Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Ağaevli və Fuad Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
ÇıxışYolu.Com xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
O, çıxışında hər iki şəxsin məhkəmə iclas zalında həbs olunmaqla, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses oktyabrın 31-dək təxirə salınıb.
Xatırladaq ki, zərərçəkmiş qismində Qabil Mehdiyevdir. Hər iki təqsirləndirilən şəxs ona qarşı 500 min manata yaxın dələduzluq etməkdə ittiham olunur.
Qeyd edək ki, “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnstitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini, sülh səfiri olmuş Ə.Ağaevli 2010-cu və 2015-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
O, 2013-cü ildə “Yeni İslahatçılar” Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyini irəli sürüb, lakin sonradan Mərkəzi Seçki Komissiyasında ərizəsini geri götürüb. Məlumata görə, Ə.Ağaevli Əli Hacı imzası ilə şeirlər yazan sufi şairdir.
Hər iki təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Etibar Məmmədov
www.ÇıxışYolu.Com