Kaxaber Tsxadadze: “Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma
göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci
qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin
Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram”.
Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber
Tsxadadze Premyer Liqanın 30-cu turunun “Turan Tovuz”la görüşündən sonra
keçirilmiş mətbuat konfransında deyib. O, komandasının məğlubiyyətini şərh edib.
– Birinci Liqanın oyunlarını izləyirsiniz?
– Hələ ki yox.
– Mediada yazılanlara görə, Premyer Liqada komanda sayı artırılacaq və sonuncu
yeri tutan I Liqanı 3-cü yerdə bitirən komanda ilə qarşılaşacaq.“Qəbələ” I Liqa
təmsilçisini məğlub edə biləcək gücdədir?
– Bilmirəm. Dəqiq olan bir şey yoxdur. Dəqiq olsa, müzakirə edərik.
– Açıqlamalarınızda futbolçuları tənqid edirsiniz. Bu, onlarda ruh düşkünlüyü
yaratmır?
– Onlarda mənfi fikir yaranması ilə razı deyiləm. Həmişə onlarla müzakirələr
aparırıq. Hər şeyin insanın üzünə deyilməsinin tərəfdarıyam. Kimsə pis məşqçi
olduğumu desə, əsəbiləşəcəm, ona yaxşı məşqçi olduğumu sübut edəcəyəm.
Oyunçular da yaxşı olduqlarını sübut etməlidir. Xarakter göstərmək lazımdır.
Zəif adamlar tez ruhdan düşür. Onların hər birinə inanıram. Bu gün gənc
futbolçunu meydana buraxdıq. Sanki 20 ildir bu komandada oynayır. Özünü çox
yaxşı göstərdi.
– Penalti gözlədiyiniz epizodlar oldu. Həmin epizodlar haqda fikrimiz necədir?
– Hakimlər haqda danışmayacağam. Çünki, mənası yoxdur. Biz də penalti olduğunu
gözləyirdik.