Belçikada siyasi mühacir həyatı yaşayan keçmiş Kataloniya lideri Karles Puçdemon Avropa Parlamentinə deputat seçilib.
“RİA Novosti”nin məlumatına görə bunu Avropa Parlamentinə keçirilən seçkilərdə bülletenlərin 96 faizinin hesablanmasından sonra açıqlanan ilkin nəticələr göstərir.
Puçdemonla yanaşı daha iki kataloniyalı “separatçı” Avropa parlamentində mandat qazanıb. Söhbət Puçdemonun keçmiş müavini Oriol Junkeras və keçmiş jeneralitet üzvü Toni Komindən gedir. Birincisi İspaniyada həbsdədir, ikincisi isə Puçdemon kimi Belçikada siyasi mühacirət həyatı yaşayır.
Xatırladaq ki, Oriol Junkerasa 1 oktyabr 2017-ci ildə Kataloniyanın müstəqilliyi ilə bağlı qanunsuz referendum keçirməklə bağlı üsyanın təşkili ittihamı ilə cinayət işi açılıb. Prokurorluq ona 25 il həbs cəzasının verilməsini tələb edir.