370abd20-02cd-4340-a5c0-3900102883c1..jpg

Keçmiş icra başçısının evinə basqın edən kriminal avtoritetlə bağlı QƏRAR

Baxış sayı: 850 dəfə baxılıb.

Keçmiş icra başçısının evinə basqın edən kriminal avtoritetlə bağlı QƏRAR

Ali Məhkəmədə quldurluqda təqsirləndirilən Firudin İsmayılov, Kənan
Müzəffərli, Kamran Abdulov və Dilbər Hacıyevanın barəsindəki hökmdən verilən
kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə
keçirilən prosesdə elan edilib ki, həmin şəxslər kassasiya şikayətini geri
götürüb.

Bu səbəbdən təqsirləndirilən şəxslər tərəfindən verilmiş kassasiya
şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, kriminal avtoritet “Seymur Naxçıvanski” kimi tanınan Firudin
İsmayılovun rəhbərlik etdiyi dəstə üzvləri 2021-ci ilin aprelin 26-da Naxçıvan
Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Vüqar Səfərovun Bakıda yerləşən
mənzilinə daxil olaraq quldurluq aktını həyata keçiriblər.

Bunun üçün əvvəlcədən Vüqar Səfərovun yaşadığı evlə bağlı “kəşfiyyat” aparılıb.

Həmin şəxslər iz itirmək üçün özlərində olan avtomobilin “PZ” seriya
hərflərinin “RZ” kimi oxunması üçün həmin seriya hərfinin üzərinə qara rəngli
yapışqanlı lent yapışdırıblar.

Dörd nəfər şübhə çəkməmək üçün aralarında belə razılığa gəlir ki, Dilbər bədən
və sifətini gizlətmək məqsədilə müsəlman qadınların hicab geyimini əldə edib
geyinsin.

Quldurluğa gedərkən Dilbərə hicab alınır və o, bu geyimi geyinir. Dilbər
keçmiş icra başçısının mənzilinin qapısını döyərək yalandan Ramazan ayı ilə
əlaqədar “Qurban payı” gətirdiyini bildirir.

Qapı açıldıqda isə Firudin İsmayılov və Kamran Abdulov evdəki qadına yumruqla
vururlar, onu azyaşlı qızına nəsə edəcəkləri ilə hədələyiblər.

İstintaq materiallarından aydın olur ki, həmin vaxt Vüqar Səfərov evdə yox,
Naxçıvanda imiş.

Quldurluq edənlər dəyəri min manat təşkil edən gümüş sırğanı, gümüş üzüyü,
gümüş qolbağını və 1 cüt qızıl sırğanı ələ keçirib mənzildən çıxırlar.

Onları avtomobillə həyətdə gözləyən Kənan Müzəffərlinin köməkliyi ilə hadisə
yerindən uzaqlaşıblar.

Məhkəmə ifadələrinə əsasən qeyd etmək olar ki, quldurluq edənlər pul
məsələsində yanılıblar. Belə ki, onlar Vüqar Səfərovun mənzilində 50 000 manat
olduğunu düşünsələr də, həmin məbləği tapa bilməyiblər.

Məhkəmənin hökmü ilə qrup üzvləri Cinayət Məcəlləsinin quldurluq maddəsinin
bir neçə bəndi ilə təqsirli bilinərək hərəsi 9 il müddətinə azadlıqdan məhrum
edilib.

Xatırladaq ki, Vüqar Səfərov 2001-2018-ci illərdə Naxçıvan Şəhər İcra
Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Qeyd edək ki, Bakıda kriminal avtoritet kimi tanınan Firudin İsmayılov
Azərbaycanda dəfələrlə məhkumluq həyatı yaşadıqdan sonra Türkiyənin İstanbul
şəhərinə köçüb. Törətdiyi əməlləri də orada davam edib. Orda da iki dəfə
məhkumluq həyatı yaşayıb. Bir müddət əvvəl o, Türkiyədən Bakıya qayıdıb.

Firudin İsmayılovun saxlanması istiqamətində aparılan əməliyyat axtarış
tədbirləri nəticəsində o, Azərbaycan sərhədindən Rusiyaya keçmək istəyərkən
tutularaq istintaqa təhvil verilib və barəsində Nizami Rayon Məhkəməsi
tərəfindən həbs qətimkan tədbiri seçilib.

Source link