaqəsinin
təcəssümüdür. Novruz bayramı ümumi irsimiz olmaqla Qazaxıstan və Azərbaycan
xalqlarının mənəvi yaxınlığının möhkəmlənməsində mühüm rol oynayır.
Novruz yeni gün, yenilənmə deməkdir.
Simvolik olaraq hazırkı dövrdə Qazaxıstanla Azərbaycan arasında və bütün türk
dünyasında yenilənmə, dirçəliş prosesləri gedir, biz əməkdaşlığımızın yeni
dövrünə qədəm qoymuşuq.
Qardaş Azərbaycan xalqına bu bayramda xoşbəxtlik və gələcəkdə çiçəklənmə
arzulayıram.
Novruz bayramınız mübarək!